Medianews.az
Totalitarizmin formalaşması
424 baxış

Totalitarizmin formalaşması

zamin yeni raz
Forma və məzmun bir-biri ilə sıx bağlıdır. Bu baxımdan, avtoritarizmdən totalitarizmə keçməkdə olan dövlətimizin hər kəsə bir forma geyindirməyə başlaması anlaşılandır. Totalitar rejimlər uniforma dövlətləridir, onlarda aşağıdan yuxarı, hətta dövlət başçısına qədər hər kəs bir uniformada olur. Buraya kombinezon və dəri gödəkçələrdən tutmuş hərbi kitelə qədər müxtəlif çeşidlər daxildir. Mən hansı totalitar rejim başçılarının hərbi geyimdə dolaşdığını yazmayacağam, özünüz yadınıza salın.
İndi Azərbaycanda totalitar rejimin məhz sözün hər iki anlamında formalaşma dövrüdür. Uşaq bağçaları, məktəblər, mollalar, jurnalistlər - hər kəsin forması yuxarıdan verilir. Bunun mənası nədir? Rejim niyə belə edir? İzah edim.
Totalitar rejimlər, insan azadlığını boğan hakimiyyətlər ən çox rənglərdən, rəngarənglikdən, seçim imkanlarından, rəqabətdən qorxurlar. Bunlar isə həm də geyim-kecimdə özünü göstərir. Əgər hər kəs ayrı formada geyinsə rejim “kimin hansı yuvanın quşu olduğunu” çətin öyrənər. Bax, prosesin sirri bundadır. Əvvəlcədən hər kəsi ayırıb özünə aid rəfə qoyursan, tapmaq, tutmaq, əzmək, qorxu altında saxlamaq asan olur.
“Bunların yerinə kim gəlsə bunlar kimi olacaq”, “Fərqi nədir hakimiyyətdə kimdir, onsuz xalqa baxan yoxdur” tipli demoqoqiyaları yemləyən, bəsləyən, yayan hakimiyyətdir. Elə uniforma, vahid geyimə keçid də bu çürük fəlsəfədəki “fərqi yoxdur” ehkamını şüurlara daha çox yeritmək üçündür. İnsanlar sürü şəklinə salınır, onların sürü olması uşaq bağçasından beyinlərinə yeridilir. Fərqlilik xəyanət sayılır. Düşmənçilik sayılır.
Təzəlikcə Binə Hava Limanında 2 ruhi xəstə qorunan mühafizə zolağını aşmaq istəyərkən tutulmuşdu. Dedilər onlar Maştağadakı Psixiatriya Dispanserindən qaçıblar. Görəsən, psixi xəstələri hava limanına cəlb edən nə idi? Yoxsa onlar totalitarizmin ağır nəfəsini duyub ölkədən uçmaq istəyirdilər? O zaman biz onları hər kəsdən ağıllı saya bilərik. Çünki məndən sizə məsləhət: əgər azadlıq havası ilə yaşamaq istəyirsinizsə, tezliklə ölkədən çıxın. Bir neçə aydan sonra bura tamamilə yaşanmaz hala gələcəkdir. Repressiyanın indiyə qədər görmədiyimiz şəkillərini görəcəyik. Xüsusilə neftin qiyməti bir az da düşsə. Qorxutmaq üçün yazmıram. Rejimin hansı “dispanserdən” çıxdığını anladığım üçün yazıram.
Söz düşmüşkən, xarici işlər müşaviri, aktyor Novruz Məmmədov (“Fransiz” filmində oynayıb) Ermənistan prezidentini aşağılamaq üçün demişdi ki, Sərkisyan dəli olub, rəsmi görüşlərdə özünü apara bilmir və sair. Mətbuatımızda da bu söhbət ciddi qəbul edildi, xeyli yazı-pozu oldu.
Mənim etirazım yoxdur, hesab edək Sərkisyan doğrudan dəlidir, özü də zırından. Hətta zəncirdə saxlayırlar, gecələr İrəvanın Teatr meydanına qaçıb ulayır, gözünə qələm soxur və sairə. Bəs heç özünüzə sual vermirsinizmi ki, bu dəli bizim 20 faizimizi nə cür işğal eləyibdir? ...
Bakı Ağır Cinayətlər Məhkəməsində isə daha gülməli hadisə olub. Oranın bir keçmiş hakimi dələduzluqda ittiham edilir. Vətəndaşdan 600 min manat qapazlayıbmış. Ancaq proses baş tutmayıb, çünki hakimlər deyiblər: “Biz keçmiş iş yoldaşımızın işinə baxa bilmərik”. Özlərinin prosesi aparmasına... özləri etiraz edib. Demokratiyaya bax, sən canın! “Sabahın xeyir, kral” budur! Məncə, əlac odur ki, NİDA-çı hüquqşünas gəncləri azadlığa buraxsınlar, onlar gəlib hakimin işinə baxsın. Yoxsa indiki hakimlər hamısı dələduzun iş yoldaşıdır.
Yazımız bir az formasız alındı, ancaq bunu qəsdən elədim. Uniforma geyməyəcəyik. Oçerk yazmağımı gözləməyin.

Bizə qoşulun