Medianews.az
Mesaj yanlış ünvana göndəriləndə…
489 baxış

Mesaj yanlış ünvana göndəriləndə…

images_dekabr_kose samir sari
Türkiyəli şoumen Cem Yılmazın telefonla yanlış mesaj göndərəndən sonra insanın düşdüyü duruma dair bir zarafatı var, hərdən dost-tanışın başına bənzər hadisələr gəlir. Düzdür, bunlar, oxumuş adamların sözü olmasın, o qədər də ictimai-siyasi əhəmiyyət kəsb eləmir, amma o durumlara düşməmək üçün ibrətamiz olaylardır.
Bir həmkarım-dostum var, tez-tez hər iki cinsin nümayəndələri ilə sosial şəbəkələrdə, gmail-də, digər çatlaşmaq mümkün olan texnoloji avadanlıq və proqramlarda paralel yazışır, açıqlama alır, müsahibə-zad götürür. Son vaxtlar dəb olub axı, artıq müsahibələri də “Feysbuk”dakı söhbətləşmə proqramı ilə götürürlər və sizə deyim ki, bu daha effektlidir, təhrifə yer qoymur. Jurnalist sualını səliqəli şəkildə müsahibinə yazır, o da düşünə-düşünə, səliqəli şəkildə cavab yazır. Beləcə, sonradan nə jurnalist “diktofondan filan termini səhv eşitmişəm” deyə bilmir, müsahib isə öz əli ilə yazdıqlarının dalından qaçması mümkün olmur. Hər şey yazılı şəkildə durur.
Ancaq bu cür paralel çatlaşmaların minusları da var. Adama mesaj yazırsan ki, filan suala cavab ver, o da o dəmdə kompüteri söndürüb uzanıb şezlonqda, sualdan xəbəri yoxdur. Bir də gün batanda gəlir, suala cavab verəndə məlum olur ki, o mövzu çoxdan bağlanıb. Ən pisi isə bu deyil, odur ki, hərdən mesajlar səhv gedir.
Hətta sual dolu mesajların səhv getməsi də böyük dərd deyil, əsas məsələ bir-birinə qətiyyən uyğun olmayan mesajların yanlış yollanılmasıdır. Məsələn, iqtisadçı Natiq Cəfərliyə ünvanlanmalı olan sualın jurnalist Natiq Cavadlıya göndərilməsi bir elə də yanlış sayıla bilməz. Çünki jurnalist Natiq sualı oxuyan kimi yazacaq ki, bəəəy, mən axı Rusiyaya tətbiq edilən sanksiyaların bu dövlətə neçə milyard dollar ziyan vuracağını, eləcə də rus rublunun məzənnəsinin ilin sonuna qədər hansı həddə dayanacığını bilmirəm. Onda sual göndərən jurnalist anlayır ki, yanlış mesaj göndərib və məsələ “bəy, sən canın, bağışla”yla bitir.
Müsavatdakı qarşıdurmalarla bağlı sualı isə Gülağa Aslanlının əvəzinə, tutaq ki, Gülara Aslanovaya da göndərmək qəbahət deyil. Xanım ictimai fəal olaraq siyasətdən bir şey bilirsə, dərhal xəbərdarlıq edəcək ki, sualı yanlış göndərmisiz. Vay o gündən ki, Gularaya yazılan mesaj Gulağa bəyə göndərilsin. Əlbəttə, bunu da birtəhər ötüşdürmək olar. Ən dəhşətlisi isə odur ki, Gularaya yazılmış mesaj Gülnaraya göndərilsin. Onda gəl bunun dalında dayan görüm, necə dayanırsan.
Bax, sözünü danışdığım həmkarım da belə bir qələt eləyib. Kişiyə yazdığı (hər halda özü belə deyir) vulqar ifadəli mesajı məhrəm münasibəti olan qadına göndərib və sonra düz üç saat izahat verib ki, mesaj yanlış gedib. Ortaya yeni suallar çıxıb: “Sən kiminlə bu cür sarsaq-sarsaq mesajlaşırsan?”. Yenə izahat. Yenə andlar və vədlər. Uzun sürən ayırdetmə prosesindən sonra, nəhayət, məsələ aydınlaşıb, barışıq əldə olunub.
Deyirəm, qədeş,  barı qadına yazmaq istədiyin məhrəmanə sözləri kişiyə göndərmə, səhv başa düşərlər, skrin-şot edib virtual məkanda yayarlar, adına söz çıxar, bu saat çətin zəmanədir. Ağlına batır, deyir, düz deyirsən.
Bir virtual dostumun başına lap qəribə iş gəlib. Bitirdiyi universitetdən diplomunu ala bilmirmiş, 200 manat istəyirmişlər. Bu da götürüb öz atasına yazıb ki, mən bu oğraş prorektoru başa sala bilmirəm, ona zəng elə, o yaramaz məni incitməsin. Sonra da dostum bu mesajı atasının əvəzinə prorektorun özünə göndərib. Biabırçılıq….
Ona görə də, əziz real və virtual dostlar, birincisi, çalışın parallel yazışmayın, ikincisi, eyni zamanda həm siyasi-politoloji, həm də romantik-semantik yazışmalar aparmayın, üçüncüsü, yazarkən tələsməyin (orfoqrafik səhvlər çox olur, adam bisavad görünür), dördüncüsü, mesaj tamama gələndən sonra “göndər” düyməsini basmazdan əvvəl ünvana bir daha baxın. Hələ beşincisi, altıncısı da var, amma uzun söhbətdir. Elə bu dediklərimi etsiniz, qulağınız dinc, ictimai reputasiyanız normal olar.
 

Bizə qoşulun