Medianews.az
120-si bir boyda gəzən gözəllər...
502 baxış

120-si bir boyda gəzən gözəllər...

samir sari kose 1
Ortalıq qarışacaq kimi görünür. Yox, yox, ağlınız dərhal Qapanlıya, Quşçu Ayrıma, Aşağı Seyidəhmədliyə getməsin, söhbət atəşkəsin pozulmasından getmir.
(Hərçənd son zamanlar atəşkəsin pozulmasından qorxanlarla müqayisədə, “döyüş-döyüş” deyənlərimiz çoxalıb. Ey, sarsaq erməni, axır ki, bu camaatın beynini tərpətdin, öz başına iş açdın, indi gününü görərsən).
Söhbət avqustun axırında Bakımızda keçirilməsi nəzərdə tutulan gözəllik müsabiqəsindən gedir. Dünyanın 120 ölkəsindən gözəllər yığışıb Bakıya gələcəklər. Bu barədə yazan saytlar qeyd edir ki, gözəllər avqustun 13-dən gələcək, ta müsabiqə gününə (avqustun 27) qədər Bakıda, ölkəmizin yaşıl rayonlarında gəzəcək, dincələcək, əylənəcək, yeyib-içəcək və işləyəcəklər.
İşləmək deyəndə birtəhər çıxır, gözəllərin ən ağır işi paltar dəyişmək, yəni geyinib-soyunmaq və podiumda o başa-bu başa addımlamaq olacaq. Əlbəttə, bu da ağır işdir. Axtarsan, Qızıldaş karxanasında “KamAZ”-a 10 ton daş yükləmək qədər əziyyətli işdir. Amma neyləmək olar, incəsənət qurban tələb edir.
Əslində, 120 ölkədən ölkəmizə gələsi gözəllərin yeyib-içmək söhbəti də simvolik xarakter daşıyır. Çünki bu zalım qızlarının elə bir yeyib-içməkləri yoxdur, hamısı dietadadır. Bəlkə də onları toxmaqda döyülmə toğlu ətindən bişirilən lüləkababa qonaq etsək, hamısı dietanı unudub bəs qədər yeyər, ölkəmizdən kilo alıb gedərlər.
Söz sözü çəkib aparır, mətləbdən uzaqlaşırıq, onu deyirdim axı, “ortalıq qarışacaq” deyirdim.
Məsələ ondadır ki, bu saat gözəlləri qarşılayacaq, yola verəcək qədər gözəl gündə deyilik. Regionda, ölkəmizin bir şaqqasında müharibə gedir, itkilər var, camaat əndişəli, narahatdır. İnsanların hərbi parad gözlədiyi bir vaxtda gözəllərin paradı yerinə düşməyəcək. Gözəl vəsf etmək zamanı deyil.
Üstəlik, avqustda iki rayonumuzun işğal günüdür. Hər il avqustun üçüncü ongünlüyündə Bakıda konsert-filan, festival, atəşfəşanlıq olanda Füzuli və Cəbrayıl camaatının pisinə gəlir, söyüb-söylənirlər. İndi qorxasan, onlar gözəllərin festivalına da pis baxalar, yaxud heç baxmayalar, hətta orda-burda narazılıq-zad edələr.
Hələ bunun İranı var, İŞİD-i var.
Düzdür, indilikdə İŞİD-in başı Suriyada, İraqda baş kəsməyə qarışıqdır, gözəllik müsabiqəsi ilə maraqlanmağa vaxtı yoxdur, amma bu “dövlət”in ölkəmizdəki “elçi”ləri hesab edirlər ki, gözəllik müsabiqələri, konsertlər və sair zurna səsi, dəf guppultusu gələn mərasimlərin hamısı haramdır. Ona görə də onlar bu işə qarşıdır.
İran da gözəllik müsabiqələrini haram sayır və hesab edir ki, bu tərz hərəkətlər müsəlman əhalinin tərbiyəsini pozur.
Dünən bir saytda gözəllik müsabiqəsi haqqında xəbərin yerləşdirilməsindən 37 saniyə sonra İran agentləri xəbərin altına belə şərhlər yazmışdılar ki, rəsmi Bakı yenə beynəlxalq sionizmin layihələrinə qucaq açır.
Bu da o deməkdir ki, “Eurovision - 2012"-dəki haqq-hesablar, iranlı axundlarla azərbaycanlı məmurlar arasında yaşanmış ”ibnə-petux" söyüşməsi təkrarlana bilər.
Düzdür, biz yenə üzümüzü bozardıb “nə işinizə qalıb, öz dövlətimiz, öz sərhədimiz var, hansı tədbiri keçirərik, özümüz bilərik” deyəcəyik, amma olmur, arada qonşuluq münasibətləri pozulur.
Orası da var ki, iranlılar da gözəlliyə biganə deyillər, Kənan Doğulu demişkən, gözəldən anlarlar və hərəsi imkan olan yerdə girəvələyib 4-5 gözəl alırlar. Amma baxmayın, bir var, gözəlləri alıb, arvad eləyib, evə atasan, bir də var, gözəllər çıxıb podiumda gəzələr və millət də Bərdə bazarında cins düyə alırmış kimi onlara tamaşa edə, qiymət verə.
Təbii ki, məsələnin beynəlxalq tərəfi də var. Bakı Bakı olalı, 120 ölkənin gözəlini bir yerdə görməyib. Onlar gəlib ölkəmizin gözəlliklərini görəcək, gedib öz ölkələrində füsunkar və ecazkar mənzərələrimizdən, qonaqpərvərliyimizdən danışacaqlar. Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxarmaq baxımından bu çox yaxşı tədbirdir. Biz informasiya blokadasını aşmalıyıq. Həmin gözəllərin hər birinə Qarabağ münaqişəsi barədə həqiqətləri danışmalı, onların əlinə müvafiq disklər verməliyik.
Gün o gün olsun, o cür gözəllik müsabiqəsini Şuşada, Cıdır düzündə keçirək.

Bizə qoşulun