Dialoq, dialoq, yenə də dialoq... Razılaşma, razılaşma, yenə də razılaşma. Bunların alternativi yoxdur. Məişətdən tutmuş siyasətə, beynəlxalq münasibətlərə qədər, bütün münaqişələrin yeganə həll yolu budur – dialoq.
Qarşıdurmalar, qovğalar, qanlı-qadalı müharibələr yalnız və yalnız avantüristlərin işidir.
Onlar məsuliyyətsizdirlər, pis mənada maksimalistdirlər, güzəşt, kompromis nədir, bilməzlər. Ona görə də öz məqsədlərinə nəyin bahasına olursa-olsun çatmaq istəyir, qan-qadadan, ekstessdən, müharibələrdən çəkinmirlər, minlərlə insanı asanlıqla qırğına verirlər.
“Ərəb baharı” bütün dünyaya bir daha sübut etdi ki, bir ölkənin daxilindəki avtoritarizm, eləcə də həmin rejimi böyük qanlar, faciələr bahasına devirmək istəyən başqa bir eyni təbiətli güruh nə dərəcədə təhlükəlidir.
Əvvəlcə hər şey rahat gedirdi: hiddətlənmiş xalq kütlələri ayağa qalxır, bir-birinin ardınca 20-30 ilin müstəbidlərini devirir, despotlarla dolu dünyaya örnək göstərirdilər.
Ən maraqlısı o idi ki, üsyançıların, inqilabçıların dialoq təklifi müstəbidlər tərəfindən rədd edilirdi. Sonra val dəyişdi. Güc, ağırlıq inqilabçıların tərəfində cəmləşəndən sonra bu dəfə despotlar dialoq təşəbbüsü göstərdilər. İndi də qarşı tərəf dialoqu rədd etdi.
Şərqdə həmişə belədir: özünü bir az güclü sayanlar heç vaxt dialoqa getmirlər. Qırğına, qanlı münaqişəyə gedirlər, amma dialoqdan, razılaşmadan imtina edirlər.
Bu, iki höcət və həvəskar (peşəkarlar belə etməzlər) şahmatçının başladıqları partiyanı sona qədər oynamaq isteriyasına bənzəyir. Rəqibindən bir piyada üstün olduğunu görən şahmatçı heç-heçə təklifini qəbul etmir və sırayla fiqurların, piyadaların qurban verilməsi, bir-biriylə vurulması, taxtadan başa-baş götürülməsi prosesi gedir. Oyunun ortalarında bir piyadası üstün olan şahmatçının əlində axırda yalnız bir piyadası qalır və bu, qələbə qazanmağa kifayət etmir.
Dialoqdan imtina ərəb müstəbidləri və inqilabçıları arasında eyni durum yaşanır. Tərəflər hələ də bir-birini qırıb-çatmaqdadır. Artıq geriyə dönüş yoxdur. Onlar dialoq şansını qaçırıblar. Proses çoxsaylı qurbanlar veriləndən sonra nə vaxtsa hər kəsin razılaşacağı heç-heçəyə doğru gedir.
Heç kim heç nə əldə edə bilməyəcək, bu qədər qurbanlar veriləndən, dövlətlər, onların iqtisadiyyatı dağılandan, milyonlarla insan dilənçi gününə düşəndən sonra müharibəni davam etdirməməyə dair razılıq əldə olunacaq. Ancaq fantastik itkiləri heç kəs geri qaytara bilməyəcək.
Dialoqun antonimi monoloq-filan deyil, qırğındır, fəlakətdir, faciədir, səfalətdir.
Müdrik dövlət xadimləri, siyasətçilər hər zaman şiddətli qarşıdurmalardan imtina etməlidirlər, həmişə dialoq tərəfdarları olmalıdırlar.
Düzdür, dialoqla, sonu görünməyən polemika və söz-söhbətlərlə qısa zaman kəsiyində bir mətləbə varmaq, arzu olunan nəticəni əldə etmək mümkün deyil, amma bunun zor yoluyla nəinki qısa zamanda, heç uzun müddətdə də mümkün olması şansı yoxdur.
Dialoqdan imtina edənlərin qovğası hələ uzun illər gedəcək və həmin ölkələr səfalət içində qalmalı olacaqlar.
Şərq hakimiyyət davalarının bol olduğu coğrafiyadır. Biz də tipik Şərq ölkəsiyik. Bizdə də şəriksiz hakimiyyət, hüdudsuz səlahiyyətlər arzulayan, onu əldə etmək üçün mücadilə verən, məqsədinə çatdıqdan sonra nailiyyətini heç cür əldən vermək istəməyən siyasi qüvvələr var. Ölkədəki siyasi münasibətlər sistemi radikallıq, barışmazlıq üstündə köklənib.
Hakimiyyət qisasçıdır, rəqiblərini daima yumruq altında saxlamaqda, təqib etməkdə israrlıdır. Müxalifət düşərgəsində də qisasçılıq eşqi alışıb-yanan, hakimiyyətə yiyələnəcəyi təqdirdə ölkədə fərqli siyasi münasibətlər bərqərar etməyəcək qüvvələr var.
Belə bir durumda son dialoq təşəbbüsləri buz kəsən şaxtalı otaqda yandırılmış şam qədər təsirə malik olsa da, hər halda ümidvericidir. Demək, dialoqun alternativsizliyini anlayanlar, dövlətin razılaşmalar əsasında idarə edilməsini vacib sayanlar var.
Arzu edək ki, dialoq təşəbbüsləri göstərmə səciyyəsi daşımasın, altında səmimi niyyət, real iş olsun.
Yaxın Şərqdəki “gözü çıxan qardaş”ların aqibəti hər kəsə ibrət dərsi olmalıdır.