Dövlət başçısı rəsmi səfərlə Tacikistana gedib. Məncə, bu səfər dövlətçilik gəmimizin yeni kursuna tam uyğundur. Həştərxan - Rusiya, sonra Belarusun paytaxtı Minsk, ardıyca Düşənbəyə yollanması bütün siyasi-iqtisadi, o cümlədən geopolitik-sosial qanunları doğruldur. Həştərxan-Minsk-Düşənbə vektorunun növbəti dayanacaq məntəqəsi əlbəttə, Astana-Daşkənd-Aşqabaq kimi yerlər olacaqdır. Neftin qiyməti düşdükcə, qayıq üstündə dava-qırğın başlayanda hələ çox maraqlı işlər olacaqdır.
Yeri gəlmişkən, bu Düşənbə səfəri prezidentin bu il ərzində, yanılmıramsa cəmi ikinci rəsmi səfəridir. Bundan qabaq iyul ayında İtaliyaya getmişdi. Bir də arada, deyəsən, Yunanıstana dövlət səfəri olmuşdu, bunlar məlum məsələdir ki, bizim neftin alıcıları olan ölkələrdir, səfərin başqa marağı yoxdur.
Qayıdaq Tacikistana, görək bura gedib-gəlmək bizə nə verəcəkdir.
Avtoritar, geridəqalmış bir dövlət olan Tacikistanı İmoməli Rəhman adlı kommunist 20 ildən çoxdur fırladır. Ölkə dünyanın insan yaşayışı reytinqlərində həmişə axırıncı sıralarda durur. Amma Tacikistanın dünyada birinci yeri tutduğu azı iki zad vardır. İnsafən, bunları qeyd etməliyik.
Bunlardan biri bayraq dirəyi ilə bağlıdır. Təəssüflə göstərməliyik ki, bu dirək məsələsində Tacikistan vaxtilə bizim analoqu olmayan respublikamıza çox pis badalaq vurmuşdur. Biz dünyanın ən uzun bayraq sapını qayırıb elə təzəcə sevinir, bulvarda dombalaq aşırdıq ki, Düşənbədən pis xəbər gəldi: taciklər də bayraq dirəyi qayırıblar və onlarınkı bizimkindən, türkün məsəli, 3 metr uzundur! Çox ağrıtdı. Respublikamız hələ özünə gələ bilmir. Yüz milyonlarla dollar tök, sapı uzadıb Ginnesin rekordlar kitabına gir, ancaq bu kitabda qalmağın heç 5 ay çəkməsin... Biz gərək bunu taciklərə bağışlamazdıq. Hətta lazım idi səfir Məhərrəm Əliyevi geri çağıraq, amma qıymadıq. Çünki qorxduq Məhərrəm müəllimi geri çağırsaq gedər təzədən oturar Bakı Şəhər Polis İdarəsində, deyər ümumiyyətlə Düşənbəyə getmirəm, kimə lazımdır özü getsin. İnsafən, ən uzun bayraq sapı olan dövlətlərdə səfir işləmək ağırdır. Hətta Amerikanın bizdəki səfirləri də vaxtaşırı narahat olurdular.
İkincisi isə Tacikistanın Ümumi Daxili Məhsulu (ÜDM) ilə bağlıdır. Tacikistan öz ÜDM-nin yarısını - 49 faizini başqa dövlətdən alır və bu biabırçı göstəriciyə görə dünyada 1-ci yeri tutur. Bir az da açıqlasam, dövlətin ÜDM-nin tam yarısını Rusiyada işləyən miqrantlar göndərir. Özü də yazıq taciklər ümumən savadsız olduqları üçün Rusiyada qara işlərdə - küçə süpürmək, tikintidə fəhləlik kimi işlərdə çalışırlar.
Bu mənada, biz taciklərdən qastarbayter sənətinin sirlərini öyrənib özümüzdə tətbiq edə bilərik, Moskvada hansı küçədə zibil az olur, kim suvağın kvadratına yaxşı pul verir tipli informasiyaların qarşılıqlı mübadiləsini apararıq. Bilik paylaşdıqca çoxalır, paxıllıq nəyə gərək? Neft gəlirləri azaldıqca ayrı yolumuz qalmayacaq.
Həmçinin bizi Putinin qayırmağa çalışdığı təzə SSRİ kuklası gözləyir, bu baxımdan da üzümüzü artıq Şərqə, Şimala, Şimal-Şərqə tutmalıyıq. Qərb cəhənnəm olsun, şeyx həzrətlərinin və Şamaxı rəsədxanasındakı münəccimbaşının söylədiyinə görə Qərb Əqrəb bürcü altındadır, ordan bizə ancaq fəlakət gələcəkdir.
Sevindirici haldır, artıq Qərb də bunu anlayır, pulunu, şələ-küləsini yığışdırır. Norveçin “Statoyl” şirkəti “Şahdəniz” yatağındakı payını Malayziya dövlət şirkəti “Petronas”a satıb aradan rəsmi şəkildə çıxdı. Açığı, mən də istəyirəm ARDNŞ-dəki, “Azəri-Çıraq-Günəşli” yatağındakı payımı satıb Pamir dağlarının o biri üzünə gedim. Alan varsa xəbər eləsin.
Moskvanın “Bakı kartları” yenidən dövriyyədə
