Medianews.az
Toro körpüsü
439 baxış

Toro körpüsü

zamin yeni raz
Gec də olsa Henri Devid Toro-nun “Uolden, yaxud meşədə həyat” əsərini oxuyuram. Heyfsilənirəm ki, bu cür gözəl əsər hələ dilimizə çevrilməyib (Ancaq son illərin bir çox bərbad tərcümələrini yadıma salanda “çevrilməsə yaxşıdır” düşüncəsi də var). Toro Amerika Birləşmiş Ştatlarında 19-cu əsrdə yaşamış yazıçı, filosof, maarifçi bir adamdır. Xeyli dərəcədə bizim Həsən bəy Zərdabiyə bənzəyir. Dünən Toro-nun kitabında oxuduğum bir hissəni sizlərlə bölüşmək ehtiyacı duydum.
Yazır: “Yeni İngiltərə (ABŞ-ın şimal-şərq hissəsində ölkənin əsasını qoyanların koloniyalarına o vaxt belə deyirdilər - Z.H.) özünə müəllimliyə, öyrətmənliyə dünyanın hər yerindən müdrik insanları dəvət etməlidir, onları ictimai himayəyə almalıdır - o zaman ölkəmiz əyalət sayılmayacaq. Belə qeyri-adi məktəblər bizə lazımdır. Hansısa ağalardansa qoy bizim maariflənmiş adamlarımız olsun, belə öyrənmiş insanların bütöv yaşayış məskənləri yaransın”.
Heyrətamizdir. İndiki ABŞ-ın təhsil, elm siyasəti sanki bu sözlərdə açılır. Ölkədə nə qədər dövlət maliyyəli fondlar var, onlar qrantlar verir, bütün planetdən ağıllı insanları pulla, var-dövlətlə, elmi araşdırma üçün lüks şərait və laboratoriyalarla özlərinə cəlb edirlər. Nəticədə həmin adamlar ABŞ-ı fövqəldövlətə çevirirlər. ABŞ-ın universitet şəhərcikləri, elmi mərkəzləri sanki Toro-nun yazdığı həmin “maarif məskənləri”dir.
Ancaq mətndə tək bunlar olsaydı bəlkə heç sizinlə bölüşməzdim. Deyən gərək, 1854-cü ildə okeanın o tayında yazılan mətndən bizə nə, biz heç eyni ildə Axundovun burda yazdığı pyeslərdən bir nəticə çıxartmadıq. O zaman sitatın ardını oxuyun. Toro bunu sırf bizim üçün yazıb: “Əgər lazımdırsa hansısa çayda körpünün birini tikməyək, yolu dolanıb gedək, təki bizi əhatə edən cəhalət girdabının üzərindən salacağımız körpüdə bir tağ artıq tikilsin”.
Qızıl sözlərdir. İroniya olsun deyə bunun yanına bizdəki rəhbərin “Körpü yolun bir hissəsidir” müdrik fikrini qoya bilərsiniz, sərbəstlikdir.
Doğrudan da üstündən adam keçməyən körpülərə sərf olunan pullarla nə qədər təhsil, elm layihəsi yaratmaq olardı, xaricdə nüfuzlu universitetlərdə minlərlə tələbə oxutdura bilərdik. Elə bizim özümüzdə “pulsuz dövlət təhsili” adlanan, əslində isə 70 faizi ödənişli olan dövlət universitetlərində tələbələrdən təhsil haqqı yığılmasını dayandırmaq mümkün idi. Universitetlərə Toronun yazdığı kimi, dünyanın hər yerindən ağıllı alimlər, müəllimlər gətirmək olardı.
Gətirmək demişkən... Bunlar da gətirirlər. Məsələn, təzəlikcə “Bakı Beynəlxalq Humanitar Forumu”  adlanan karikatur tədbir düzənlədilər, Azərbaycanın nə qədər pulunu orda-burda müftə yemək axtaran keçmiş siyasətçilərə xərclədilər. Mən bu mövzuda təzəlikcə yazmışdım, sadəcə, indiki qonaqların siyahısını bilmirdim. İndi bilirəm. Əslində köhnə siyahıdır, Avropanın, Asiyanın bəzi keçmiş prezidentləri-filan... Siyahının yeniliyi də var idi və bu bir az kənd uşaqlarının “Brus Linin əmisi oğlu mənəm” zarafatına oxşayırdı. Yapistlərin foruma çağırdığı qonaqlar arasında Yuri Qaqarinin qızı, Lermontovun uzaq qohumu kimi şəxslər vardı. Yapist KİV “Qaqarinin qızı Bakıya gəldi” tipli başlıqları elə forsla qoymuşdular deyərdin orbitə çıxanda Qaqarinin qucağında elə bu qız olubdur. Sanki kosmonavtika da nəsillikcə, bunların sevimli üslubunda yazsaq, “varislik ənənələrinə uyğun” olurmuş.
Bu mənada Anar Məmmədov varisliyə zidd gedir. “National Geographic Azərbaycan” adlı  jurnal buraxır və onun üz qabığına spinozavr adlı dinozavrın şəklini qoyur. Halbuki atasının nəqliyyat müfəttişlərinin - taksozavr və avtobusoraptor cinsli qorxunc varlıqların fotosunu qoymalı idi.
Toro ilə başlayıb Bakı avtovağzalı ilə yazını bitirmək də bizim faciəmizdir. Anlayan üçün...

Bizə qoşulun