Medianews.az
Damın şərəfinə
417 baxış

Damın şərəfinə

zamin yeni razBakıda külək 225 saylı məktəbin damını götürüb aparıbdır. Hara aparıb, bu haqda məndə məlumat yoxdur. Dam uçarkən məktəbin direktoru onun üzərində gəzişirmiş, çünki növbəti dərs Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri olduğundan direktor ərazidə təcrübə toplayırmış ki, bunu müəllimlərə danışsın, müəllimlər balacalara danışsın, balacalar valideynlərinə danışsın, valideynlər sahə müvəkkili Həsən müəllimə nəql eləsinlər və beləliklə respublikamızda dinc quruculuq işlər şiddətlə davam etsin.
Küləyin apardığı damı havada görən təhsil naziri Mikayıl müəllimin ürəyi dözməyib, bu da əl atıb aşağıdan, tutub şiferin bir qırağından, birlikdə uçubdurlar.
Müxbirimizin hadisə yerindən verdiyi məlumata görə Mikayıl müəllim havada uçan damı görərkən elə zənn edibmiş ki, bu, “Türk Hava Yolları” şirkətinin İstanbuldan Barselonaya uçan hava gəmisidir. Bizim dərs kitablarında belə yanlışlıqlar doludur, dostumuz Əlövsət Osmanlı vaxtilə çox yazardı. İnsafən, bir çox məktəblərimizin damı uçarkən ona aşağıdan, köstəbək baxışı nöqtəsindən diqqət edəndə bunun uçan xalça, yapon robotu, marsiançiklərin gəmisi, nazirin “Prado”su və sairəyə oxşatmaq mümkündür. Damdan başqa hər şeyə oxşayır.
İndi nazirsiz qaldığımız bu ağır günlərdə 225 saylı məktəbdə dərslər dayanmışdır. Damı uçan məktəbdə dərs keçən müəllimin ağlı yoxdur. Birdən yağış onun donunu islatsa? Uşaqların dəftəri yaş olsa? Sonra bu dəftəri belinə, qarnına soxan uşaqlar sudan gələn eşşək balası kimi qrip olarlar. Dəftərin üz qabığındakı vurma cədvəli və Çin dağlarının mənzərələri uşağın belinə tatuirovka şəklində yapışar. Düz eləyib dərsi dayandırıblar. Bu qərarı verənlərə eşq olsun.
Ümumiyyətlə, 225 saylı məktəbin başı bəlalıdır. Şair demişkən, “Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin!” Bu məktəb cəmi 2 il qabaq əsaslı təmir olunmuşdu, hətta cənab prezident şəxsən gəlib təmir-tikinti işlərinə baş çəkmişdi, AzTV İbrahim demişkən, elə götürək Yaponiyanı... Üzr istəyirəm, bu ayrı mövzu idi, prezident müvafiq tapşırıq və göstərişlərini vermişdi. Bəs indi bunun damı niyə uçur? Niyə uçursan sən, ay dam? Altında var o qədər adam!
Əlbəttə, İndoneziyada vaxtaşırı sunami olur, heç kim təbii fəlakətlərdən sığortalanmayıbdır. Bu damı yazaq küləyin boynuna, küləyi tutaq salaq Kürdəxanıya, yay gələndə əfv fərmanı ilə buraxılar, baş əyib əsər. Ancaq qəribə işlər var ki, bunları heç bir təbii fəlakətlə izah etmək mümkün olmur. Bəlkə-bəlkə fövqəltəbii fəlakət demək olar.
Misal üçün, bizdə yoxsulların sayı ildən-ilə azalır, son məlumata görə 5 faizdən az yoxsul qalıbdır. Hamısı acından qırılmayıb, pis şeylər fikirləşməyin, sadəcə, uğurlu regional-qlobal-planetar siyasət sayəsində kasıblarımız dönüb olublar varlı. Eyni zamanda, bir də görürsən Əmək və Əhalinin Sosial Müharibəsi Nazirliyi (kimsə insaf eləsin bu nazirliyin adını qısaltsın, oxuyub bitirənə kimi neçə əhali kor olub) ünvanlı sosial yardım alanların sayını açıqlayır, hələ deyir filan qədər artım olubdur, qabaq, misal üçün, 100 nəfərə çörəkpulu verirdik, indi 300 nəfərə veririk. Qalırsan məəttəl. Yoxsullar azalıbsa, yardım alanlar niyə artır, bəlkə əlim qurusun: nazirlik pulu varlılara verir, basıb büdcəni yeyirlər?
Söz düşmüşkən, bu yardım alan yetimlərin düz 52 min nəfəri birbaşa prezident təqaüdçüsüdür. Təsəvvür edin, tək prezident öz fondundan bu qədər yetimi saxlayır, qalan nazirlərin hərəsi nə qədərini saxlayır, ölkədə hamı bir-birinə dayaq olur, ölkəmiz kommunizm quruculuğuna doğru inamla addımlayır!
Yazının axırında 225 saylı məktəbin damına salamlarımı yetirirəm. İmkan varsa uç get isti ölkələrə.

Bizə qoşulun