Bu sətirləri yazarkən hansı ölkədə olduğumu, necə bir siyasi auditoriyaya müraciət etdiyimi dəqiq bilirəm. Bu o ölkədir ki, burda sinnindən asılı olmayaraq ortaya çıxıb arbitrlik, Dədə Qorqudluq etmək istəyənlərin özünü biabır, rüsvay edirlər.
Ancaq elə şeylər var ki, adam gərək onları öz vicdanının rahatlığı üçün desin, yazsın və hücumlara hədəf olmaqdan qorxmasın.
Hələ Müsavat Partiyasının 8-ci qurultayından əvvəl başqan seçkiləri ilə bağlı namizədlərin tərəfdarları arasında başlayan “dedim-dedi” rədifli dilləşməyə yad dillərin qarışması, kənar gözlərin tuşlanması yaxşı perspektivdən xəbər vermirdi.
Bu, fırtına əlamətiydi. Ölkəmizin siyasi arenası, media sektoru dava-qırğın düşəcək məkanı öncədən təxmin etmək qabiliyyətinə malikdir. Bu, bizimkilərin ən yaxşı bacardığı işdir.
Bu dəfə də elə oldu, qurultay bitdi, söz-söhbət bitmədi. Əksinə, daha da qızışdı. Bir çoxları get-gedə gərginliyin səngiyəcəyini gözlədiyi halda qarşılıqlı ittihamlar yağışı daha da gücləndi.
Hazırda mediada “Filankəsdən filankəsə sərt ittihamlar”, “Filankəs filankəsin ittihamına sərt cavab verdi” başlıqlı yazılar bollaşıb. O deyir, bu deyir. Biri deyir, o biri cavab verir.
Əlbəttə, 20-25 ildən bəri birlikdə yol gələn adamların bir-birinə qarşı irəli sürəcəyi ittihamlar çox ola bilər. Zarafat deyil, insanlar ömürlərinin yarısını birlikdə tükədiblər və zaman-zaman hər cür sınaqlara, məhrumiyyətlərə dözüblər, müxtəlif dönəmlərdə özlərini müxtəlif cür aparıblar.
İllərlə davam edən siyasi uğursuzluqlar onların hər birinin daxilində müəyyən neqativ hisslər birikdirib. İndi o mənfi yüklü hisslər vulkan püskürməsi dəstiri ilə meydana çıxır və lavası mediaya axır.
Yenə ciddi bir polemika olsaydı, dərd yarıydı. Amma qarşı duran tərəflərin ayrı-ayrı təmsilçiləri artıq söhbətlərini şəxsi müstəviyə keçiriblər, biri o birinə xəstə deyir, o biri bu birini kabinet düşkünü olmaqda, qorxaqlıqda ittiham edir.
Ayıb bir mənzərə yaranıb. Həm də söz-sözə gələnlər elə nüfuzlu, hörmətli, ağsaqqal adamlardır ki, onlara “bəsdir” demək üçün daha sözükeçər biri olmaq lazımdır.
Onları durdura biləcək şəxslər isə ya bu sayaq əttökən deyişməyə qarışıb tərəfə çevrilmək istəmirlər, ya da sözlərinin yerə düşəcəyindən çəkinirlər.
Ortada isə əslində çox da ciddi bir “nifaq alması” yoxdur. Arada olan umu-küsü və narazılıqları zamanla həll etmək, emosiyaları soyutmaq mümkündür. Yetər ki, yanar ocağın üstünə benzinlə gələn üçüncü, beşinci adamlar olmasın.
Polemika aparanlar da mübahisə mədəniyyətini gözləməlidirlər. Onlar bir-birinə daha ağır cavab verməli deyillər, əksinə, daha ağırtaxtalı, ağayana cavab verməlidirlər. O zaman qarşı tərəf daha sanballı olmağa çalışacaq.
Belə söz-söhbətlərin üzündəndir ki, Müsavatı istəyənlər də, istəməyənlər də partiyanın ikiyə parçalanacağını proqnozlaşdırırlar. Hətta parçalanmanın artıq baş verdiyini, sadəcə bunun yaxın müddətdə rəsmiləşəcəyini arın-arxayın şəkildə yazanlar da var.
Onları qınamalı deyil. Görüntü budur. Müsavatda parçalanma olacağını gözləyənlər belə görüblər, görə-görə gəliblər. Bundan əvvəl parçalanan partiyalarda dağıdıcı proseslər məhz bu atmosferdə və məhz bu ritorika ilə başlayıb, davam edib, onları durduran olmayıb və proses parçalanma ilə yekunlaşıb.
Müsavatçılar da bu xalqın materialındadır deyə indilikdə gözləntilər pessimist ovqatlıdır. Hamı daha ciddi qovğa, ixtilaf və ayrılıq gözləyir. Müsavatın iqtidarda və müxalifətdə olan rəqibləri əllərini bir-birinə sürtə-sürtə olaylara tamaşa edirlər. Bitərəf təəssübkeşlər (ənənəvi elektorat) ordusunun daha fəal kəsimi həmişə olduğu kimi, bu dəfə də ölkənin ən böyük müxalifət partiyasında gedən prosesi narahatlıqla izləyir və bu cür davam edərsə, ondan üz döndərəcəyini bəyan edir.
Nəhayət, söz demək, ortaya iradə qoymaq növbəsi partiyanın lideri, sabiq başqanı İsa Qəmbərə yetişib. O, öz iradəsini ortaya qoyaraq, hamını sakitliyə dəvət edə, hay-küyü yatırda bilər. Yoxsa, bu xəmir çox su aparacaq.