Gürcüstanın “Çixura” komandasının Bakıya gələn azarkeşlərinin stadionda lotuluq eləmələrini, ərazi iddiası sərgiləyən şüar qaldırmalarını göstərən fotolara və videokadrlara baxanda yadıma SSRİ-nin axır illərində baş verən bir hadisə düşdü.
O vədə Bakıya qonaq gəlmişdim, gecə qatarıyla Kirovabada, yəni indiki Gəncəyə qayıtmalıydım. Əmoğlu ilə dəmiryol vağzalına gəldik, bilet aldıq, perrona qalxdıq. Biz platformaya tərəf gedəndə bir də gördük, “Moskva-Bakı” qatarı dayanıb və içindən çoxlu sarı gədələr tökülür. Azı 150 nəfər. Onlar üç-üç, beş-beş bizə tərəf gəlirdilər, amma sakit gəlmirdilər, qatardan endikləri andan başlayaraq anqırışırdılar, sanasan, mart ayıdır və uzun müddət bağlı qalmış eşşəyi açıq havaya buraxıblar. Uzun-uzun gədələr idi, hamısı içkiliydi, əllərində də pivə butulkaları var idi. Arada “Spartak çempion” deyə bağırmalarından anlaşılırdı ki, bunlar Moskvanın “Spartak” komandasının fanatlarıdır, sabah baş tutacaq “Neftçi-Spartak” matçını izləməyə, Allah qoymasa, doğma komandalarına dəstək verməyə gəliblər.
O vaxtlar “Neftçi” SSRİ çempionatında xroniki olaraq 13-cü yeri tuturdu, iki qələbəni ard-arda qazandığı olmurdu, amma bir iş də vardı ki, hərdən “Spartak”ı Bakıdan peşman yola salırdı. Hətta ondan bir il qabaq “Neftçi” “Spartak”ı 2:1 hesabıyla udmuşdu, oyunun ən yaxşısı olaraq Rinat Dasayev seçilmişdi. Bu da o anlama gəlirdi ki, Dasayev yaxşı oynamasaymış, “Neftçi” həmişə çempionluğa oynayan “Spartak”ın qapısını doldurarmış. Məhz buna görə də Dasayev mükafatını almaqdan nümayişkarənə şəkildə imtina etmiş, o dövrün prizmasından yanaşsaq, sovet idmançısına, komsomolçuya yaraşmayan hərəkətə yol vermişdi.
Yəni “Spartak” və “Neftçi” arasında intriqa var idi və Bakıya qatarla gələn azarkeşlər bəlkə də buna görə aqressiv idilər, konkret olaraq, dəmiryol vağzalında yabılıq edirdilər.
Əsgərlikdən yeni gəlmiş əmoğlu ilə biz bir tərəfdə durmuşduq. Futbol xuliqanları bağıra-bağıra yanımızdan, yarım metrliyimizdən keçirdilər. Birdən onlardan ikisi qəsdən bizə çiyin vurub keçdilər. Zərbə mən tərəfdən tutdu və hirsləndim, əlbəyaxa davaya girişmək üçün dönəndə əmoğlu xuliqanların çox, aqressiv və içkili, bizim isə cəmi iki nəfər olduğumuza işarə edərək, dedi, dayan, onlar bizi burda çırparlar.
Bununla belə, xuliqan gədələrin dünyanın o başından gəlib Bakıda adama çiyin vurmaları asanlıqla sindiriləcək hadisə deyildi, durduqca adam hiddətlənirdi. Xuliqanların dalınca gedəsi olduq. 10-15 addım atmışdıq ki, çığırışma səsi eşitdik. Platforma meydanından vağzalın kassalarına enən açıq pilləkənlərdə iğtişaş vardı. Yaxınlaşdıq, gördük ki, bay, qırmızı papaq milislər xuliqanlardan dörd-beşini cələkləyiblər. Onlar da “bləd”, “bləd” deyə çığırır, dartınırlar. Heç demə, qabaqlarına çıxana çiyin vura-vura irəliləyən xuliqanlar gəlib pilləkəndə ilişiblər və milislər tökülüşüb onlardan ən fəallarını tutublar. Milislərə yaşı 30-35 arasında, boyu 1,65-dən artıq olmayan mülki paltarlı bir şəxs rəhbərlik edirdi. Güman ki, o bölmə rəisi idi. Gədələr isə söyə-söyə dartınmaqdaydılar. Birdən o tösmərək şəxs havaya sıçrayaraq dartınmaqda olan uzun gədənin suratına yağlı bir şillə çəkdi. Şillənin səsi 20 metr radiusda necə yayıldısa, pilləkənin lap aşağısında və lap yuxarısında milisə müqavimət göstərmək istəyən digər xuliqanlar da sakitləşdi. Amma tösmərək rəis yerə düşəndən sonra ikinci sıçrayışla artıq dartınmayan digər xuliqana da bir şillə tutuzdurdu. Bu iki şillə ilə “Spartak”ın müdafiə sistemi çökdü. Xuliqanlardan biri ağlamsındı: “Proşu vas, otpustite nas”.
Tösmərək rəis göstəriş verdi: “Bunları basın maşına, aparın “otdel”ə. Tam razberyomsya”. Onları apardılar, biz də hadisədən xeyli dərəcədə məmnun qaldıq.
İyulun 31-də “Çixura”nın xuliqan azarkeşləri də o cür şillələnərək bölmələrə aparılmalıydı. Onların açdıqları transparant kağız və ya parça olmasından asılı olmayaraq özlərinə yedirilməliydi. Demirlərmi, Qax və Zaqatala Gürcüstanındır, al, hələlik bunu nuş elə, elə bil ki, bölgənin delikatesidir, sürhüllüdür.
Başqa vaxt, öz patriotlarımızı tutanda başlarını sığallamırlar ki. Eyni hörməti gürcü faşistlərinə də göstərmək lazım idi.
P.S. Dostlardan biri yazıb ki, qudurğan qonaqlar Bakıdan necə lazımdır, yola salınıblar - "Spartak" azarkeşlərindən də yaxşı...
