Medianews.az
Darıxıb gələnlərin karıxması
464 baxış

Darıxıb gələnlərin karıxması

samir sari kose 1
Bizim adamlar ölkədən çıxandan qısa bir müddətdən sonra “vətənimə qurban olum” havasına köklənir, ya telefonla danışanda, ya da sosial şəbəkələrdə Bakıdan ötrü darıxdıqlarından, cənnətə oxşayan qürbətin əslində çəkilməz bir yer olduğundan danışır, yazırlar.
Adam gərək düzünü, səmimisini desin, nəyə görəsə məndə elə deyil. Arada hətta özümdən şübhələnirəm ki, bəlkə mən kifayət qədər patriot deyiləm, bəlkə doğma Bakının gözəlliklərini yaxşı görmürəm. Sonra fikirləşirəm ki, yox, bunların heç biri deyil, sadəcə, məsələyə emosiyasız, riqqətsiz yanaşmaq lazımdır.
Budur, bugünlərdə 3-5 gün ölkədən kənarda oldum, 47 fərqli millətə mənsub minlərlə adam gördüm, amma doğma, əziz Bakımızdan ötrü zərrə qədər darıxmadım. Əksinə, yadıma düşəndə ki, yenə o qarmaqarışıqlığın, tıxacların, yersiz, cılız intriqaların içinə qayıdacağam, darıxırdım.
Bəlkə də bu yazdıqlarım xaricdə olduqları vaxt “vətən həsrətindən qovruldum, bitdim”, “Bakının mərkəzində addımlamaq üçün nələr, nələr verərdim” yazanların xoşuna gəlməyəcək, amma məncə, o fikirlər qeyri-səmimidir, türkün sözü, tribunlara oynamaqdır. Əslində həmin şəxslər ya kimlərinsə gözünə patriot kimi görünmək istəyirlər, ya da ötəri duyğusal ovqata qapılıb böylə şeylər yazırlar.
Ölkədən kənarda olduğum vaxtda bir dalaşan, boğuşan, itələşən, səsini qaldıran, növbəyə riayət etməyən görmədim, hamı bir-birinə “pardon”, “sorri”, “ekskyüzmi”, “mersi”, “sənk yu” deyir, elə şeylər də eşidirdi, amma elə ki, Bakıya endik...
Elə aeroportdaca iki davanın şahidi oldum. Birində pasport kontrolundan keçmək üçün növbəyə dayanmış adamlar mübahisəyə girişdilər. Mübahisə tərəfdaşları 35-40 yaşlı adamlar idi, hərəsinin öz müşayiətçiləri də vardı. Mübahisə kimin daha öndə olması üstündəydi. Biri deyirdi ki, onun çamadanı 5 santimetr qabaqdaydı, demək, o digərindən öndə olmalıdır. O biri də deyirdi ki, öndəki adamın ardında ilk olaraq o növbəyə dayanıb, demək, pasporta möhür vuran məmurlara da birinci o yaxınlaşmalıdır.
Əslində bu, mübahisə predmeti olmamalıydı. Çünki bir-iki dəqiqə qabağa düşmək heç nəyi həll eləmirdi, onsuz da baqajları almaq üçün hamı 15-20 dəqiqə gözləyir. Ha sırada gözləmiş, ha çamadanları gətirən elevatorun qırağında gözləmiş.
Amma mübahisə edənlər bu adi həqiqəti nəzərə almadılar və az qaldılar əlbəyaxa olsunlar, səslərini qaldırdılar. Arada onların yanındakı adamlar da mübahisəyə qoşuldular. Biri o birinə dedi ki, səsini qaldırma, yoxsa, pis olar. O biri də dedi ki, pis olub nə olacaq. Bu biri dedi ki, yaxşı, burdan çıxaq, bayırda danışarıq. O biri də dedi ki, danışarıq, amma yerində sakit dur, başın ağrıyar.
Ətrafda mühafizə polisləri olmasaydı, onlar, bişəkk, tutaşacaqdılar. Birinin növbəsi çatdı, irəli getdi, mübahisə bitdi. Daha bilmədim, onlar aeroportdan çıxdıqdan sonra bir kənarda görüşüb dalaşdılarmı. Hərçənd bıçaqlaşma ehtimalı yox idi, çünki üstlərində soyuq silah daşımırdılar.
Kişilərin mübahisəsi bitəndən 20-30 saniyə sonra daha bir çığır-bağır sol tərəfdən gəldi. Bu dəfə bir xanım və onu müşayiət edən cantaraq oğlan aeroportun mühafizə xidmətinin əməkdaşı ilə dartışırdılar. Qız çığıra-çığıra deyirdi ki, siz kimsiniz mənim əlimdən telefonumu alırsınız. Oğlan da yüksək səslə və ötkəm halda deyirdi ki, siz vətəndaşın şəxsi əmlakını əlindən hansı haqla alırsınız. Qız deyirdi, bu saat papama zəng edəcəm. Oğlan deyirdi, sizdən şikayət edəcəyik, gününüzü görəcəksiniz. Aeroportun mühafizə xidmətinin işçisi heç nə demirdi. Digər mühafizəçilər də onlara yaxınlaşdılar. Camaat tamaşaya durdu. Məlum oldu ki, oğlan qızın şəklini çəkib, bu isə təhlükəsizlik qaydalarına zidd olduğundan mühafizəçi telefonu qızın əlindən almaq istəyəndə ara qarışıb. Bir qədər çığır-bağırdan sonra münaqişə sülhlə bitdi.
Bax, biz beləyik. Hər dəqiqə dalaşmağa, mübahisə etməyə hazırıq. Növbə nədir, basıb keçməliyik. Mütləq tanış axtaracağıq ki, bizi başqalarından qabağa salsın. Bu dəfə o imtiyazdan bir qadın və onun yanındakı dörd qız yararlandı. Bir aeroport əməkdaşı onları növbədən çıxardı və aparıb xarici vətəndaşlar üçün nəzərdə tutulan məntəqədən keçirdi.
Xaricdən vətən üçün darıxıb gələn və bir an öncə doğma ölkəyə qədəm basmağa tələsənlər bu mənzərələri görüb karıxanlar acı-acı başlarını bulayırdılar...

Bizə qoşulun