Medianews.az
İŞİD-in işi və dişi
900 baxış

İŞİD-in işi və dişi

img1646194
Hər gün bu tipli xəbərlər gəlir: “ABŞ qırıcıları İŞİD terrorçularını havadan vurdu”; “Böyük Britaniya İŞİD-ə qarşı koalisiyaya qoşuldu”; “Avstraliya İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlara dəstək verəcək”; “Kanada...; “Almaniya...”; “Fransa...; “Türkiyə...”; “İsrail...”və s. və i.a.
Baxırsan ki, bütün dünya İŞİD-ə qarşı birləşib. (Təbii ki, daima dünyanın əksinə gedən Rusiya, Çin, İran, Venesuela, Şimali Koreya kimi ölkələr istisna olunmaqla).
Ancaq bölgədən gələn xəbərlər başqa cür olur: “İşid Kobaniyə girdi”; “İŞİD terrorçuları yeddi kəndi tutdu”; “İŞİD Bağdada girmək ərəfəsində”; “İŞİD-dən daha bir qətliam” və s.
Adam şaşırıb qalır: Bu necə işdir, heç bir düz-əməlli dövlət quruluşuna, idarəetmə strukturlarına malik olmayan, sadəcə mütəşəkkil terrorçu qruplaşmasından ibarət olan bir qüvvə dünyanın qüdrətli dövlətləri ilə müharibə apara bilir.
Bu müəmmanın açmasını hərə bir cür verir. Ən yayğın fikir ondan ibarətdir ki, İŞİD-i böyük dövlətlər (ABŞ, İsrail, İngiltərə)dəstəkləyir və onların əliylə müsəlmanları bir-birinə qırdırırlar.
Başqa bir cinah iddia edir ki, İŞİD-i Türkiyə və regionda strateji maraqları oln bölgə dövlətləri qızışdırır, müdafiə və təchiz edir. Bunu hətta ABŞ-ın vitse-prezidenti Co Bayden də demişdi. İŞİD-ə dəstək verənlərin sırasında BƏƏ və Türkiyənin adını çəkən Bayden sonradan hər iki dövlətin rəhbərindən üzr istəyib.
Söz yox, İŞİD silahla təchiz olunmasa, ona güclü maliyyə yardımı göstərilməsə, bu qədər güclənməzdi.
Amma kim deyir ki, bu, qısa müddət ərzində olub və İŞİD qəfildən meydana çıxıb? Xeyr, elə olmayıb.
Bu cür düşünənlər yanılır. İŞİD ən azı 15 il idi ki, təşkilatlanırdı. 2000-ci ildə Rusiya nəşrlərində (“Vlast” jurnalı)çıxan “Hizbitin gücü” başlıqlı məqalədə bu barədə geniş danışılırdı. İŞİD-in daha tez ortaya çıxmasına mane olan oldusa, o da bin Laden və “əl-Kaidə”nin mövcudluğu və onlara qarşı aparılan total təqib kampaniyası oldu.
Öz ölkəmizdən götürək. İlk dəfə “vəhhabi” terminini nə vaxt eşitdik? Ən azı 10 il öncə. Məhz o vaxtdan başlayaraq bu təriqətə mənsub olan insanlar çoxalmağa, orda-burda görünməyə başladılar. Bəzən vaxtından tez ifşa olunanlar, kiçik miqyaslı, az tələfatlı terror aktı törədərək “özlərini yandıarnlar” oldu, amma onların əksəriyyəti əsasən sakit, dinc adam təsiri bağışlayırdı (o qrupda elə adamlar hələ də var – sırf ibadətlə məşğul olanlar).
Uzun illər onlar cəmiyyət tərəfindən təhlükəsiz adamlar kimi qəbul olundular. Yığışır, söhbət, ibadət edir, dini ayunləri icra edib dağılışırdılar. Ancaq bəzi şəkkak adamlar vardı ki, ya fəhmlə, ya da sırf konkret informasiya əsasında deyirdilər ki, onlar əmr gözləyir, bir gün cihada qalxacaqlar. Çünki onların maddi baxımdan təminatlı olduqları açıq-aşkar sezilirdi.
Elə də oldu. Gün gəldi ki, ölkəmizdəki vəhhabiləri əvvəlcə Pakistan və Əfqanıstana, sonra isə Suriyaya göndərməyə başladılar. Əmr gəlmişdi. Hələ də gedənlər var. Uzun saqqallarını qırxdırır, adi adamlar kimi geyinir, ailələrini də götürüb Türkiyəyə gedir, oradan da Suriyaya, İraqa keçirlər. Bu şəxslərin trafikini təşkil edən güclü şəbəkə var.
Yəni İŞİD əsl niyyətini, işini, dişini qəfildən göstərmədi, şəbəkələşdikdən, maddi və insan resurslarını maksimum topladıqdan, tam gücləndikdən sonra meydana çıxıb. Bu zaman bu qrup, şübhəsiz ki, regionda və ondan uzaqda olan dövlətlərdən də istifadə edib, ən azı onlarınbu təşkilatlanmaya bilə-bilə və ya bilməzlikdən göz yummalarından yararlanıb.
İŞİD-in əsas gücü isə insanların fanatizmindədir. Bu qrup da ağır itkilər verir, indiyədək on minlərlə üzvü döyüşlərdə həlak olub, ancaq ardı gəlir. Əgər ABŞ kimi qüdrətli dövlət bir döyüşdə 100 əsgərini itirəndə ölkədə böyük qalmaqal başlayırsa, İŞİD-in belə bir problemi yoxdur, həlak olanlara “şəhid” adı verilir, onların cənnətə düşdükləri elan olunur və sıradan çıxanların yerləri dərhal doldurulur.
Ölümdən, doğmaları ilə ayrılıqdan qorxmayanlarla, ürəyində bir misqal mərhəmət olmayanlarla, beyinlərində utopik bir ideya (vahid vəhhabi dövləti qurmaq) daşıyanlarla mübarizə aparmaq gerçəkdən də çətindir, ancaq dünya birliyi də dünyanı uf demədən baş kəsənlərə, İŞİD-in dişinə vermək niyyətində deyil.

Bizə qoşulun