Vasif Talıbov Naxçıvan Standartlaşdırma Komitəsinin sədri Malik müəllimi işdən çıxarıbdır. Bu əhvalatın səbəbləri haqda müxtəlif versiyalar dolaşır. Ancaq ortada bir fakt var ki, neçə ay qabaq Malik müəllimi kabinetində döyübmüşlər, hətta işi polis araşdırırmış.
Məncə, Vasif müəllimi qəzəbləndirən əsas səbəb budur. Necə ola bilər ki, sən Naxçıvanda o cür dövlət vəzifəsi daşıyasan, ancaq səni kabinetində döysünlər? Ayıbdır! Belə şeylərin üstündə dövlətçilik dağılar. Dövlət adamı özü başqalarını döyməlidir.
Xüsusən Naxçıvanda. Hələ siz komitənin adına fikir verdinizmi? Standartlaşdırma! Yəni, Malik müəllim Naxçıvanda dövlət standartlarına cavabdeh insan imiş! Biabırçılıq ta necə olur!? Dövlətin Naxçıvan standartı tələb edir ki, sən camaatı ayaqlayasan, qanına qəltan edəsən, yoxsa camaat gəlsin səni kabinetində döysün...
Standartların pozulması Oğuz rayonu istiqamətində də qeydə alınmışdır. Telekanalizasiyalar son günlərdə çox maraqlı bir fakt yazdılar: sən demə, orda bir kənddə toy olacaqmış, lakin gəlin bəyi sevmədiyi üçün toy günü qaçıb aradan çıxıbdır. Məcbur olublar bəyə qaçan gəlinin bacısını - bəyin mümkün baldızını versinlər. Nəticədə ortaya heç bir narazılıq çıxmamışdır, hamı yeyib-içib-dingildəşib evlərinə dağılışmışdır.
Burada ilk diqqəti çəkən reportajlardakı ictimai qınaq tonu olmuşdur.
Uca millətimiz ailə dəyərlərinə, yeznənin bacanağı baltalaması, qayınananın gəlini doğraması, uşaqların bu gərginliyə dözməyib evdən qaçması və ya damdan hoppanması kimi milli adət-ənənələrimizə böyük hörmətlə yanaşır. Odur, iki gün qabaq bulvarda Xalça Muzeyi də dövlət səviyyəsində açıldı. Muzey sevindirici haldır ki, palaz formasındadır. Necə deyərlər, palaza bürün, elnən sürün. El üçün ağlayan göz kor olar.
Dünya beş günlükdür, hər cür dəyyusluq elə. Belə müdrik fikirlərimiz çoxdur. Arzu edərdik forma və məzmunun vəhdəti Urologiya Xəstəxanasının açılışında da nəzərə alınsın! Qoy millətdə ruh yaşasın!
Amma və lakin mövzuya qayıdaq. Yazdığımız kimi, gəlinin toydan qaçması çox mənfi haldır, yeddi qat tuman geyən ağbirçəklərimizə, kabab yeyib gəyirəndə yetmiş ağac uzaqdan nəriltisi duyulan ağsaqqal ərənlərimizə yaraşmaz. Ona görə mövzunu elliklə diqqətdə saxlayırdıq. Ukraynanın Donetsk vilayətində vəziyyət, İŞİD-in hansı jurnalistin başını kəsməsi belə bizim üçün önəmli deyildi. Yeganə diqqətimiz toy günü qaçan gəlin idi.
Axı bu, ilk hal deyildi! Ötən illərdə də belə hadisələr təkrarlanmışdı. Yadımdadır, Ağcabədidə olmuşdu. Demək gəlinlər arasında bir üsyan ruhu dolaşır. Onlar hər vəchlə gərdəyə girmək istəmirlər. Sanki ora polis idarəsidir. Suriya-filandır.
İndi gəlin görək bu vacib ictimai-siyasi, geopolitik-bioloji, psixoloji-iqtisadi olaya hakimiyyətin münasibəti necədir. Təəssüf! Lənət olsun! İstefa! Ya Qarabağ, ya ölüm! Gəlin Oğuz rayon icra hakimiyyətinin açıqlamasını oxuyaq: “Bu hadisənin bizə dəxli yoxdur, hadisə icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil. Bu, ailənin şəxsi işidir”.
Boyunuzu yerə soxum... Necə yəni şəxsi işdir? Bu gün toydan qaçan gəlin, sabah siyasi bəyanat verər, deputat Fərəc Quliyevin İraq türkmənlərinə yardım etmədiyini qınayar. Yaxud gəlinin yerinə baldızı itələyən xalq kim qarantiya verir ki, gələcəkdə seçkiləri də saxtalaşdırmayacaqdır!? Belə xalq hətta Qarabağ probleminin “hurrey” yolu ilə alınmasına qarşı çıxar!
Halbuki, bizdə keçirilən seçkilər demokratiya örnəyidir. Kimi bəzəyib-düzəyib hamama aparırlarsa, axırda kresloya da həmin şəxs oturur.
Oğuz rayon İcra Hakimiyyətindən tələb edirik səhvini aradan qaldırsın, gedib o ailədəki vəziyyətlə maraqlansın. Qaçan gəlini isə fərari, vətən xaini elan edib tutmalıyıq.
Görən hardadır?
