Elə xalqlar var ki, qurduqları hakimiyyət onlardan min dəfə qabağa gedir, dalda qalırlar, çata bilmirlər. Nəticədə xalq-hakimiyyət, hakimiyyət-xalq münasibətlərində müəyyən problemlər yaranır. Belə xalqlardan biri də bizim camaatdır.
Misal üçün, görürsən hansısa rayonun icra başçısı iş yerinə bahalı maşında gəlir, onun kabinetinin qabağında özünü yandıran Qarabağ əlili isə heç “Oka” dranduletini də ala bilmir. Yaxud sən gedirsən “tolkuçkadan” uşağa ucuz məktəbli forması axtarmağa, sənin prokurorunun balası isə Londonda oxuyur, ya Parisdə deyə çobanyastığı falına baxır. Xalqımız gərək bir az romantik olsun.
İki-üç gün qabaq bir xəbər oxudum, Bakıda dükanda düşən dava haqda idi. Mənə çox sarsıdıcı təsir eləmişdir. Son aylarda 2 hadisədən sarsılmışam. Biri toy günü gəlinin qaçması, baldızın onun yerinə ərə verilməsi olmuşdusa, ikincisi də bu əhvalatdır.
Yadımdan çıxmamış deyim ki, mən hələ də o gəlini qınayıram. Bəlkə sənin bacın olmayaydı, yerinə kim ərə getməliydi, hay? Nə arsız adamlar var, milli dəyərlərimizə satqın çıxanlar var... Müstəqilliyin 23 illiyində hələ də belələrinə rast gəlmək insanı sındırır, məhv edir, üçrəngli bayrağınla məsud yaşamağa, Dövlət Bayraq Meydanında ekskursiyaya getməyə qoymur. İblisəmi uymuş bəşəriyyət!?
Qayıdaq ikinci hadisəyə. Buyurun, özünüz olduğu kimi oxuyun, görün mənim yerimə hansı hissləri keçirdirsiniz: “Metronun ”Neftçilər" stansiyası yaxınlığında “Ledi Şarm” geyim mağazasında yaranan mübahisə kütləvi davaya səbəb olub.
Axar.az-a verilən məlumata görə, müştəri satıcı qıza söz atıb və mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və müştərini döyüblər. O da öz növbəsində hadisə yerinə tanışlarını çağırıb və dava daha da böyüyüb. Dostunun köməyinə gələnlər mağazanın administratorunu döyüb, başını-gözünü partladıb, mühafizəçinin isə ona dəyən zərbədən ürəyi gedib, dükanda işləyən dərzi də döyülüb. Yaxınlıqda isə bir minik maşını dava zamanı təpiklərdən zədələnib. Polis hadisə yerinə gələndə mağaza işçilərini döyənlər aradan çıxıblar. Məlumata görə, mağazada çalışanlar ciddi şəkildə xəsarət alıblar".
İndi gənc, suveren dövlətimizə belə hallar yaraşarmı? Sənin əlin qurusun, mağaza administratorunu, mühafizəçini döymüsən, bunu anladıq, bəs dərzini niyə vurursan? Dərzinin bu ictimai-siyasi proseslərə nə dəxli vardır? Adam harda iş olsa iynəsini yaxasına taxıb gedir.
Hələ dərzi cəhənnəm, yaxınlıqdakı maşınları da təpikləyiblər. Guya indi bunlar çox qaraköynəkli, “nervinni” camaatdırlar... Qıza söz atmısansa, bunun küçədəki maşına şıllaq atmaqla nə əlaqəsi vardır? Camaat gedir Gürcüstandan maşın gətirir ki, sən dəli olub “Neftçilər”də ona təpik vurasan? Belə edirsiniz, ta gürcülər də maşın bazarını bağlamaq üzrədir.
Ancaq xəbərdə bəzi səhvlərin olması qənaətindəyəm. İlk növbədə, guya polisin hadisə yerinə gec gəlməsini yazıblar. (Ola bilsin müxbir milli satqındır). Təsəvvür elə, o boyda mərəkə olub, az qala rəsmi Tiflisin münasibəti ortada vardır, lakin polisimiz heç kəsi tutmayıbdır... Boş söhbətdir. Polisimiz heç vaxt gecikmir. Həmişə vaxtında gəlir. Bəzən hətta hadisə baş verməzdən on-on beş dəqiqə qabaq hadisə yerində olurlar. Bu yaxında jurnalist Seymur Həzi bir nəfərlə dalaşdı, polis onu tutdu. Həmin hadisədə prokurorluq, polis, MTN, prezident yanında Təhlükəsizlik Şurası, FHN, ASAN-xidmət, RİTN və sairənin adından birgə bəyanat verildi, deyildi ki, vətəndaş Seymur Həzinin həmin butulka-silahı su içmək məqsədilə deyil, Məhərrəmin təpəsinə vurmaq üçün alması kosmosdakı peykimiz tərəfindən qeyd edilmişdir. Sən demə, bu jurnalist nə təhər evdən çıxıb, butulkanı hardan alıb, butulka havada hansı trayektoriya üzrə uçub zəhmətkeşin başına dəyib, başdan bu zaman nə səsi çıxıb və sairə - hamısı dövlət səviyyəsində videoya alınıbdır. Hətta MTN-də o butulkanın şüşəsinin hazırlanması videosu da vardır! “Coca-Cola” butulkasıymış - inqilab eləmək istəyən şirkətdən nə gözləyəsən?
Hakimiyyətə layiq olun, yoldaşlar...
