Medianews.az
Oyun-moyun
554 baxış

Oyun-moyun

zamin yeni razİngilislər çox fırıldaq camaatdır. Nəinki bizim neftimizi bp vasitəsiylə sümürüb aparırlar, üstəlik, o neftdən qalan dilənçi payını da yapistlərə cürbəcür torbalar tikib əlimizdən alırlar. “Evrovizion” oyunu təzə bitmişdi, indi də “Avropa oyunları” hoqqasını atıblar. Nəticədə Azərbaycanın pulları yenidən axıb xaricə gedir. İnanmırsınızsa, elə həmin İngiltərə mətbuatından bu sitata baxın:
“Simon Clegg Britaniya şirkətlərinin 2015-ci il Bakı Oyunlarına necə hazırlaşdıqları barədə danışıb.
Onun qəzetə müsahibəsinə görə “yüzlərlə” Britaniya şirkəti hökumətdən ictimai əlaqələrdən tutmuş, iaşə və tibb xidməti sahələrinədək “milyonlarla funt sterlinqlik” sifarişlər alır.
Məqalədə deyilir ki, Britaniya idmanında qüdrətli fiqurlardan biri olan cənab Clegg 3 ay bundan əvvəl Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru təyin edilib.
O qəzetə bildirib ki, hazırda özünün Bakıdakı ofisində London 2012 Olimpiadasının təşkilat komitəsində işləmiş 112 britaniyalı işçi çalışır". (“Azadlıq radiosu”).
Təsadüfi deyil ki, həmin bu Clegg müəllim Azərbaycanı “son dərəcə gözəl yer”, “yaşamaq üçün ən yaxşı ölkə” və sair təriflərə layiq görübdür. Əlbəttə. Belə qaz tapıb yolsam mən də deyərəm nə gözəl qazdır.
Amma Qərbdə tənqidci media da var və onlar Cleqqdən soruşublar ki, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərinə, jurnalistlərə divan tutur, belə ərazidə Avropa adına hansısa tədbiri keçirtmək nə dərəcədə düzgündür. Cleqq deyib: “Üç aydır Azərbaycanda dolaşıram, dediklərinizin şahidi olmamışam”.
Unikal cavabdır. Həm də həyasızlıq örnəyi kimi bizim yapistlərə də yaraya bilər. Bu ingilis idman məmurunun məntiqindən belə çıxır ki, hökumət Leyla Yunusu Kürdəxanıdakı havasız kamerada boğmaqdan əl çəkib “Koroğlu” metro stansiyasının üstündəki fəvvarə dəmir-dümüründən asmalı imiş, bəlkə o zaman Cleqq Azərbaycandakı repressiyaları görərmiş. Yoxsa hara baxsan alukobonid və hasarlardır, ölkəmizdə repressiyanı kimə aşkar göstərirlər ki? Bir növ, almanların Terezində yaratdığı “nümunəvi getto” kimi bir ölkəmiz var. Konfet kağızına bükülmüş təzəyi hər kəsə sırıyırlar. Əslində yuxarıda yazdığım kimi, sırımaq deyə bir şey yoxdur, əcnəbilər özlərini aldanmış kimi göstərir, neft-kürü yaxmacından qopardırlar. Azərbaycanlılar? Onların canı cəhənnəmə... Nə çoxdur dünyada belə sümürülən savadsız xalqlar... Bu da olsun növbətisi. Əllərinə şaqşaq ver, oyun-moyun ver, başları qarışsın.
Oyun-moyun yazdım yadıma düşdü, qabaqlar, mən uşaq olanda maraqlı bir uşaq nağılı var idi, təəssüf ki, indi unudulur, yazıram, gənc nəsil də bilsin. Təxminən bizim vəziyyətimiz təsvir edilibdir.
Deyir, bir qurd (misal üçün, Ergenekondan çıxan Bozqurd hesab edək) acıbmış, qabağına qoyun çıxır. İstəyir qoyunu yesin, qoyun deyir ki, qurd müəllim, gəl bir az gizlənpaç oynayaq, sonra məni yeyərsən. Qurd razılaşır, gözünü yumur, qoyun təpəni aşıb qaçır kəndə. Bundan sonra bir quzu tutur, quzu da deyir məni elə-belə yesən dadsız olar, icazə ver gedim istiot-duz gətirim, bu da belə sivişir. Nəhayət, at görür, at deyir dabanımda şokolad var, qabaqca onu ye, ağzın şirin olsun. Qurd əyilib bunun dabanına baxanda at təpiyi tutuzdurur, qurd sərilir yerə. Bir neçə saat sonra özünə gələn hörmətli Qurd yoldaş belə bir poeziya örnəyi səsləndirir:
“Getdin gördün qoyun, 
Neynirsən oyun-moyun, 
Ye qalsın quruca boyun. 
Getdin gördün quzu,
Neynirsən istiotu, duzu,
Ye qalsın quruca buynuzu.
Getdin gördün at,
Neynirsən şökolad?
Ye, yanında yıxıl yat".
Sonda Britaniya parlamentindən xahiş edirəm bu sənət əsərini tərcümə eləyib ingilis məktəblilərə oxutdurulmasına çalışsınlar. Lazım gəlsə Taleh Heydərova müraciət eləsinlər.
 

Bizə qoşulun