Tətbiqi riyaziyyatda “Oyunlar nəzəriyyəsi” adlı bölüm var. Bunun banilərindən biri iqtisadiyyat üzrə Nobel ödülü almış amerikalı riyaziyyatçı alim Con Neş-dir. Neş-in həyatı haqda “Zəkanın oyunları” adlı məşhur film də çəkilib, yanılmıramsa baş rolu Rassel Krounun oynadığı o film “Oskar” qazanıb.
Oyunlar nəzəriyyəsini burada qısa şəkildə, köşənin imkan verdiyi qədər izah eləməyə çalışım. Misal üçün, bu nəzəriyyədə “İcmanın faciəsi” adlı bir haldan bəhs edilir. Bunu örüş misalında göstərmək olar. Bir örüş var, orda beş adam inək otarır. Əgər onların hamısı öz inəklərinin sayını artırmaq, qazanclarını çoxaltmaq istəsələr örüş yararsız hala düşəcək, axırda hamısı uduzacaq. Yox, əgər bu beş nəfərdən biri inək sayını az saxlasa, o zaman bu şəxs qalan dörd nəfərdən az qazanacaq. Yəni burada qarşılıqlı razılaşma, mənafe uyğunlaşdırılması olduqca vacibdir.
Sözümün canı nədir? Oyunlar nəzəriyyəsini neft “inəyinin” əmcəyinə bağlanmış cəmiyyətimizə tətbiq eləyib hansısa riyazi modellər qurmaq fikrim yoxdur. Qoy zəhmət çəksinlər bu işlə söyüd altında domino çırpan akademiklərimiz məşğul olsunlar. Sadəcə, Azərbaycanda rast gəldiyim bir çox hadisələr vaxtaşırı mənə oyunlar nəzəriyyəsini xatırladır, Con Neş müəllimə rəhmət oxuyuram. Ölməyibsə, lap yaxşı, diriyə də rəhmət düşür. Ya rəb, sən özün Con Neş-i o biri dünyada oyunlarsız qoyma, amin!
Bir haşiyə çıxaraq qeyd edim ki, mən özüm asudə vaxtlarımda kompüter oyunlarını, məsələn, “Lines” oynamağı sevirəm. Bu, çox mənasız bir oyundur, mahiyyəti 5 kürəciyi eyni xətt üzrə düzüb yoxa çıxartmaqdan ibarətdir. O zaman bunu niyə oynayırıq? Niyə dünya üzrə milyonlarla insan döşənib mobil telefonun, planşetlərin, kompüterlərin canına, oyun oynamaqla məşğuldur? Bu sadəcə “ludomaniya” - oyun oynamaq asılılığı, psixoloji sapmadırmı? Məncə, bu cür düşünmək çox bəsit izahat olardı. Sadəcə, çağdaş insanın üzərində böyük basqılar, gərginlik var, bu gərginliyi götürmək üçün insan oyun oynayır. Fikir versəniz bəzən bu kompüter oyunlarına elə aludə olurlar, yalan olmasın, ətlərini kəssən xəbər tutmazlar. Sizcə bu nədir? Nirvana! Ekstaz. Vəcd. Necə istəyirsiniz, hansı dinə inanırsızsa o cür də qəbul edin. Adamlar oyunlara girib dünyadan təcrid olunur, ruhi sakitlik tapırlar, həmin dəqiqələrdə heç nə düşünmürlər. Həyat mənasızdırsa, onu mənasız bir şeylə yola verirsən. Pazı pazla çıxartmaq misalındakı kimi.
Qayıdaq, necə deyərlər, “öz (q)oyunlarımızın yanına”. Bu yaxında xəbər lentində bir başlıq görmüşdüm, xeyli gülmüşdüm. Cümlə təxminən belə idi: “2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları üçün tunelin tikintisi davam edir”. Açıqlasam, yazıda söhbət ondan gedirdi ki, “Koroğlu” metrosu tərəfdə stadion tikilir, oyunlara görə ora gələcək şəxslərə hansısa bir tunel qayırmaq lazımdır.
Əgər diqqət eləsəniz Azərbaycanda son illər görülən işlərin hər biri hansısa oyunlar üçündür. “Evrovision” üçün tikilən saraydan tutmuş, hansısa nazirin oğlunun korrupsiya gəlirlərini yumaq üçün idmana şübhəli yatırımlar eləməsinə qədər. Vətənpərvərlik zurna-balabanından qolf meydançasına qədər və sairə. İqtidar xalqımızın oyunlara bağlılığına çox yaxşı bələddir. Qabaqlarına bir oyun qoy, başları qarışsın, rahatca ciblərinə gir. Yeri gəlmişkən, indi yadıma düşdü, bizim hətta məşhur filmlərimizdə də bu oyun nəzəriyyəsi öz əksini tapıb. İki sitat: “Abbasqulu ağanın nazıyla çox oynayırsan a, Kərbəlayi!” (“Axırıncı aşırım” filmindən); “Ayə, ay camaat, niyə oynamırsınız? Bu toydur, toyda oynayarlar!” (“Bəyin oğurlanması”).
Fikirləşsəniz, sizin də yadınıza onlarla misal düşəcək.
İqtidar bizim oyunlara rəğbətimizi bildiyi üçün bizə vaxtaşırı oyunlar verir, hər bir fəaliyyətini də oyunlar üzərində qurur. Bəs bizə nə qalır? Ay sağ olasan: oynamaq! Çal oynasın Əjdər əmi!
