Medianews.az
Metsamor
479 baxış

Metsamor

zamin yeni raz
Hər kəs bir peşənin yiyəsidir, biz də rayonlarımızı geri qaytarmaq üzrə ixtisaslaşırıq. İgid əsgər Şveykdir, Zakir Həsənovdur, Suvorovdur, rəhmətlik Səfər Əbiyevdir - bizim bu sahədə uğurlarımız göz qabağındadır.
Uğur demişkən, ilin videotrendi artıq məlumdur: düşmənin hansısa yetim bir nümayəndəsini tutursan, vertolyotla-zadla gətirirsən generalın qabağında başını əyirsən, bunu kamera ilə çəkib yayırsan. Bu düşük, hətta deyərdim kişiyə yaraşmayan hərəkəti rus generallar Orxan Zeynalova tətbiq eləmişdilər, bundan sonra ermənilər Kəlbəcərə baş çəkməyə gedən azərbaycanlı Dilqəm Əsgərova qarşı törətdilər. Ardıyca bizimkilər tutulan xəstə erməniyə qarşı elədilər. Müharibə zamanı düşmən hansısa alçaq hərəkət eləyibsə, bunu mütləq təkrarlamaq lazımdır? Davanı mərdcəsinə də aparmaq olar.
Ancaq bunlar, əlbəttə, ciddi regionlar, ciddi xalqlar üçün söhbətlərdir, Qafqaz kimi dəlixanada yeri yoxdur. İxtisasımıza qayıdaq. Bir neçə oxucular məktub yazıblar, deyirlər ki, ermənilərin 5 rayonumuzu qaytaracağı söhbəti yenidən çıxıb, siz rayonlarımızın qaytarılması mövzusunda mütəxəssissizsiniz (burda çoxlu “s” və “z” hərfləri işlədilir ki, qəlbimizin torpaq sızıltısını oxucular duysunlar), nə fikirləşirsiniz, neçə rayon qaytarılacaq, əvvəl qaytarılanlar necə olacaq, borclu qalan tərəf kimdir və sairə.
Mən uca millətimizə təşəkkür edirəm, görürəm hər şeyi, namxuda, oxuyurlar, bilirlər, dəyərləndirirlər. Doğrudan da axırıncı dəfə biz 6 rayon qaytarmışdıq, indi 5 rayon da qaytarsaq, ümumi qaytarılan rayon sayı 11-ə çatacaqdır. Bəs o halda ermənilərə borclu qalmarıqmı? Əldə elədiyimiz əlavə rayonlar bizim nəyimizə gərəkdir? Həmin rayonlara prokuror, polis rəisi, MTN, icra başçısı vəzifələrinə qoymağa lazımi qədər kadr varmı? ASAN-xidmətin avtobusları çatırmı? Fikrimcə, prezidentlərin Soçi görüşündə sambo yarışı zamanı məhz bu detallar üzərində xüsusi dayanmaq lazımdır, hüquq müdafiəçisi İntiqam Əliyevdən intiqam almaq da öz yerində. Hər şeyin zamana ehtiyacı vardır. Bunu rəhmətlik Elçibəy deyibdir.
General Rövşən Əkbərovun dindirdiyi, az sonra isə cəsur generalımızın qətiyyətli qartal baxışlarına dözməyib ürəyi partlayıb ölən erməni diversant Karen Petrosyanın əhvalatı isə müharibə tarixinə daha bir yeniliyi əlavə etdi. Generalımız adından xəcalət çəkmədən açıqlanan məlumatdan sitat: “Tutulan erməni diversantın üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub. İlkin sorğu zamanı məlum olub ki, 4 nəfərik qrupun məqsədi ordumuzun mövqelərinin arxasına keçərək təxribat və insan tələfatı törətmək olub. Zərərsizləşdirilən erməni kəşfiyyatçısının üzərindən çıxan mobil telefonda bir sıra şəkillər və hərbi rəislərin nömrələri aşkar olunub. Şəkillərdə isə erməni kəşfiyyatçılarına təlim keçilən bazanın görüntüləri və oradakı hərbi texnika əks olunub” (APA).
Gördünüzmü? Əladır. Yaroslav Qaşek məzarda hərbi salam verir. Qabaqlar diversantlar düşmənin ərazisi və hərbi bazaları haqda məlumat əldə edirdilər, indi isə öz komandirlərinin mobil nömrəsini gətirir, öz hərbi bazalarının şəklini yayırlar. Lənət şeytana, elə bil diversiya qrupu Facebook-da səhifə-zad imiş, Rövşən Əkbərova da dostluq təklif edirmişlər. Əslində müharibə mahiyyətcə çox qeyri-ciddi bir şeydir, ancaq Qafqazda bunun lap ağını çıxardıblar. Yazıq insanlar...
Müdafiə nazirimiz Zakir müəllimin “Mingəçevir su anbarına ermənilər nəsə eləsələr, biz İrəvanı dağıdarıq” deməsi isə daha bir hərbi sirrin üstünü açmışdır. Sən demə Mingəçevirin cavabı İrəvan imiş. 6 rayonumuz ermənilərin 11 rayonuna bərabərdir. Göyçə gölü Göygölə, Spitak Şamaxıya, Noyemberyan Mərdəkana alternativdir. Preziden Aparatından bir kərpic düşsə biz Metsamor AES-i göyə sovurarıq.
Bax, bu niyə Zakir müəllimin ağlına gəlmir, maraqlıdır. Metsamor hamımız üçün, bütün Qafqaz üçün xilas olardı. Oranı partladıb cəhənnəmə vasil olardıq, dünyanın canı bir irindən qurtarardı.

Bizə qoşulun