
Mən də bəyan edirəm ki, Ancelina Colidən ayrılıram
Deputatxana məhkəmələr haqda qanuna dəyişiklik etmək istəyir. Prezident Administrasiyasından göstəriş belə gəlmişdir. Doğrusu, xəbərim olmadı bu dəyişiklik qüvvəyə mindimi, ya hələ qüvvəni minməyə hazırlaşır. Həm də bunun nə önəmi var ki? Təsəvvür edin, nəzərdə tutulan dəyişiklikdən biri andlı iclasçılar haqda maddənin tamamilə ləğvindən ibarətdir. Yəqin xarici kinolarda-zadda belə şeylər görmüsünüz. Cəmiyyət nümayəndələrindən müəyyən sayda adam seçilir, onlara andlılar deyilir, həmin andlılar məhkəmədə qərar çıxardırlar. Lakin biri var sifarişi 1 adama verəsən, biri də var 12 adama. Rahatı və ucuzu 1 hakimdir. Bu baxımdan, yapokratlar andlılar məhkəməsini heç yaratmadılar. İndi çox gülməlidir ki, heç vaxt işləməmiş maddəni ləğv eləyirlər. Qalsa nə olacaqdı? Yenə heç zad. Görünür deputatxana və administrasiyada bekarçılıqdır. Milçək tutmaqdan yorulanda qanunlara dəyişiklik qayırırlar.
Başqa bir dəyişiklik qanunun “Hakimlərin müstəqilliyi” adlı komediya janrındakı bölümünə ediləcəkmiş. Hakimlərin fəaliyyətinə kənar müdaxilə olsa onlar Məhkəmə-Hüquq Şurası adlı idarəyə müraciət edəcəkmişlər.
İndi biz bunu necə anlayaq? Axı Azərbaycanda hakimlərin fəaliyyətinə heç bir kənar müdaxilədən söhbət gedə bilməz. Uzağı Prezident Administrasiyasından göstəriş verirlər ki, filan siyasi məhbusa 10 il, behman vicdan dustağına 15 il yapışdırın, getsinlər. Hakimləri də cənab prezident özü vəzifəyə qoyur, pul verir, villa verir, medal verir, uşaqlarına maşın alır, toylarına nəmər salır və sair. Yəni, hakimlər elə prezidentin işçiləridir, burda müdaxilə-zad yoxdur. Bəlkə kimsə hakimə rüşvət verib? İnandırıcı deyil. İstəyirsinizsə lap söyüş qoyaq: rüşvət alan hakim itin balasıdır! Yoxdur belə şeylər, respublikamızın adını batırmayın.
Hakimlərin əmək qabiliyyətini 6 aydan çox itirməsi maddəsinə də dəyişiklik nəzərdə tutulurmuş. Belə hakimləri işdən çıxardacaqlar. Düzü, bunu heç başa düşmədim. Bilmədim əmək qabiliyyəti deyərkən nədən söhbət gedir, ümumiyyətlə hakimlər hansısa əməklə məşğul olurmu? Bağında ağac dibi belləyən, şəxsi fermer təsərrüfatındakı qoyunlara ot verən hakimdən söhbət gedirsə, bunun kimə dəxli var? İstəsə 6 ay yox, lap 12 ay qoyuna yem verməz. O cür kadrı buna görə işdən qovarlar? Ayıb deyilmi!? Ramiz, eşidirsən məni?
Yeri gəlmişkən, bir versiyaya görə məhkəmə qanununa dəyişiklik təklifləri elə həmin Ramiz müəllimin “zavmaqlıq” elədiyi dükandan - Ali Məhkəmədən gəlmişdir. İnanan daşa dönsün. Ali Məhkəmənin nəyinə lazımdır qanunu dəyişdirmək? Orda indiyə qədər kim qanunla qərar çıxardıb?
Amma yox, bəzən babat xərc qoyanda qanunun-zadın dalından basıb “xoda” salmaq mümkün olur. Məsələn, keçən həftə qəzetdə elmi fantastika janrında bir xəbər oxumuşdum: yanılmıramsa Gəncədə məhkəmə narkotik ticarətində adı hallanan şəxsə bəraət hökmü çıxartmışdı. Adamın üzünə duran yalançı polis şahidləri bu tipli işlərdə son 4 ildə 27 dəfə şahid (oxu: “üzəduran”) olubmuşlar! Təsəvvür edin, bu boyda zırıltı saxtakarlığa hətta hakim kimi üzü-üzlər görmüş peşə yiyəsi dözməyibdir.
Keçən həftə prezidentin sərəncamı ilə Cinayət Məcəlləsi də ağırlaşdırıldı. Ta adamı tutanda 20-25 il cəza kəsmək mümkün olacaqdır. Qalır bircə dar ağacını, şaqqalayıb şəhər darvazasından asmağı, paza keçirtməyi, dərisini soymağı, təpəsinə güllə vurmağı və sairəni bərpa eləmək. Beynəlxalq təcrübədən elektrik stulu, gilyotin də götürülə bilər.