Bu yaxınlarda yazmışdım ki, hər sözə bir söz qoşmaqda, hər şeyə lağlağı etməkdə əvəzimiz yoxdur. Bir daha təkrar edim ki, elədir, bu sarıdan regionda yekik. Amma ola bilər, Sakit okean hövzəsindəki adalarda, Afrika savannalarında eynilə bizim kimi hər şeyə məzə prizmasından baxan etnik qruplar mövcuddur. Nə biləsən, dünyada 3 minə yaxın xalq var...
Budur, bir qrup ədəbiyyat, media adamı, kitab azarkeşi belə bir virtual kampaniyaya başlayıblar: hər kəs indiyə qədər oxuduğu kitabların içindən 10 ən bəyəndiyi əsəri seçib “Feysbuk” divarında yazır, estafeti başqalarına ötürür, onlar da yazırlar. Beləcə, məlum olur ki, müxtəlif zövqlərə əsasən ən bəyənilən əsərlər və müəlliflər kimlərdir. Bu kampaniyanın ən maraqlı cəhəti odur ki, adam hansı kitabları oxumadığını, amma oxumalı olduğunu öyrənir və kitab oxumaq təbliğ olunur.
Bu kampaniya start götürəndən bu günə qədər ortaya çıxıb ki, oxucuların azı yarısının kitab zövqü 50 faiz həcmində üst-üstə düşür. Onların çoxunun eyni kitabları və eyni müəllifləri bəyənməsi halları yayğın və təbiidir. Zatən, əksəriyyət özünü, imzasının təsdiq etmiş yazıçıları oxuyur.
Amma bir də görürsən, çox adam bir yazıçını bəyənir, fəqət hər kəs onun başqa bir əsərini daha yaxşı sayır. Məsələn, alman yazıçısı Erix Mariya Remarkın “Zəfər tağı” əsəri çox məşhurdur, amma bəzi oxucular bu romanı yox, onun “Üç dost”, “Qərb cəbhəsində yenilik yoxdur” və başqa romanlarını qeyd ediblər.
Eyni şey Tolstoyun, Markesin, Aytmatovun, Drayzerin də başına gəlib. Hamı onların fərqli əsərlərini bəyənir. Bu sahədə yarıyan bircə Lilian Etel Voyniçdir. Onun cəmi bircə əsəri - “Ovod” qeyd olunub. İnsafən, məndən başqa, hamı da o romanı oxuyub. Mən də Voyniçi oxumaq əvəzinə gedib Voynoviçi oxumuşam. Amma o da əla romandır.
İndi problem nədədir? Ondadır ki, oxuyub-bəyəndiyi on kitabı paylaşanlarla yanaşı təxminən o sayda bu kampaniyaya qarşı çıxanlar, lağ edənlər var. Bunlar müxtəlif adamlardır. İçində də doğrudan da oxumuş adamlar var, amma hiss olunur ki, bəzlilərinin bütün ömrü boyu oxuduğu kitabların ümumi sayı 5-ə çatmır. Ona görə də onlardan biri götürüb on ən bəyəndiyi yeməyin adını sıralayır: “Piti, xəngəl, dolma, kabab, plov...”.
Eləsi var, inandığı pir və ocaqların ilk “onluğ”unu tərtib edib paylaşıb.
Başqa biri yazıb ki, bu kampaniya başlayandan kitab mağazalarına girənlərin sayı artıb, amma kitab satışı artmayıb, çünki mağazaya girənlər 10 kitabın adını yazıb (FB-də paylaşmaq üçün) çıxırlar.
Bir tanınmış qələmə adamı kampaniyanın keçirilməsinin arxasında beynəlxalq imperialist qüvvələrin durduğunu, bunun kapitalist, burjua dünyasının reklamına xidmət edən bir aksiya olduğunu iddia edib və öz iddiasında o qədər ciddidir ki, bir az israr eləsək, qoşa qəzet səhifəsi həcmində sübut-dəlil dolu məqalə yazar.
Başqa biri yazır ki, qeyd olunan kitabların çoxu “Qanun” nəşriyyatının nəşrləridir və bu kampaniyada Şahbaz Xuduoğlunun maraqları olmamış deyil.
Millətçilik edənlər də var: nədən “ən çox bəyənilən 10 kitab”ın siyahısını yayanlar azərbaycanlı müəllifləri qeyd etməyiblər. Əslində bu düzgün fikirdir. Məsələn, mən öz “onluğ”umu tərtib edəndə Əli Vəliyevin “Samovar tüstülənir” kitabı ilə Milan Kunderanın “Varoluşun xəfif yüngüllüyü” romanının arasında qalmışdım, seçim edə, hansına üstünlük verəcəyimi bilmirdim, axırda “Dəli Kür”ü qeyd etdim. Hətta arada istədim ki, Hüseynbala Mirələmovun əsərlərindən birini Drayzerin “Dahi”sinin qabağına keçirim, ona da insaf yol vermədi.
Bir sözlə, sosial şəbəkədə lağlağı tozanağı ərşə qalxıb. Adamlar artıq çox kitab oxuduqlarına görə xəcalət çəkirlər, hətta bəziləri kitab həvəskarı olduqlarını danır, “onluq”larını yaymağa cürət etmirlər.
Əvəzində sevimli spirtli içkilərinin (pivə, çaxır, araq, konyak, likör, tekila, cin, rom, rakı, kalvados, sake) “onluğ”unu paylaşanlar var. Yəqin ki, sevimli siqaret növlərini siyahılaşdıranlar da olacaq. Sonrası asandır, Allah nə verdiysə, gözə nə görünürsə... ta sevimli modellərə qədər.
Xüləs, belə bir dövran gəlib: getdin, gördün kitab, neynəyirsən, oxumaq, cır vərəqi, bük qutab...
