Medianews.az
Bu 37 deyil
633 baxış

Bu 37 deyil

zamin yeni raz

Son günlər yenə “1937-ci ili yaşayırıq!” söhbətləri qızışıb, istərdim buna yüngülvari etirazımı bildirim. Bizdə demokratik şəraitdir, 37-ci il repressiyalarına hələ çox vardır. Terminoloji yanaşma çox vacibdir. Bir sözü səhv yazmağın üstündə adam ölə bilər. Hələ vergülü demirəm.

Misal üçün, bizdə bəzi hakimiyyətin xoşlamadığı şəxsləri tutublar, onların bəzi ailə üzvləri isə azadlıqda yaşayır, hələ Kürdəxanıya sovqat aparırlar. Təsəvvür edin ki, Mikayıl Müşfiqin yanına Dilbər xanım pay aparırdı. Gəmiyə minirdi bulvarda, gedirdi Narginə. Belə şeyi 37-də ağla gətirmək olmazdı. O zaman hətta vətən xainlərinin ailə üzvlərini, xanımlarını saxlamaq üçün ayrıca cəza düşərgələri düzəltmişdilər. İndi qısaca onlardan biri haqda yazacağam.
Qazaxıstanın Akmolinsk vilayətində 1938-1953-cü illər arasında “QULAQ arxipelaq”ına daxil düşərgələrdən biri -  ALJİR yerləşib. Əlcəzairin ruscası olan bu sözün açılımı isə belə imiş: “Akmolinskiy lager jen izmennikov Rodinı”. Bizim dilə çevirsək, vətən xainlərinin xanımlarının Akmolinsk düşərgəsi. Təkcə 1938-ci ildə bu düşərgədə saxlanılan qadınların sayı 8 min nəfər olub!
Bizdə isə, yenə bunu yazmağa məcburam, hələlik bütöv ailəliklə tutulan, repressiya edilənlərin sayı azdır. Yunus ailəsi, bir ara Qənimət Zahidov və Mirzə Sakit qardaşları, yenə son günlər Fərəc və Sirac Kərimli qardaşlarıE Başqa kim var? Ola bilsin ailəlikcə tutulanlardan kimsə yadımdan çıxdı, ancaq gəlin etiraf edək ki, bizdə onların sayı elə də çox deyildir, buna görə möhtərəm dövlət rəhbərinə dərin təşəkkürümüzü bildirir, Kürdəmir qaçqınları adından söz verirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində onun xarici və daxili siyasətini dəstəkləyərək YAP-ın namizədlərinə çoxlu səs verəcəyəm!
Şişirtmə lazım deyil, hər şeyi öz adıyla çağırmalıyıq, respublikamızda aparılan dinc quruculuq işlərini görməliyik. 1937-ci ildə Bakıda heç Amerika səfirliyi də yox idi, səfir Morninqstar isə tutulan adamlara görə narahat deyildi. Bəyəm bunlar inkişaf sayılmır? Azərbaycan Yazıçılar Birliyi təzəlikcə qurultayını keçirtdi, salonda isə heç bir şairin başını kəsmədilər. Halbuki, təkcə 1937-ci ilin bir kvartalında AYB-nin Natəvan salonunda qarnı cırılan şair sayı 700-ə çatmışdı. Rəsul Rza işgəncə altında “Lenin” poeması yazırdı, ancaq indi müxalifət lideri Cəmil Həsənli onun oğlu, cəsur ürəkli şotland üsyançı Anar müəllim Uollesin kitabına ön sözü asudə şəkildə yazır.
Leyla Yunusa irəli sürülən ittihamlardan biri “qanunsuz sahibkarlıq” adlanır. Təsəvvür edirsinizmi? Elə bil Leyla xanım nazir imiş, özünə şirkət açıb “Lalə” (məsəl üçün) şirəsi buraxırmış. Xaricdə ofşoru varmış. Ancaq bunlar indilik mövzumuz deyil. Bizi düşündürən problemin 1937-ci ilə bənzərliyidir. Varmı? Qəti yoxdur. Çünki o zaman repressiya edilənləri sahibkarlıqda yox, uzağı qolçomaq olmaqda suçlayardılar.
Elə ən son hadisəni - cəbhə xəttində 8-9-10-11 (elə də böyük önəmi yoxdur neçə nəfərdirlər, onsuz hamısı Fatmanisə arvadın yetimləridir) əsgərimizin həlak olmasını götürək. Bəyəm 37-ci ildə əsgərlər ölürdü? Qətiyyən! Yoldaş Stalin o vaxt generalları öldürürdü. Aşağısı mayor. Sonra almanlar gələndə komandirlik eləməyə zabit də tapmamışdı. Bizdə isə generallar asudə dolaşır, villa alır, maşın sürürlər. Bircə admiral ilişdi, onunla da 37-nin başı düzəlmir, bir güllə bahar olmadığı fason.
Yazımın sonunda bir daha vətəndaşlarımızı ayıq-sayıq olmağa, vətəni sevməyə, rayon icra hakimiyyətinə hörmət etməyə, yerli sahə müvəkkilinə baş əyməyə, qonşuya salam verməyə, avtobusda özündən böyüklərə və kiçiklərə yer verməyə çağırıram. Həmçinin, Müsavatın başqanı zənci olmalıdır!

Bizə qoşulun