Medianews.az
Dedilər, söysün, “Nune” söylədi
464 baxış

Dedilər, söysün, “Nune” söylədi

samir sari kose 1
Sizə bir peşə sirrimizi açmaq istəyirəm. Həm ona görə ki, xalq hər şeyi bilməlidir, həm də ona görə ki, bu məsələyə dair yazılması vacib olan məzəli bir situasiya yaranıb. Lətifə kimi bir şeydir.
Əzəl başdan deyim ki, düz deyirlər, jurnalistlər azacıq aşın duzu deyillər, ortalıq sakit olanda, qalmaqal, dava-dalaş, döyüşən, deyişən, söyüşən olmayanda darıxılar.
Hətta bu, sadəcə, darıxmaq məsələsi də deyil, dolanışıq məsələsidir. Sakit günlərdə tiraj azalır, İP düşür, oxucu gedib tamaşaçı olur və sair və ilaxır. Amma elə ki, camaatı maraqlandıran dava-dalaşdan yazırsan, xalqın qəzet oxuyanı qəzetdən, internetə qoşulanı internetdən oxuyur.
Bu üzdən sakitlik, əmin-amanlıq olanda jurnalistlər çalışırlar ki, həyat bir az maraqlı olsun, insanlar qəzetlərdən, saytlardan uzaq durmasınlar. Və jurnalistlər tanınmış adamların arasına davanı özləri salırlar.
Bunun hazır resepti var. Kimin hansı sözdən, hərəkətdən, şəxsdən xoşu gəlmirsə, danışdırırlar,  bir-birinə qarşı qoyurlar, tırkaya gedənlər dalaşır, jurnalistlər də hər dəfə yazının sonunda “qarşı tərəfin mövqeyini dinləməyə hazırıq” qeydi qoyaraq yeni-yeni açıqlamalar alırlar. İş məhkəməyə gəlib çıxanda jurnalistlər aradan çıxmağa çalışır, ya da üzərlərinə rəmzi məhkəmə funksiyası götürüb barışdırıcılıq edirlər. Beləcə, həyat maraqlı olur.
Hərçənd arada-bərədə müstəsna hallar da olur, nəzərdə tutulan münaqişəni düzgün təşkil etmək üçün hesablamalar aparılarkən konfliktə girəcək şəxslərin sonrakı davranışları sonadək və incəliklə nəzərə alınmır.
O cür müstəsna bir hal dünən öz redaksiyamızda olub. Redaktorlardan biri məşhur gitaraçı Rəmişin Moskvada olarkən ermənicə mahnı oxuması haqq-hesabında konflikt ocağı sezib və hesab edib ki, həmin ocağın üstünə çox yox, bircə parç benzin çiləsə, xalqımız üçün maraqlı söhbətlər alına bilər.
Bundan ötrü o, dərin düşüncələrə dalmayıb, üstündə daima bir parç benzin gəzdirən mütəxəssislərin adını anıb və şou-biznes müxbirimizə deyib ki, bir Əli Mirəliyevi danışdır, gör, Rəmişin ermənicə mahnı oxumasına nə deyir.
Redaktorumuz belə bir düşüncədə olub ki, Əli Mirəliyev İçərişəhər uşağı, əsl bakılı olduğu üçün patriotluq edəcək, yurd-yuvasından didərgin düşmüş qarabağlı Rəmişi qınayacaq. Sonra Rəmiş də ona “Əli niyə oxuyan olur, getsin dombalaq aşsın” (təxminən) kimi bir cavab verəcək, ortalığa maraqlı, oxunaqlı, müzakirəlik materiallar çıxacaq.
Ancaq atalar deyib ki, sən saydığını say, gör bilgisayar nə sayır. Müxbirimiz Əli Mirəliyevə zəng edib, məsələni izah edib, ondan bu dəhşətli hadisəyə münasibət bildirməyi xahiş edib. Ancaq Əli müəllim ermənicə mahnı oxuyan xalq artisti Rəmişi yıxıb-sürümək əvəzinə ona qahmar çıxıb deyib ki, nə var burda, mahnıdır də, oxuyub, lap yaxşı eləyib. Və sənətçimiz özü də ermənicə mahnı oxuyub, həm də düz iki dənə.
Bəlli olub ki, Mirəliyevin repertuarının ermənicə bölümü Rəmişinkindən daha zəngindir. Ta nə olacaq? Nəzərdə tutulan münaqişə alınmayıb. Amma başşqası alınıb. Əgər ixtilaf ocağı və əllərdə benzin dolu kanistrlər varsa, olmaz ki, yanacağı ocağa yaxınlaşdıranlar olmasın.
Hazırda xalqımızın vətənpərvər oğullarının bir hissəsi Rəmişi Əli Mirəliyevə qatıblar, onu da digər ermənicə mahnı oxuyanlara, hamısını söyür, biabır edirlər. Qəzetlərdə maraqlı söhbətlər gedir. Münaqişə başlanmışdır.
Əslində redaktorumuz nəzərə almalıydı ki, bu cür həssas məsələyə münasibəti özünü “bakines” millətindən sayan adamlardan aldırmasın. Çünki “bakines”lər bir qədər fərqlidirlər, tolerantdırlar, kosmopolitdirlər, liberaldırlar, pis çıxmasın, demokratdırlar. Onlar ermənilərlə iç-içə yaşayıblar, yaxşı dostluq, aşiq-məşuqluq münasibətləri olub. Düzdür, qarabağlılarla ermənilər arasında da kirvəlik institutu ciddiydi, gediş-gəliş vardı, amma məlum olduğu kimi, axırda o sevdanın zibili çıxdı və o üzdən qarabağlılar yandırılmış evlərinə, didərginliklərinə görə erməni mahnısı oxumağa pis baxırlar. (Təbii ki, Rəmiş kimi istisnalar da var).
Yəni elə məsələlər var ki, süni konflikt yaratmağa ehtiyac yoxdur... Sadəcə, adamları düzgün tapmaq lazımdır.

Bizə qoşulun