Medianews.az
26 il öncə 26 yaşlı gənc...
417 baxış

26 il öncə 26 yaşlı gənc...

xalid kazimli kose 1
5 dekabr da unudulmuş günlər silsiləsindəndir. Müasir gənclərin böyük əksəriyyəti, daha yetkin insanların da yarıdan çoxu dekabrın 5-nin nəylə əlamətdar olduğunu bəlkə də bilmirlər.
5 dekabr günü 26 il öncə əlamətdar olmuşdu. Bu, xalqımızın tarix boyunca ərsəyə gətirdiyi ən böyük kütləvi hərəkatın - Meydan hərəkatının süqutu günüdür.
Həmin gün qırmızı imperiyanın hərb maşını hərəkətə gələrək xalq hərəkatını boğmuş, insan tələfatına yol verməsə də, həbslər aparmış, Meydan hərəkatının qəhrəmanı Nemət Pənahlı başda olmaqla bir çox hərəkat fəallarını həbs etmişdi.
Noyabrın 17-dən başlayan milli dirçəliş hərəkatı dekabrın 5-də sona çatmışdı, daha dəqiqi, yeni, yarıleqal mərhələyə, sıfırdan təşkilatlanma dövrünə keçmişdi.
17 noyabr-5 dekabr arasında bu ölkədə çox işlər olmuşdu: insanların gözü açılmışdı, kommunizm ideyasının iflasa uğradığı ortaya çıxmışdı, azərbaycanlılar ayrıca bir millət olduqlarını anlamışdılar, el gücünün doğrudan da sel gücü olduğu sübut olunmuşdu, hər kəs ölkənin, Qarabağın taleyinə görə əndişələnmişdi və sair və ilaxır.
Taleyin qəribə istehzasıdır: 26 il öncə bu gün həbs olunaraq dörd divar arasına salınan Meydan qəhrəmanı Nemət Pənahlı hələ də dörd divar arasındadır. O zaman onun 26 yaşı vardı, indi 52 yaşı var.
Görəsən, 26 il öncə o, yüz minlərlə insan qarşısında çıxış edərkən, bütün ölkənin sevimlisinə çevrilmişkən, milyonlarla insanı coşdurarkən, özünün 26 il sonrakı taleyini düşünürdümü? Çətin.
Bir türk serialından tanış olan və milyonlarla insanın bildiyi zərbül-məsələ çevrilən ifadə ilə desək, sonunu düşünsəydi, o, bəlkə də Meydan qəhrəmanı olmazdı. Bəlkə də olardı. Bu cür insanlar nəinki sonlarını, heç bir gün sonralarını da düşünmürlər.
Vaxt olub, çoxları onun, fəhlə Nemətin meydana revanşist qüvvələr tərəfindən, sırf respublikanın o zamankı rəhbəri Əbdürrəhman Vəzirova qarşı çıxış etməsi üçün öyrədilərək göndərildiyini düşünüblər, əminliklə iddia ediblər, sübut olaraq çoxlu dəlillər göstəriblər.
Aradan keçən 26 ildə baş verənlər, bu şəxsin başına gələn macəralar  və son aqibəti göstərir ki, o vaxt Nemət Pənahlı meydana öz iradəsi, öz yanğısı ilə gəlibmiş. Ancaq artıq şöhrət və nüfuz qazanmış, liderə çevrilmiş bu çılğın gəncdən sonralar kim hansı məqsədlə yararlanmağa çalışdı, bu, başqa söhbətdir.
Əsas odur ki, 26 il öncə qolu burularaq həbsə alınan Nemət necə dilinin, danışdığı sözlərin bəlasına düşüb həbs olunmuşdusa, bu gün də təxminən həmin xasiyyəti üzündən həbsdədir. O vaxt o, sovet imperiyasına qarşı kükrədiyi üçün tutulmuşdu, bu gün mövcud rejimə asi çıxdığı üçün tutulub.
Fəqət o zamankı durumla indikinin arasında böyük fərq var. 1988-ci ildə yüzminlərlə insan 26 yaşlı Meydan qəhrəmanının həyatına görə narahat idisə, üstündən 26 il keçəndən sonra eyni adama görə narahat olanların sayı bəlkə də 26-ya çatmır.
Halbuki o da, onun hərəkat yoldaşları da, həmin günlərdə baş meydanın tribunasında dayanıb xalqa çılpaq həqiqətləri cəsarətlə söyləyən digərləri də indi əfsanəyə çevrilməli, “müqəddəslər” sayılmalı idilər.
Ona görə ki, onlar - hərəkat liderləri sonlarını, on gün sonralarını düşünməmişdilər, qanlarını qaşığa qoymuşdular, dünyanın ən amansız rejiminin, Lenin-Stalin dövlətinin əsaslarına qarşı çıxmışdılar və bunun cəzası liderlər üçün güllələnmə, orta ranqlı fəalları üçün uzunmüddətli həbs, aşağılar üçün sürgün idi.
O adamlar özlərini güllə qabağına vermişdilər, özləri özlərini könüllü qurban seçmişdilər.
26 ildən sonra rahat bir yerdə oturub olub-bitənləri təhlil etmək, dolğun rəyə gəlmək asandır, o vaxtlar isə heç kəs nə olacağını bilmirdi.
Aradan 26 il keçib, çox şey dəyişib, amma elə şeylər var ki, zərrə də dəyişməyib:
Qarabağ yenə ermənidədir, Topxana meşəsində yenə ağac kəsib yandırırlar; hakimiyyət yenə kommunist və komsomolçulardadır; Nemət Pənahlı yenə həbsdədir; hərəkat liderləri yenə gələcək mübarizəyə hazırlaşırlar...

Bizə qoşulun