Medianews.az
“Qorxuram ki, .... rüsvay edə”
552 baxış

“Qorxuram ki, .... rüsvay edə”

img1506843
Dünən növbəti dəfə şantaja məruz qalmış həmkarımızın başına gələnlər barədə qeydləri sosial şəbəkədə oxuduğum vaxt paralel olaraq da youtube saytında Arif Babayevin ifasında “Sevgilimə könül açdım” mahnısını dinləyirdik.
Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, bu 40-50 ilin mahnısıdır və bunu o dövrün populyar müğənnilərinin əksəriyyəti oxuyublar - Süleyman Abdullayevdən Könül Xasıyevaya qədər. Mahnının musiqisini də, sözlərini də mərhum gitaraçı, bəstəçi Bəhram Nəsibov yazıb, amma sözümüz bunda deyil, ondadır ki, mahnının böylə bir nəqarəti var:
“Qorxuram ki, əhdi dana,
Bağrım ola şana-şana,
Özü eşqə yana-yana,
Rüsvay edə eldə məni".
Deməli, burda əsərin qəhrəmanı sevgilisinə könül açıb, amma bir az ictimai rəydən çəkinir, fikirləşir ki, ey dadi-bidad, etibarsız dünyadır, nə bilmək olar, birdən xanım əhdini danar, iki adamın arasında olan söz-söhbəti ictimailəşdirər, özünü də, aşiqini də el-oba içində rüsvay edər.
Bu mahnı yazılanda, əlbəttə ki, dünyada nə internet vardı, nə sosial şəbəkələr (facebook, twitter və s.), nə messancer, nə inboks, nə skayp, nə də çatlaşma vardı. Sevən gənclər bir-birilə ya şəhər telefonu ilə əlaqə saxlayırdılar, ya da Novruzəlinin poçtuyla dövrün lirik şairlərinin sevgi şeirləri ilə süslənmiş, sevən qəlbin ümid dolu çırpıntılarından bəhs edən şanlı məktublar göndərirdilər. Telefon danışığının stenoqramını yazmaq, saxlamaq mümkün deyildisə də, məktubları saxlayanlar olurdu. Hətta olurdu ki, bəzən pozulmuş əhdlərin nəticəsi olaraq o məktublar kiminsə başına qaxılırdı, ya da geri istənilirdi. Məsələn, Barış Mançonun şarkılarından birində deyilir ki, “qurumuş bir çiçək buldum məktubların arasında, bir tək onu saklıyorum, onu da çok görmə bana”. Güman ki, xanım deyirmiş, məktubları qaytar. O da ona görə ki, həmin məktublarla şantaj olunmaqdan qorxurmuş.
Yəni adamı nə vaxtsa yazdığı məktublarla, ismarışlarla şantaj etmək ənənəsi 40-50 il bundan əvvəl də varmış. Ancaq indilikdə bu iş çox intensivləşib. Allahdan, daha dəqiqi, elmi-texniki nailiyyətlər üzündən, hazırda insanları şantaj etmək üçün çoxlu texnoloji avadanlıqlar var: bu videokamera, o fotoaparat, kameralı, diktofonlu telefonlar, skayp, çat, inboks yazışmalarının skrinşotu və sair və ilaxır.
Elə bir gün olmur ki, kimsə kimisə rüsvay etməyə cəhd göstərməsin. Bir də görürsən, bay, iki məhrəm dostun biri öz aralarında apardıqları yazışmaları sosial şəbəkə səhifəsinin inboksundan, yəni daxili poçtundan, ya da e’mail adresindən götürüb ictimailəşdirildi. “Baxın, filan məşhur adam necə əclafdır, mənə girişir”, “Siz bu şəxsin manyaklığına baxın, görün, mənə nə təklif edir”, “Utanmır, ailəli adamdır, amma mənə deyir ki...” və s.
Həmin adam da bir neçə gün pərt-pərt gəzir, dost-tanışdan arlanır, xəcalət çəkir, sonra gündəm dəyişir, onun “manyaklığının ifşası” söhbətləri unudulub gedir.
Burda görünməmiş bir iş yoxdur. Şair kefinin saz vaxtı deyib ki, eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin. Atalar da qoca atın arpa yemək iştahının son ana qədər ölmədiyi barədə müdrik kəlam irad ediblər. Demək, əks cinslər arasında yazışmalar 50, 100, 500 il əvvəl olduğu kimi yenə də olacaq. Bütün bu yazışmaların məqsədi orqanizmlərin yaxınlaşmasına, ünsiyyətinə nail olmaqdır, hamı istəyir ki, öz könül həmdəmiylə bir arada olsun, ötməkdə olan vaxtdan səmərəli və faydalı şəkildə istifadə olunsun.
İndi bu ülvi və qeyri-ülvi niyyətlər hansısa səbəb üzündən alınmayanda, sövdə baş tutmayanda adamla yazışmaları birtərəfli qaydada ictimailəşdirərək, dünənki “sevgili”ni “manyak” elan etmək nə deməkdir? Adama deməzlərmi, rəhmətliyin nəvəsi, bəs dünənə qədər o “manyak”a “yuxumdan çıxmırsan, aşkım”, “Darıxıram, özlədim” və sair intim mesajlar yazan sən deyildinmi? Adama isti mesajları yaz, ürəyini yandır, sonra da yazışmaları facebook-da yay, atasını yandır. İndi bu da işdirmi, sənətdirmi?
Şair təklif edir ki, nə əvvəlcədən romantik-romantik mesajlaşın, nə də sonradan bir-birinizi “manyak” və “fahişə” kimi ifşa edin. Ağıllı olun, bu saat videosu çıxan adamlar baş yarır, inboks yazışmasıyla kimə nə etmək olar?

Bizə qoşulun