Bukmeker kontorları, loru dildə desək, “Topaz” çıxandan bəri futbola baxmıram, o üzdən Azərbaycan yığma komandasının oyunlarından da xəbərim olmur. Amma dünən Xorvatiyaya 6:0 uduzmağımız istər-istəməz diqqətimi cəlb elədi. Qolların kadrlarına internetdə baxdım, güldüm. Neyləmək olar, iqtidar bizi mazoxist duruma gətirib, artıq uduzmağımızdan da ləzzət alırıq. Saqqallı, kənd mollasına oxşayan kapitanımızın axırıncı topu öz qapımıza vurması səhnəsi tragikomediyanın bir növ kulminasiya nöqtəsi idi.
Sonra alman baş məşqçimiz Bertiq Foqtsun açıqlamasını oxudum. Adam görün necə abırsızdır (həmxasiyyət olub - illərdir yapistlərlə eyni komandada çalışır), deyib ki, oyunçularım tez-tez oynamağa öyrəşməyiblər, yorulurlar, oyunun axırına gücləri qalmır. Bunu artıq 1-ci hissədə 4:0 uduzan komandanın məşqçisi deyir.
Əslində mənim diqqətimi bu halda cəlb edən futbol deyil. Yuxarıda yazdım: daha oyunla maraqlanmıram. Həyatının 90 dəqiqəsini 22 nəfərin tora top soxmaq cəhdlərinə baxmağa sərf edən şəxslərə burdan salamlarımı yetirirəm - zövqlər müzakirə edilmir. Ancaq Azərbaycan futbolu bizim dövlət maliyyəsi ilə, neft pulu ilə yemləndiyi üçün bizə bunun nəticələri maraqlıdır.
Berti Fokkus-dan tutmuş elə o saqqallı kapitana qədər nə qədər insan bu futbol sahəsinə axıdılan neft pulları ilə yaşayır. Hətta biri var idi, adı yanılmıramsa Araz idi, iki süpürgəçi qadını özünün bahalı sürət avtomobili ilə vurub öldürmüşdü, heç tutmadılar. Bəs bu zümrə belə güzəştləri, belə yemləri nə üçün əldə edir? Bertini illərdir müftə pullarla, yanılmıramsa ildə 2 milyon avroya yaxın pulla bəsləyən Dövlət Neft Şirkəti, onun rəhbəri nə düşünürlər? Bu komandaya sərf edilən pullarla tuman-köynək alıb yetimlərə bağışlasaydılar milyon dəfə qeyrətli, abırlı hərəkət olardı.
Hər sahədə ölkənin adını biabır eləməklə məşğuldurlar. Dünyada tanınan rus rok ulduzu Makareviç Bakıda konsert verəcəkdi. Putinin qorxusundan bu konserti ləğv elədilər. Çünki Makareviç Putinin şəxsi düşmənidir. İndi bu konsertin ləğvi, Azərbaycanda musiqiyə senzura qoyulması xəbərləri hər yerə yayılır, ölkəmizi İran, Şimali Koreya, Suriya tipli yerlərə oxşadırlar. Pis hərəkəti, ayıbı hakimiyyət edir, amma utanmır, əvəzinə heç nə etməyən biz vətəndaşlar utanırıq. Bu da bir əcaib durumdur. Hərçənd, heç nə etməmək də bir ayıbdır.
Sözgəlişi, Rusiyanın başqa “sənətkarlarının” ölkəmizə at ilxısı, köpək sürüsü fason yürüşünə isə yaşıl işıq yandırıblar. Jirinovski kimi debilin yüksək səviyyədə qarşılanıb paytaxtdakı dövlət örüşlərində otarılmasından sonra o qədər rusiyalı hökumət nümayəndəsi, manıs-filan gəlib-gedib ki, artıq onların sayını itirmişik. Ən son müdafiə naziri Şoyqunu qonaqladılar.
Rusiyanın da kül başına - Qərbin embarqoları üzündən artıq İçərişəhərdə, Hacıbala və Mikayıl müəllimin birgə istehsalı olan “Laqonda arxitekturası” fonunda “İnstaqram” fotoları qayırmağa məcburdurlar. Halbuki Fransa Lacivərd sahili var idi, Kurşevel var idi... Bütün vəhşi rejimlər əvvəl-axır özünə qapanmağa, qınına girməyə məcburdur.
Hətta görün yapist yoldaşlar deqradasiyanın hansı mərhələsinə yuvarlanıblar ki, respublikamızın torpaqlarını Rusiya fermerlərinə icarə verməyə hazır olduqlarını bildiriblər. Deyiblər buyurun, gəlin burda xiyar-pomidor əkin, torpaq sizə qurbandır. Guya eni-uzunu bilinməyən Rusiyanın torpaq dərdi var imiş. Rusiyanın dərdi totalitarizm, putinizmdir. Amma nə problem var, bizimkilər təki özlərindən güclüyə yaltaqlanmağa fürsət bulsunlar.
Sonda bildirim ki, NİDA Vətəndaş Hərəkatının qanunsuz həbs edilən üzvü Şahin Novruzlunun atası, gözəl insan İbrahim Novruzlunun ölməsi xəbərini yazının bu yerində aldım, üzüldüyüm üçün yazı yazmaqda çətinlik çəkdim, oxucular bağışlasın. İbrahim bəy çox savadlı, dərin, mədəniyyətli bir insan idi, NİDA üzərində qurulan saxta məhkəmə proseslərində dəfələrlə görüşüb söhbətləşmişdik. İnana bilmirəm ki, bu gülərüz, nikbin insan artıq həyatda deyil.
