Dahi şairimizin çox yaxşı bir şeiri var, deyir: “Sağlığında qiymət verin insanlara, Heç vaxt siz qiymət verməyin dovşanlara”. Gözəl sözlərdir.
Ümumiyyətlə, xalqımızın əsas sərvəti neft, qaz, göbələk, armud, dana basdırması deyildir, bizim əsas sərvətimiz insanlarımızdır. Bu haqda da dahi rəhbərin qiymətli fikri olmalıdır, harasa yazıb qoymuşam, tapanda sizə də xəbər eləyərəm, hələlik birtəhər dözün.
Bəs görək uca millətimiz insan kapitalı baxımından yarımışdırmı? Bəli! Dünyada olan 11 insan tipindən 9-u ölkəmizdə yaşayır. And olsun işğal edilən torpaqlarımıza, srağagün mən 92 saylı avtobusda bir qardaş gördüm, deyərdin fırt eləyib Barak Obamanın burnundan düşüb. Hətta zəng vurub kiməsə “Ağaqulunun qum kisəsini qaytar, mazqimi xarab eləyib” deməsəydi düşünərdim möhtərəm Amerika prezidenti təğyiri-libas olub vətənimizə gəlib, Yaxın Şərqdəki terrorla mübarizəyə buradan başçılıq edəcəkdir. Adından göründüyü kimi - Şərqə ən Yaxın yer bizik.
İnsanlarımızın subalp çəmənliklərində dolaşanından tutmuş körpünün altındakı qul bazarında dreli qucaqlayıb yatanına, göysatan arvaddan 20 qəpik alan polis serjantından Virgin adasında ofşor şirkəti açanına qədər hər cür növü var. Mühüm növlərdən biri ziyalılardır. Bir növ də var, onların ümdə vəzifəsi isə ziyalıları ətraf mühitin zərərli təsirlərindən qorumaqdır. Bu gün həmin növdən bəhs edəcəyik.
Təxmini olaraq “ziyalıgüdən” (cangüdənin bir forması kimi) adlandıracağımız bu ayıq insanlar adətən gözlərinə qara eynək taxır, ziyalı evdən çıxmamışdan qabaq onun maşınının altına baxır ki, bomba qoyan olmasın. Bəzən ziyalının maşınının təkərini “Narşərab”la qaraldırlar ki, yaxşı görünsün. Ziyalı xalq arasında olanda ziyalıgüdən çiyni ilə insanları yarır, mənfur qüvvələri tapdalayır, ümumxalq sevgisi toplayır, sonra qəzetə bu haqda goplayır, ziyalıya qarşı çıxan jurnalistləri zopalayır, çabalayır, sobalayır, yabalayır və sairə. Yer yoxdur, hamısını yazmaq olmur.
Xalqımızın belə dəyərli övladlarından biri, bəlkə də birincisi vəkil Aslan İsmayılovdur. Onun əlindən bir ziyalıya yaxın düşmək, badalaq vurmaq, üstünə tüpürmək mümkün deyil. Aslan bəy aslan kimi, hətta deyərdim bütöv bir aslan praydını təkcanına əvəz edərək ziyalılarımızı qoruyur, bu yolda bir neçə dəfə həlak olmuşdur. Anar, Vaqif Səmədoğlu, Cəmil Həsənli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nizami Gəncəvi, Xurşudbanu Natəvan, Arnold Şvartsnegger, Rəşad Məcid, Ümbül Banu, İvan Bunin, Xaqani Şirvani, İmadəddin Nəsimi, Tomris, Uzun Həsən, Elmar Məmmədyarov və sairə - bunlar Aslan bəy tərəfindən qorunan ziyalılarımızın cüzi bir qismidir. Hünərin var onlar haqda güldən ağır, bülbüldən yüngül bir söz de, gör Aslan bəy səni nə günə qoyur. Rəsmən parçalayır.
Bu yaxınlarda yenə bəzi xaricdən maliyyələşən qapqara qüvvələr ziyalılara pis baxmışdılar, Aslan bəy onları yerində oturtdu, ardıyca isə dedi ki, onu həm iqtidar, həm müxalifət öldürmək istəyir.
Əlbəttə. Bu heç kimə sirr deyil. Hətta bəy təvazökarlıq eləyib, onu öldürmək istəyən qüvvələrin hamısının adını çəkməyib. Məsələn, İraq Şam İslam Dövləti. Yaxud, Kaliforniya ərməniləri, Yaponiyanın Hokku adasında yaşayan tənha samuray Hattori Hanzo, İslandiya prezidenti Oulavyur Raqnar Qrimson, həmçinin, Tanzaniyada yaşayan suahili qəbilələri hamısı Aslan bəyi aradan götürməkdə maraqlıdırlar. Səbəb də odur ki, əvvəl bunu vursunlar, sonra da müdafiəsiz qalmış Anarı, Nizami Gəncəvini və s (bax: yuxarıdakı siyahı).
Ancaq bu, elə də asan deyil. İqtidarla müxalifət öldürə bilməyən adama bizim ölkədə zaval yoxdur.
Bir versiya da var ki, əslində Aslan bəy “Kurtlar vadisi”nin birinci hissəsindəki Aslan Akbəyin özüdür. İkinci versiyaya görə Aslan bəyi, iraq olsun, öldürüblər, onun yerinə gizli təşkilat danışır.
