Medianews.az
Dəlixana - Samir Sarının yazısı
484 baxış

Dəlixana - Samir Sarının yazısı

images_dekabr_kose samir sari
Bu şəhərə ilk dəfə kim “dəlixana” deyib, bilmirəm. Amma bu güman ki, sovet dövründə olub. O zamanlar da camaatın başı bəzən kütləvi şəkildə xarab olurdu. Məsələn, şəhərə yeni hind (və ya türk) filmləri gələndə və məlum olanda ki, bu ilk nümayişdir, o dövrün gəncləri cumurdu kinoteatrların kassalarına. Növbə, qışqır-bağır, itələşmə, növbənin pozulması üstündə mübahisələr, kinoteatr işçilərinin öz yaxınlarına növbəsiz bilet təşkil etmələri, ayaq tapdamalar, qadınları irəli buraxmaq, ya da onlara bilet almaq centlmenliyi, buna görə davaya düşmək halları və s. və i.a. Belə olanda mütləq kimsə deyirdi ki, dəlixanadır ey köpəyoğlunun xarabası...
Ancaq sonradan o qədər bu və bundan yüz qat betər hadisələr baş verdi ki, indi əyləncə əldə etmək üçün növbəyə durmaq, basabasa düşmək adama şirin nağıl kimi gəlir, hətta adamda xəfif nostalji də oyadır. İstəyirsən ki, keşkə növbələr, basabas, vur-çatlasın təkcə konsert zallarında, kinoteatr salonlarında düşəydi, əvəzində küçələr boş, yollar açıq, bazarlar seyrək olaydı və şəhər dəlixanaya dönməyəydi.
Bir neçə gün öncə iki saatın içində azı yeddi dəfə şəhərin “dəlixana” adlandırıldığının şahidi oldum. Hətta bir dəfə də özüm bərkdən və acıqlı-acıqlı dedim.
Demək, ənənəvi tıxaclardan biridir, maşınlar yeddi sıra dayanıb, irəliyə doğru bir qarış tərpəniş olanda Uca Yaradanın ünvanına şükür sədaları xor kapellası kimi səslənir. Amma o bir qarış tərpəniş bəs edir, hamı durur, əvvəlcə sükut çökür, sonra kütləvi siqnallama sədası yayılır, sonra yenə sakitlik əmələ gəlir və qapılar sürücülər, öndə oturan sərnişinlər tərəfindən açılır. Onlar maşından çıxır, ayaqaltına dirənib pəncələri üstünə qalxır, irəli boylanır, nə görür, nə görmürlərsə, asfalta düşür, günahkarmış kimi maşının qapısını çırpır və bərkdən deyirlər: “Dəlixanadır ey.... xaraba”. İrəliyə doğru bir metrlik tərpənişdən sonra epizod yenidən təkrarlanır. Yol tapacaqmış kimi maşını bir-birinin qabağına verənlərə kənardan baxanlar da eyni sözü, intəhası, bir az yavaşdan təkrarlayırlar. Bərkdən desələr, həmin küçənin dəlixanaya dönməsi qaçılmaz olacaqdı. Hamı hirslidir axı, hərənin də oturacağının altında mütləq ucu itilənmiş vintaçanı var və bir-birilə sözü çəpləşənlər dərhal vintaçana əl atırlar.
Həmin gün mən özüm iki əliyalın sürücünü bir-birindən ayırdım. Dalaşmaq istəyirdilər, biri sükanın arxasından düşməmişdi, o biri artıq onun qulağının dibindən qoya biləcək qədər yaxın məsafədə və uyğun niyyətdə idi. Baxdım ki, əlləri yalındır, vintaçanları yoxdur, düşdüm, dedim, ayıbdır, ziyalı adamlarsız, sizə yaraşarmı küçənin ortasında dalaşırsız. Düzü, onların hansısa birinin əlində vintaçan və ya nəsə bir kəsici-deşici alət olsaydı, araya girməyəcəkdim. Nəyimə lazımdır, durduğum yerdə bədənin hansısa nahiyəsinin kəsilmiş-deşilimiş yaraları diaqnozu ilə klinikaya aparılım. Üstəlik, davada yaralanacaq şəxslərin təcili şəkildə xəstəxanaya aparılması mümkün olmayacaqdı və vintaçan zərbəsini alan şəxs elə tıxacda qan itirmədən öləcəkdi. Mən dalaşanlara qısa şəkildə dedim ki, özünüzə həkim və hakimlə bağlı problem yaratmayın, məni də hal şahidi yapmayın, oturun maşınınıza, tıxacın açılmasını gözləyin. Xöşbəxtlikdən, onlar islah adam çıxdılar, daha dalaşmadılar, eləcə biri öz maşınına gedə-gedə, o birisi isə sükanın arxasında oturulu vəziyyətdə Bakı şəhərinin dəlixana olduğu barədə rəy bildirdilər.
Mən yerimdə oturanda sol tərəfimdəki maşından səs gəldi: “Vallah, gəlirəm. Həzrət Abbas haqqı, yoldayam. Bu Aşura nəslimə qənim olsun ki, tıxacdayam, evə gəlirəm”.
Bu hər kim idisə, qısqanc arvadı tərəfindən təqib edilən 35-40 yaşlı biriydi. Keçmişdə nə zibil işi olubsa, indi evə gecikməyinə görə harada olduğu, nə qoz yediyi kontroldaydı. Adam izahat verirdi: “Bax, bu saat 20 Yanvardayam. Maşın siqnallarını eşitmirsən?”
Bu yerdə ona dəstək olmaq, sözünə qüvvət vermək üçün mən də siqnal verdim. Anlayışıma görə qardaş mənə başıyla təşəkkür etdi və telefonu qapadandan sonra mənə tərəf dönüb günahkarcasına gülümsədi: “Dəlixanadır ey”.
Elə bu yerdə mənə də zəng gəldi və soruşdular ki, hardasan. Mən söhbəti çox uzatmadım, siqnal verə-verə qısaca dedim: “Dəlixanada”. O başda anladılar...

Bizə qoşulun