Medianews.az
Avtobanda geriyə maşın sürmək...
594 baxış

Avtobanda geriyə maşın sürmək...

images_dekabr_kose samir sari
Bu hadisəni mənə dünən danışdılar. İçkili sürücülərə qarşı aparılan reydə düşməyimdən yazı yazmışdım axı, o mövzuya uyğun olduğu üçün.
Vicdanlı yol polisi, intizamsız və günahsız sürücülərin başına gəlmiş bu hadisə uzaq Almaniyada baş verib.
Bizimkilər Almaniyadan işlənmiş maşın gətirirmişlər. Alacaqlarını alıblar, kefikök, damağı çağ şəkildə çıxıblar avtobana, tam sürətlə üz qoyublar vətənə sarı.
Onların durumunu necə göstərmək olar? Atalar bir az başqa cür deyib, biz bu cür improvizə edək: Avtoban görməyənin maşını görəndə xor-xoruldar. Qardaşlar şüşə kimi hamar, düppədüz, bütün xəbərdaredici, yasaqlayıcı nişanları yerində olan avtobanda xəritəyə baxa-baxa şütüməkdə imişlər. İcazə verilən maksimum sürətin son həddi ilə, bəlkə də onu aşmış şəkildə uçduqlarından bir də onda ayılırlar ki, bay, sola dönməliydilər, artıq gecdir, bu sürətlə dönsələr aşacaqlar, tormozlaya-tormozlaya qabağa gedir və avtomobili durdururlar. Türkün sözü, yapacaq bir şey yox, keçid 200 metr geridə qalıb. Eloğlular yenidən xəritəni açırlar, qabaqlarına qoyub incələyirlər, aydın olur ki, dönmək istədikləri yola çıxmaq üçün təxminən 2-3 kilometr irəli getməlidirlər, sonra qarşı yola çıxıb 5-6 kilometr geri qayıtmalıdırlar, yenidən həmin bu yola daxil olub gəlməlidirlər və gəlib hazırda dayandıqları yerin 200 metr gerisindən sola dönməlidirlər.
Azərbaycanlı ola, o da bir metrliyindəki qanunsuz dönmə yerini buraxaraq, 50 metr uzaqdakı qanuni dönmə yerindən dönə - əsla ola bilməz. Yüzdə doxsan halda qoşa xətt tapdanmalıdır, piyadalara təhlükə, qəza şəraiti yaradılmalıdır, amma icazə verilməyən dönmə əməliyyatı həyata keçirilməlidir. Bu, bizim sürücülərin stixiyasıdır. O qədər yayğın haldır ki, bir çox yerlərdə yol polisləri də artıq onların bu vərdişi ilə barışıb, hətta özləri işarə edirlər ki, burdan dönün, keçin, gedib o tərəfdə sıxlıq yaratmayın. Biz beləyik, maşın sürəndə də ərincəyik.
Beləcə, azərbaycanlı alverçi dostlar əsl azərbaycanlı sürücülər kimi hərəkət ediblər. Maşına oturublar və dönmə yerinə qədərki 200 metrlik məsafə fərqini maşını geriyə sürərək qapatmaq istəyiblər  və bir xeyli də buna nail olublar.
Ancaq bura Azərbaycan avtobanı deyil axı. Bizdə olsa, hamımız lap uzaqdan onların niyyətini bilərdik. Hətta bu ölkədə hər bir sürücü belə variantlara hazırdır, hamı geri sürənlərə yol verir, şərait yaradır. Tərs kimi, Almaniya avtobanında yola çıxmış alman sürücülər bu cür şərq incəliklərindən xəbərsiz imişlər, onların ağlına da gəlməzmiş ki, yüksək sürətli avtobanda maşını geriyə sürənlər ola bilər. Bu cür korafəhim alman sürücülərdən biri qarşısına çıxan gözlənilməz situasiyadan xilas olur, ikisi birtəhər öz maşınını toqquşmadan qaçırır, amma üçüncü alman sürəti yığışdıra bilmir və gəlib arxadan bizimkilərə nallayır.
Qazanc məqsədi ilə Almaniyadan alınmış, ili köhnə olsa da, özü saz vəziyyətdə olan avtomobilin arxası xurd-xəşil olur, xoşbəxtlikdən, ölən, yaralanan olmur. Bizimkilər də maşından düşürlər, şaşırmış alman da öz avtomobilindən enir, qarışıq bir dildə mübahisə başlayır və tezliklə hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəlir. Onlar əvvəlcə hadisə yerinə, əzilmiş maşınlara baxırlar, sonra alman dilində yaxşı danışan soydaşlarını dinləyirlər, axırda bizimkilərin ifadəsini almaq istəyirlər. Eloğlularımızın böyüyü sınıq-qırıq alman dilində, həyəcanlı şəkildə izahat vermək istəyəndə yol patrulunun böyüyü deyir ki, həyəcanlanmayın, bilirik, sizdə günah yoxdur, sizi vuran adam içkilidir, nəşəlidir, ya nədir, amma deyir ki, guya siz maşınınızı geri sürürmüşsünüz, indi onu dispanserə aparacağıq.
Beləcə, münaqişə bizimkilərin xeyrinə yekunlaşır. Arxadan vurulublar axı.
Əlbəttə, burada alman patrulu qınamaq mümkün deyil, adam öz dürüst alman məntiqi ilə düşünür ki, heç bir dəli avtobanda maşını geri sürməz. O nə bilsin ki, yeri gələndə biz qeyri-səlis məntiqi icad edən Lütfi Zadənin soydaşlarıyıq və hər gün xeyli qeyri-məntiqi, qeyri-səlis, qeyri-dürüst addımlar atırıq.
Bəlkə də buna görədir ki, əhalisinin sayı bizimkindən 10 dəfə, avtomobillərinin sayı da bir qədər çox olan Almaniyada il ərzində yol qəzasında ölənlərin sayı bizimkindən 10 dəfə azdır.

Bizə qoşulun