Avqustun 22-də “Turan” İnformasiya Agentliyinin şefi Mehman Əliyev “Yeni Müsavat” qəzetinə intervü vermişdi. İntervüdə son aylar müstəqil qeyri-hökumət təşkilatlarına yapistlərin hücumlarından bəhs olunurdu. Sitat: “Bəzi QHT-lər var ki, fəaliyyəti demək olar dayandırılıb. Bunlar Media Hüquqları İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, RATİ, Sülh və Demokratiya İnstitutudur. Bu təşkilatlar insan hüquqları, siyasi məhbuslar və cəmiyyəti narahat edən əsas problemlərlə məşğul olurdu. Ona görə də bu təşkilatların zərərsizləşdirilməsi həyata keçirildi. Belə baxanda çox ciddi bir itki oldu”.
Doğrudan da, son həbslər, hücumlar əsasən hüquq, demokratiya, media, siyasət istiqamətli QHT-lərə yönəlmişdi, hakimiyyət bunları məhv edəndən sonra meydanda demək olar kimsə qalmayıb. Bir-iki iqtisadi yönümlü QHT meydanda qalıb. Qalan saysız-hesabsız QHT-lər vüqarbayramovların, sahibməmmədovların rəhbərlik elədiyi qonqolardır, heç müzakirə edilməyə layiq deyillər.
Ancaq “Turan” Agentliyi başçısının intervüsündə mənim diqqətimi təkcə məhv edilən QHT-lərin sıralaması cəlb etməmişdi. Orda maraqlı bir yanlışa yol verilmişdi. Mehman bəyi uzun illərdir tanıyırıq, məsələn, mən bilirəm ki, onun açıqlamalarında hər zaman optimist yön olur, bəzən də əsassız-arqumentsiz nikbinlik tonu olur. Burda da belə cümlə vardı, ancaq bircə hərf səhvi işləri korlamışdı. Mehman bəyin “Məncə hakimiyyət danışıqlara gedəcək, müsbətə doğru nəsə gözləmək lazımdır” fikrində “müsbət” sözü “müsibət” kimi getmişdi.
Bu mənim “dörd gözüm”dən yayınmadı, gün ərzində narahat dolaşdım, axşama yaxın hakimiyyətin müsibətə doğru hərəkətinin sorağını Naxçıvandan aldım. Regionda yaşamaqda olan 4 azadfikirli insandan birini - hüquq müdafiəçisi İlqar Nəsibovu vəhşicəsinə döymüşdülər, al qana bülənd eləmişdilər.
Haşiyə çıxaraq yazım ki, mən “Naxçıvanda qalan 4 nəfər” ifadəsini havadan yazmıram. Vasif Talıbov Azərbaycanın bu bölgəsində təmizləmə-filtrasiya işlərini elə əzmlə aparıb ki, mən orda hazırda yaşayan azad fikirli insanları barmaqla sayıram: Məlahət Nəsibova, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov... Vay-vay... Mən də səhv eləmişəm, heç 4 nəfər də olmadı! Bu adamlar sözün əsl anlamında qəhrəman, qanını qaşığa qoymuş şəxslərdir. Qalanlarını döyüblər, sürgün ediblər, sındırıblar, tutublar, dəlixanaya salıblar, öldürüblər. Muxtar respublikada repressiyanın bütün metodları sınaqdan çıxarılıb. Hakimiyyət “arxa bağçasında” yad adamlara dözə bilməzdi.
İlqar Nəsibovun fotoları qanla boyanmış qırmızı rəsm əsərlərinə, qorxunc tablolara bənzəyirdi. Norveç rəssamı Munkun “Fəryad” rəsminə, Bosxun cəhənnəm təsvirlərinə... Bu rəsmin müəllifi Naxçıvan MR-dəki rejim, yerli Kim Çen İn-dirsə, çərçivəni Bakıdan göndəriblər. Sadəcə, Bakıda QHT rəhbərləri zindana salınıbsa, Naxçıvan bunu kortəbii təkrarlasa daha nəyi Naxçıvan oldu? Həmişə paytaxta örnək olmaq gərəkdir! Paytaxt ağzını əzəndə, Naxçıvan başını kəsməlidir!
Rəsmdən söz düşmüşkən, Azərbaycan realist boyakarlığının, klassik rəssamlığımızın banilərindən biri cavan ölmüş Bəhruz Kəngərlidir. Bəhruz bəy təxəllüsündən göründüyü kimi Naxçıvanın Kəngərli bölgəsində, 19-cu əsrdə doğulmuşdu. Onun ermənilərdən qaçan azərbaycanlıları təmsil edən “Qaçqınlar” silsilə rəsmləri məşhurdur. İndi ümid edirəm naxçıvanlı rəssamlardan kimsə Vasif xanın gözünü çıxartdığı hüquq müdafiəçilərini qanlı boya texnikası ilə rəsmə alar, yeni bir “Qaçqınlar” seriyası ortaya çıxar.
Naxçıvan polisinin hadisə ilə bağlı açıqlaması isə normal KİV cümləsi ilə izah edilməz bir şeydir. Guya İlqarı VHP-nin yerli sədri içki məclisində şəxsi təhqirə görə döyüb. VHP nəinki belə sədri, heç üzvü olmadığını bildirib. Amma nə xeyri? Vasif müəllim deyirsə, yəqin elədir. Talıbov istəsə Sabir Rüstəmxanlını VHP sədrliyindən azad edib yerinə qardaşı Məhərrəmi qoyar. Kim nə deyəcək?
Deyənlərin qanı ölkə boyunca axır. Arazla axıb Naxçıvandan da gəlir. 21 ildir. Mənbə ordandır.
