Medianews.az
Mazoxistlərin paytaxtı
487 baxış

Mazoxistlərin paytaxtı

zamin yeni raz
Mən camaatımızın “kimə ataq qabağa düşək” siyasətini həmişə dəstəkləmişəm, bununla fəxr edirəm, fəxr edirəm ki, azərbaycanlıyam. Bəs necə, bəlkə mən doğulardım Gürcüstanda, adımı da qoyardılar Vaxtanq, ya Givi. Biabırçılıq olardı. Təsəvvür edirsinizmi adım Givi olsun? Yox bir, kivi. Adamın adı Məmmədağa olar, Cəbrayıl olar, Əlizamin olar, bəd ayaqda Baləmi olar... Yoxsa Vaxtanq nədir? Nə isə, uzun söhbətdir.
Dediyim odur ki, mən Azərbaycanda yaşamağımla fəxr edirəm, qürur duyuram, sevinirəm, gündə yeddi dəfə də dombalaq aşmağa çalışıram. “Çalışıram” ona görə yazdım ki, qabaqlar bu proses çox asanlıqla baş verirdi, lakin iqtisadi dirçəlişimiz səbəbindən üzr istəyirəm, bir az qarın çıxıb, dombalaq aşmaq çətinləşib. Bu mənada möhtərəm cənab prezidentin Yunanıstanın paytaxtı Afina şəhərində dediyi “Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb” sözlərinə mənim qətiyyən şübhəm yoxdur, imkan olsaydı biz də gedib Peloponnes yarımadasında bir az gəzib-dolaşardıq.
Hə, atmaqdan danışırdıq axı. 3-4 il qabaq bir tanışa bağ sahəsi lazım idi, durub getdik cındırından cin ürkən, dənizə çıxışı 5 metr hündürlüyündə hasarla bağlanmış Abşeron kəndlərindən birinə. Burda makler bizi apardı bir nəfərin yanına, adam da bomboz qumluq bir sahəni göstərib dedi ki, buranı sizə 100 min dollara sataram. Tanışım həmin tipin və “bağın” miskin görkəminə baxıb heç vaxt unutmayacağım, onu gözümdə Nitşe, Dostoyevski, nə bilim, canım sənə desin, Mirzə Fətəli Axundov və Viktor Hüqo səviyyəsinə qaldıran tarixi sualını verdi: “Sən heç yüz min dolları canlı şəkildə görmüsənmi?”. Təbii ki, bundan sonra yüngülvari söyüşmə, yaxalaşma oldu, biz də “bağın” qumunu təpiklə dağıdıb (guya qapını çırpırdıq, ancaq qapı yox idi) getdik.
İndi də hərdən orda-burda Bakının ev-eşik bazarından fantastik qiymətlər rastıma çıxanda o söhbəti xatırlayıram. Görürsən biri qotur bir bina düzəldir, sonra internetə qiymətlərini qoyur: “Bu villa 20 milyon dollara satılır”. Rəhmətliyin oğlu, elə bil Karib dənizində ada-zad satır. Ya da deyərsən bunun bir kərpici qızıldan, bir kərpici gümüşdən hazırlanıbdır, memarı rəhmətlik Əcəmi olub, mənzərəsi də Fudziyama dağına açılır. Halbuki, tam əksinədir: binanı zir-zibil qarışıqlarından tikiblər, memarı İnşaat Mühəndisləri İnstitutunu kəsirlə bitirmiş Cəfərquludur, mənzərəsi də tozlu, kirli-pasaqlı Bakı küçəsinə açılır.
Hər hansı şəhərdə yaşamağı bahalı eləyən müəyyən şərtlər var, ancaq bunların demək olar heç birisi Bakıda yoxdur. Bakıda ev bazarında qoyulan qiymətlər birmənalı olaraq uydurma, yalançı, bayaq yazdığım “kimə ataq qabağa düşək” stilində qiymətlərdir. Məsələn, şəhəri bahalı eləyən onun tarixidir - Bakıda tarix adına heç zad qalmayıb, yapokratlar Qız qalasının içini də hamam kimi kafelləyiblər.
Şəhəri bahalaşdıran onun iqtisadi, siyasi, sosial sabitliyi, inkişafıdır. Bakı bu saat dünyaya Xəzər neftindən başqa nə verir? Heç nə. Siyasi baxımdan avtoritar bir rejimin paytaxtıdır, sosiallıqdan da heç danışmayaq, insanlar dolanışıq dərdindən bir-birinin ətini yeməyə hazırdır.
Yaxşı təhsil, səhiyyə xidmətləri, inkişaf etmiş nəqliyyat infrastrukturu, keyfiyyətli kommunal xidmətlər - Bakıda bunun hansı var ki, bizim xəbərimiz yoxdur?
Ekologiya, təbii gözəlliklər də şəhərlərin bahalı həyatına təsir edir. Ancaq Bakı ekoloji baxımdan dünyanın ən çirkli şəhərlərindən biridir, 2-3 il qabaq hətta 1-ci yerə çıxmışdı, indi xəbərim yoxdur. Kanalizasiya suları axan, dibində bir metr hündürlüyündə çirkab-mazut qatı yığılmış bir buxtanı da üstünə gəlin. Bu şəhərdə evlər niyə baha olsun ki? Əcaib məntiqdir. Ancaq mazoxistlər belə şəhərdə ev almaq üçün külli miqdarda pul sərf eləyər. Dahi rəhbər demişkən, xalqımız dözümlü xalqdır.

Bizə qoşulun