Medianews.az
“Yağmur yağar, islanarsan, vay aman”
436 baxış

“Yağmur yağar, islanarsan, vay aman”

samir sari kose 1Yaxşı ki, yağışlar dayandı, sular çəkildi, yollar qurudu. Yoxsa biz çox pəjmürdə halda qalacaqdıq, ara yerdə qulağımız da dəng olacaqdı. İlk dəfə “Bakıya yağış yaraşmır” deyən kişinin atasına rəhmət, yerində deyib, obyektiv, qərəzsiz, vicdanlı deyib.
Hərçənd Bakıya nəinki yağış, heç digər atmosfer çöküntüləri (qar, dolu, hətta qırov) də yaraşmır. Dərhal şəhərin yaraşığı pozulur.
Özünüz fikirləşin, yağış yağmasaydı, yollar, küçələr gölməçəyə dönməsəydi, qəzetimizə, saytımıza Binəqədidən şikayət gələrdimi? Gəlməzdi. Bizim reportyorlar da basa-basa gedib zığ-zımırttaq, lığ-lehmə dolu küçələrdən reportaj hazırlayardılarmı? Hazırlamazdılar.
Amma iş belə oldu: yağış bərk yağdı, problemlər üzə çıxdı, xalq etiraza qalxdı, qəzetçilər yazdı. İndi bilmirəm o yolları düzəldiblər, ya yox, amma fakt budur ki, biz “zəhmətkeş məktubları”nın və qınayıcı elektron mesajların yağışı altına düşmüşük. Qınaq dolu kimi gəlir.
Niyə? Ona görə ki, Binəqədidə gedən tikinti-quruculuq, abadlıq işlərini görmürük, əvəzində belə-belə neqativ yazılar yazırıq. Dünən reportyorumuzu qınayan şərhyazanlardan birinə yazmışam ki, xanım, bəs o gölməçə, palçıq dolu küçələrdən çəkilən iki yüz kilo şəkli neyləyək.
Yəni prinsipcə, o şəkilləri saytda, qəzetdə verib, altına aşağıdakı kimi şəkilaltılar yazmaq mümkündür: “Binəqədidə küçələr abadlaşdırılır”; “Rayonda ”Təmiz Binəqədi" layihəsi vüsət alır"; “İcra Hakimiyyəti tikinti-quruculuq və abadlıq işlərini davam etdirir”.
Bəli, diskinə qədər gölməçəyə girmiş avtobusu, digər maşınları nümayiş etdirən, şalvarının balağını əlinə yığıb sünnətli uşaq kimi yeriyə-yeriyə yolu keçməyə çalışan kişiləri göstərən şəkilləri dərc edərək, altına bu cür tərifli sözlər yazmaq olar. Amma oxucu adama nə deyər? Zatən, hər gün hansısa başlıq üstündə danlanırıq. Yazırlar ki, bu nə başlıqdır vermisiz, başqa başlıq tapa bilmirdinizmi...
İndinin oxucusu çox həssasdır, oxumaq istədiyi yazını özü yazıb göndərir, görmək istədiyi fotonu özü çəkib yollayır. Hünərin var, onun yazısını, fotosunu təhrif et. Şərh yazıb biabır eləyər səni, sosial şəbəkələrdə hoydu-hoyduya götürtdürər, ən azı belinə “iqtidara işləyən satqınlar” damğası vurar, heç baxmaz da ki, yeni damğa vurmağa yer yoxdur.
Ona görə də yağışların səngiməsi Binəqədinin və digər selbasar rayonların İH aparatlarından çox bizə sərf elədi.
Hələ o gün yağışın başqa bir fəsadını gördük - birbaşa iş otağımızda. Reportaja göndərdiyimiz, adının çəkilməsini istəməyən, ancaq türkdilli xalqlardan birinin oğlu olduğu imzasından bəlli olan əməkdaşımız lehmənin içində, gileylənə-gileylənə girdi içəri. Məlum oldu ki, yolun qırağıyla gedərkən bir avtomobil küçədəki palçıqlı suyu onun üstünə sıçradıb və onun çığırtısına baxmayaraq ötüb gedib. Bununla belə, həmin avtomobil uzağa gedə bilməyib, Murad Köhnəqalanın sözü olmasın, üçişıqda dayanıb və əməkdaşımız özünü ona yetirib, şüşəsini döyüb ki, niyə belə sürdün, niyə üstümü batırdın. Heç demə, vətəndaşın üst-başını becərən sürücü gənc bir xanım imiş.
Xarici film olsaydı, bu yerdə əməkdaşımızla həmin gənc xanım arasında elektriklənmə baş verər, duyğusal münasibətlər yaranardı. Amma əməkdaşımız çox hirsli olub, xanım da deyib ki, nə var burda, bir az üstün batıb, quruyacaq, çırpacaqsan, gedəcək. Və o öz xətakar avtomobilini sürərək uzaqlaşıb.
Biz əməkdaşımıza dəstək verdik, dedik, bəy, yaxşı qurtarmısan, birdən qızın yanında qardaşı, atası, sevgilisi olaydı, canını hara qoyardın. Vallahi, dedik, düşərdi həmin kişi aşağı, müşayiət etdiyi xanımın pəncərəsini döydüyünə görə səni şillələyib salardı lehmənin içinə, iki metr o tərəfə, iki metr də bu tərəfə sürüyərdi, bir santim palçıqsız yerin qalmazdı.
Bu variant əməkdaşımızın ağlına batdı. Növbəti yağışlarda o, yolda üstünə palçıqlı su sıçradan avtomobilin salonuna baxaraq, operativ şəraiti dəyərləndirəndən sonra hirslənəcək.
P.S. Hazırda müəllif müğənni Ahmet Kayanın “Yağmur yağar, islanarsan, vay aman” adlı şarkısını elektron poçtla Binəqədi rayon İH aparatına göndərməyi düşünür.

Bizə qoşulun