Medianews.az
Ülvi eşqin intihar mərtəbəsi
503 baxış

Ülvi eşqin intihar mərtəbəsi

samir sari kose 1
Özündən sitat gətirməyi sevən yazarlara oxşayacağımı bilə-bilə, srağagünkü hadisə barədə yazarkən illər öncə yazdığım bir hekayəni xatırlatmalı oluram.  Öncə onu deyim ki, srağagün paytaxtımızda baş verən hadisə bundan ibarət idi: 19 yaşlı bir gənc 15 mərtəbəli binanın orta mərtəbələrindən birinin eyvanında oturub ayağını aşağı salmışdı və deyirdi ki, özünü yerə atacaq, yəni intihar edəcək. Səbəb də nəymiş? Bəs bunun sevdiyi qız bundan ayrılmaq qərarına gəlib, ona görə də gənc ayrılıq fəraqına, sevgi möhnətinə dözmək niyyətində deyil, qərar verib ki, həyatla vidalaşsın.
“Mexiko oçenta u seys - hekayələr” kitabımda dərc olunan “Onbeşmərtəbəli evin altıncı mərtəbəsi” adlı hekayəmdə də söhbət eynilə belə bir hadisədən - çoxmərtəbəli binanın altıncı mərtəbəsinə çıxıb özünü atacağını anons edən bir nəfərdən gedir. İntəhası, o sevən gənc deyil, sosial ədalətsizlikdən çılğınlaşmış birisidir, fantastik tələblər irəli sürür, deyir, yoxsa özümü atacam. Millət yığılır, insanlar həyəcanlanır, jurnalistlər tökülüb gəlir, haray-həşir, yalvar-yaxar, dilətutma-filan, axır ki, kişini birtəhər özünü öldürməkdən daşındırırlar. Arada yarımçıq onbeşmərtəbəni tikən şirkətin sahibi də gəlir, yalvarır ki, adam özünü atmasın, yoxsa onun dərisini soyacaqlar. Xülasə, kişini dilə tutub aşağı endirir, maşına basıb dəlixanaya aparırlar.
Srağagün də həmin mənzərə yaranmışdı: camaat hadisə baş verəcək yerə yığılmışdı, hamı həyəcanlıydı. Bəzi adamlar hətta oğlanın özünü atacağı təqdirdə yerə dəyib papp eləməsini görməmək üçün üzlərini döndərəməyə hazır vəziyyətdə idilər, jurnalistlər canlı yayım verirdilər, hadisə yerinə polislər, FHN-in işçiləri gəlmişdilər və yalvar-yaxar prosesi gedirdi.
Mənim hekayəmdə belə bir epizod var, kişinin özünü atmağı gecikdirməsini görən tamaşaçılardan biri bezir, yanındakına deyir, bundan özünü atan olmaz, gəl, çıxıb gedək. Srağagün də eləymiş, bəzi tamaşaçılar özünü atmaqla hədələyən oğlanı qətiyyətsizlikdə, söz verib yerinə yetirməməkdə, hətta dələduzluqda günahlandırırmışlar.
Doğrudan da əcəb işdir, ay adam, əgər özünü atmağa psixoloji cəhətdən hazır deyilsənsə, çıxıb binanın təpəsində tərəddüd edəcəksənsə, orda nə işin var, ta camaatın vaxtını niyə alırsan, hamı iş-güc adamıdır.
Ancaq belə məlum olur ki, gəncin fikri intihar etmək deyilmiş, sadəcə, loru dildə desək, ona “otval” vermiş sevgilisini şantaj edirmiş, deyirmiş, xəbər verin, o gəlsin, gəlməsə, özünü atacaq.
Reportyorların hadisə yerindən verdiyi canlı yayım sayəsində durumdan hali olan gənc həmkarlardan biri dedi ki, vallah, deyəsən, bu gədə qaşınır, beyni çönüb, nə dediyini bilmir, indi o qızın özü yox, qardaşı gələcək və onu ordan aşağı atacaq.
Yaxşı ki, hadisə yerindəki polislər və FHN işçiləri növcavanın başını bişirərək onu özünü öldürməkdən və başqa biabırçılıqlardan qoruyublar. Yoxsa kim bilir, nələr olardı.
Belə haqq-hesablar ölkəmizə yeni-yeni gəlib, qabaqlar biz bu cür epizodları türk filmlərində və seriallarında görərdik. Allahdan, “özümü atacam” deyə xəlayiqi şantaj edənlərin hamısı sağ-salamat qurtulurdu.
Güman ki, indən belə də bu cür hadisələr olacaq, camaat həyəcanlanacaq. Hamının əsəb sistemi bir deyil axı. Üzünü ağlamsınmış halda yuxarı tutaraq, “ay bala, qurban olum, cavansan, etmə, eləmə” deyənlərlə yanaşı “n” qədər adam da tapmaq olar ki, hiddətli şəkildə bağırarlar: “Adə, cəhənnəmə at, gora at, atmayan oğraşdır”. Əslində, bu sözdən sonra özünü atmaq istəyən şəxsin qeyrəti varsa, aşağı düşüb onu bu sayaq təhrik edənlərlə dalaşmalıdır.
Bəzi müdrik insanlar isə deyirlər ki, Allah eləsin, o qız o gədəylə barışsın və onlar bir müddətdən sonra evlənsinlər, görsünlər, bu ülvi eşqin mabədi nə təhər olur. Soruşuruq, necə olur ki. Deyir, heç necə, bir müddətdən sonra sözləri çəpləşəcək, qız deyəcək, sənə gəldiyim günə daş düşəydi, oğlan da deyəcək, keşkə o vaxt binanın başında ayağım sürüşəydi, təpəsi üstə yerə gələydim, amma səni almayaydım, vəssalam.
Hər halda, maraqlıdır. Gərək o oğlanın ünvanını götürüb sonrakı taleyi ilə maraqlanaq.

Bizə qoşulun