Jurnalist həmkarım Ceyhun Musaoğlunu çoxdan tanıyıram - 15 il qabaqdan. O zaman mən “Reytinq” qəzetinin baş redaktoru idim, o da hansısa qəzetdən müsahibəyə gəlmişdi. İmzama hörmətini izhar edə-edə bir xeyli dirəşdi (o zamanlar qəzetçilər müsahibəni mübahisə janrında qururdular və yaxşı alınırdı). Çox emosional idi, amma xoşuma gəldi. Ondan sonra da harda rastlaşırdıq, mehribanlıqla görüşürdük.
Sonralar çox rastlaşdıq, yollarımız gah kəsişdi, gah ayrıldı, arada siyasi mübahisələrimiz, hadisələrə, proseslərə tam ziddiyyətli baxışlarımız da oldu. Amma Ceyhundan heç vaxt nə şəxsimə, nə çalışdığım media orqanına sayğısızlıq görmədim. Daima sayğılı oldu, böyük-kiçik yeri bildi, ədalətli olmağa çalışdı.
Ancaq Ceyhunun elə bir xasiyyəti var ki, bu, ona həm problem yaradır, həm də üstünlük qazandırır. O, mübahisə sevəndir və apardığı mübahisədə mütləq emosional olur, səsini qaldırır.
Yaxşı ki, işlədiyi kollektivlərdə onun bu xasiyyətinin üstündən keçirlər, ürəyinin saflığını, niyyətinin təmizliyini nəzərə alırlar. Yoxsa onun kimi adamları dışlamaq, qapı dalında qoymaq bu ölkədə su içimi asanlığındadır.
Ceyhunun emosionallığı, höcətliyi haqqında yazı yazmağım əbəs yerə deyil. O, bu xasiyyətini Ukraynada da göstərdi.
Oktyabrın 23-ü idi, Kiyevin mərkəzindəki Olimpiya stadionunda “Dnepr” və “Qarabağ” komandaları arasında keçiriləcək oyuna baxmağa gedirdik və yürüş təşkil etmişdil. (Yeri gəlmişkən, səfərimizi “Azərçay” firması və “Akkord” şirkəti maliyyələşdirmişdi). Böyük bayraq götürmüşdük. 14 jurnalist üç rəngli milli bayrağımızı daşıyır, şüarlar qışqırırdıq. Şəkil çəkdirəndə çalışırdıq ki, bayrağın rəngləri, ay-ulduzu tərsinə durmasın, çünki təkcə buna görə ura-patriotların bu saf təşəbbüsümüzü bir qələmlə rəzil edəcəyini bilirdik. Stadiona yaxınlaşanda uca səslə və xorla dövlət himnimizi də oxuduq. Ceyhunun səsi hamıdan bərk gəlirdi. Yol kənarında dayanan polislər, eləcə də at belində əmrə müntəzir oturmuş süvari asayiş keşikçiləri bizə maraqla baxırdılar, hər hansı bir qımıldanma yox idi. Hərçənd onlar yaxınlaşıb “sizin yürüş keçirmək, şüar qışqırmaq, oxumaq, Kiyev xalqının asayişini pozmaq hüququnuz yoxdur” deyə bilərdilər.
Bununla belə, məlum oldu ki, stadionun girişində asayiş və təhlükəsizliyə nəzarət edən orqan işçiləri heç də mələk deyillər. Onlar bizim artıq səliqəylə qatlayıb bükdüyümüz milli bayrağa ilişdilər, onun siyasi səciyyə daşıdığına və miqyasına vurğu edərək tribunaya buraxılmayacağını bildirdilər. Baş rolda Kliçkoya bənzəyən bir polkovnik idi, sakit sifətlə deyirdi, olmaz. Qrupun rəhbəri Nicat Hüseyn Dağlar və rus dilində ana dilindən də rəvan, gözəl danışan Cavid Osmanov nə billah elədilərsə, polkovniki bayrağımızı stadiona buraxmasına razı sala bilmədilər. Mübahisə qızışdı və Ceyhun ortaya yeridi. O özündən az qala yarım metr hündür olan polkovnikin çənəsinin altına yeriyərək emosional şəkildə, həm də Azərbaycan dilində hayqırmağa başladı. Polkovnik təmkinini qoruyurdu. Ceyhun isə artıq nə Nicata, nə Cavidə, nə də başqa heç kəsə imkan vermirdi, “zakonu göstər, davay, pokaji zakon, harda yazılıb ki, stadiona milli bayraq aparmaq olmaz, zaçem nelzya, davay, zakon pokaji” deyirdi. Polkovnik və onun ətrafındakılar təmkinli idilər, soyuqqanlılıqlarını qoruyurdular, eləcə “nelzya” deyirdilər və bayrağın saxlama kamerasına təhvil veriləcəyini, oyundan sonra qaytarılacağını bildirirdilər.
Ceyhun Musaoğlu isə əl çəkmirdi. Hamımız mübahisədən bezmişdik, bu durumun missiyamızın əsas məqsədinə mane olacağını, bizim ümumiyyətlə stadiona buraxılmayacağımızı düşünürdük (İnanın ki, Azərbaycanda olsa, elə də olardı). Ancaq Ceyhun dirəşmişdi. Axırda o üzünü polkovnikə tutdu: “Eta Rassiya? Tı Putin? Skaji, niyə olmaz? Mı v Rassiyi, çto li?”
Bu söz polkovniki necə tutdusa, o, bayrağın Ceyhuna verilməsinə dair tapşırıq verdi. Görünür, polkovnik aqressor Rusiya və onun irticaçı lideri ilə bir cərgəyə qoyulmasını istəmədi.
Ceyhun isə bayrağı bağrına basaraq, hirsli-hirsli tribunada oturacağı yerə getdi.
Həmin gün biz Ceyhunun emosionallığı hesabına stadionun girəcəyində, Qurbanın soyuqqanlılığına görə isə meydançada qalib gəldik.
Eşq olsun emosional və təmkinli qardaşlara!
