Medianews.az
Qarabağı necə ayıraq?
463 baxış

Qarabağı necə ayıraq?

zamin yeni raz
Deputatxanada sosial siyasət sexini işlədən Hadı müəllimdən dünyada geniş yayılmış buzlu su aksiyasına münasibət soruşmuşdular. Hadı müəllim demişdi ki, bu aksiyanın mənasını anlamır, ümumiyyətlə, gərək xeyriyyə tədbirləri milli adət-ənənələrimizə uyğun olsun.
Düzü, mən bilmirəm bizim milli xeyriyyəçilik adətlərimiz necədir. Tarixdə Hacı Zeynalabdin kimi bir-iki xeyriyyəçimiz olub, onları da nəsillikcə məhv eləmişik, o vaxtdan hamı başqasına yardım etməyə, sosiallaşmağa, cəmiyyət olmağa pis baxır. İki yetimə bir konfet verəndə də onu dəfələrlə telekanalizasiyada göstərirlər. Hətta o konfetin elə həmin yetimin yetim olması hesabına ortaya çıxdığını da düşünən olmur.
Ancaq ta deputat deyibsə gərək biz başımıza milli şəkildə nəsə salaq. Misal üçün, bəzi gənclər “Kül bizim başımıza” aksiyası keçirdirlər, mən bunu dəstəkləyirəm. Bundan başqa, “Daş düşsün başımıza”, “Qapaz qoyaq təpəmizə” aksiyaları da məqsədəuyğundur. Bəs məqsəd nədir?
Məqsəd, əlbəttə, Qarabağın işğaldan azad olunmasıdır. Hakimiyyət bu yöndə çox işlər görür, hər gün bir qarış irəliləyirik, inşallah, 224 ildən sonra Füzuli rayonunun Qorqan kəndinə xeyli yaxınlaşacağıq. Dəqiq riyazi hesablamadır, şübhə edənin başına daş düşsün!
Elə Prezident Administrasiyasının məsul işçilərindən Əli Həsənovun bugünlərdə xaricdə oxuyan gənclərlə görüşü zamanı da Qarabağ məsələsi gündəmdə olmuşdur. Əli müəllim gənclərə məsləhət verib ki, xaricdə özlərini Akif Nağı kimi aparmasınlar. Sitat: “Gənclərimiz dərhal dostları ilə Dağlıq Qarabağ münaqişəsindən danışmağa başlasalar, onlar yaxşı həmsöhbət olmayacaqlar. Və gənclərimizin söhbətləri də o qədər effekt verməyəcək. Xaricdə Azərbaycan haqqında deyəcəklər ki, bura da Əfqanıstan kimi bir yerdir. Onlar Qarabağ məsələsini ayrıca təbliğ etməlidirlər” (qafqazinfo.az).
Doğrudan da xaricdə hava limanında düşən kimi “Qa-ra-bağ!”, “Ermənilər tülküdür, Hava yaman bürküdür!” qışqırmağın bir mənası yoxdur. Əvvəlcə get bir dükan-bazara, evdəkilərin tapşırdıqlarını al, burdan hökumətin göndərdiyi kürü bankalarını Mövlud Çavuşoğlu tipli yetimlərə, aclara verib xeyriyyə aksiyası yap, ondan sonra işğal edilmiş torpaqlarımızdan danışarsan. Yoxsa Əfqanıstan... Biz yeri gələndə Əfqanıstandan xeyli qabaqdayıq. Misal üçün, onlar prezident seçkisi keçirdəndə qalibi tapmaq üçün iki həftə səsləri sayırlar, bizdə isə qalib seçkiyə iki il qalmışdan məlum olur. Ta söz düşüb, bir faktı da yazım: Seçki Monitorinqi Mərkəzinin şefi Anar Məmmədli ATƏT eksperti kimi qabaqlar Əfqanıstanda seçkiləri müşahidə etmişdi, sağ-salamat qayıtmışdı. Ancaq Azərbaycanda seçkiləri müşahidə edəndən sonra yapçılar Anar bəyi tutub zindana saldılar.
Əlbəttə, xaricdə oxuyan uşaqlar bunu başqa heç yerdə deməsinlər, öz aramızda danışırıq.
Amma və lakin “Qarabağı ayrıca təbliğ edin” deyənlər gənclərimizi necə çətin vəziyyətdə qoyduğunu fikirləşmirlər. Axı xaricdə oxuyanların çoxu kasıb nazir-mazir uşaqlarıdır, onlar isə ürəklərindən Qarabağ naləsini, fəryadını necə ayırsınlar? Necə desinlər ki, ay Kəlbəcər dağları, sən hələ bir qıraqda dur, mən Ketrinə milli mətbəximizi izah edim, sonra Murov aşırımından keçib sənə gələrik? Vətən yanğısı bu gənclərimizin qəlbində alov düşmüş neft platforması kimi bir şeydir, söndürmək çox çətin olur. Biz Qarabağı ayıra bilmərik!
Hər bir gənc bu duyğularla yaşayır. Təzə bir dava da var, bunu prodüser Toliklə müğənni Natəvan Həbibi başlayıb. Tolik deyir ki, Natəvan Türkmənistanda doğum şəhadətnaməsini dəyişdirib. Guya müğənni azərbaycanlı deyilmiş, hətta, əlim qurusun bunu yazdığım yerdə: erməni imiş! Natəvan xanım da deyib ki, Tolik qələt edir, onun bu bəyanatına... Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirəcək.
Əla söhbətdir. Son anda dəqiqləşdirdim, Kardiff şəhərində NATO sammitində olan Elmar Məmmədyarov Tolikə və Natəvan Həbibiyə telefon açıb, deyib ki, bu saat ayrıca Qarabağ dərdi ilə məşğulam, özünüzü Hollandiyadakı kimi aparmayın, bizim milli adətlərimiz vardır. Bundan sonra dəstəyi yerə qoyub, girib təzədən səngərə.
Mövzu diqqətimizdədir, yenilik olsa xəbər verəcəyik.

Bizə qoşulun