Avropa Komissiyasının şefi Joze Manuel Barrozu yoldaşın ölkəmizə səfəri başa çatdı. Barrozu prezidentlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü, Səngəçalda neftə, Heydər Əliyev Mərkəzində köhnə maşınlara baxdı, Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirdi. Hətta daha uzağa gedib Azərbaycanın Avropa proqramları üçün açıq ölkə olduğunu söylədi.
Mən Barrozunun Bakıda Dağüstü park tərəflərdə prezidentlə birgə gəzintisinin fotolarına baxanda ölkəmizin necə açıq olduğunu əyani gördüm. Fotolarda Barrozu və Əliyevdən başqa kimsə gözə dəymirdi, sanki hamı qaçıb gizlənmişdi. Klassik “Naxçıvan peyzajı” idi - daşlar, divarlar, çöl, ancaq bir ins-cins gözə dəymir. Yeri gəlmişkən, Bakıda dövlət başçısının getdiyi yerlər həmişə belə olur. Ta bilmirəm camaatı döyüb qovub harasa doldururlar, ya onlar özləri qorxudan qaçıb gizlənir. İmanımı yandıra bilmərəm. Və bayaq Naxçıvanın adını nahaq çəkmədim. Ordan çəkilən foto və videolarda adətən insan mənzərəsi olmur. Elə bil Mars planetidir, sadəcə Vasif müəllim qırmızı planeti bir qədər abadlaşdırmışdır, yaşıl, mavi, qəhvəyi rənglərə boyamışdır.
Ola bilsin “açıqlıq” deyərkən Barrozu da bu insansızlığı nəzərdə tuturdu. İnsanların canı cəhənnəmə. Avropa üçün qaz, neft stabil gedəcəksə, ayrı nə lazımdır? Heç mən onları qınamıram, suda boğulan azı özü də çapalamalıdır, qışqırmalıdır, yoxsa qıraqdan baxan nə bilsin orda boğulan var? Bizdə isə qışqırmaq həmişə alçaldıcı sayılıb. Guya biz məğrur xalqıq, qışqırmırıq.
Avropa Komissiyası sədrinin səfərini mənasız eləyən başqa bir detal da var: cəmi iki gün sonra, 17 iyunda Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gəlir. Lavrovun tozanağı yatmamış, Rusiya baş nazirinin müavini olan başqa bir “Petya” da gələcək. Onların səfər proqramının Barrozunun səfərindən fərqi olmayacaq, uzağı bəlkə İvanovka kənd instrumental ansamblı Lavrov üçün “Ox Seryoja” rus mahnısını oxusun. Barrozu Azərbaycana hansı Avropa toxumu səpmişdisə onu Lavrov zibil eləyib gedəcək. Biz uzun illərdir belə görmüşük və yapokratiyanın bu siyasətinin tragikomik adı var: “balanslaşdırılmış xarici siyasət”. Bu siyasətin mahiyyəti odur ki, təki hakimiyyətimiz uzansın, ölkənin problemləri həll edilmirsə, azərbaycanlılar dolanışıq, sağlamlıq, təhsil, istirahət - uzun sözün qısası, hər şeydən ötrü xaricə qaçırlarsa, bizə nə? Hər kəsin yolu açıq olsun. Açıqlıq deyəndə həm də bu nəzərdə tutulur.
Ancaq ruslarla məsələ aydındır, aydın olmayan azərbaycanlıların Avropadan gözlədikləridir. Elə gülməli ümidlər edirik ki... Halbuki, faktlar ayrı şey deyir. Məsələn, keçən ay bir acınacaqlı rəqəm açıqlandı: sən demə Avropa Şurası 2012-ci ilin dekabrından 2014-cü ilin mayına qədər Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində jurnalistikanın tədrisinin dəstəklənməsi proqramına 600 min avro ayırıb! Təsəvvür edirsinizmi? Bəs o jurnalistlər hanı? Niyə biz jurnalistika fakültələrini bitirən o parlaq insanları sıralarımızda görmürük? Əvəzində proqram dövründə pulsuzluqdan neçə istedadlı jurnalist, qəzet işini dayandırıb, jurnalistlər Tofiq Yaqublu və Yadigar Sadıqov zindana atılıb. Heyf o 600 mindən... Avropalı vergi ödəyicilərinin kül başına. Onlar bilsəydilər ki, Azərbaycana ayırdıqları pulları BDU jurnalistika fakültəsinin dekanı Şamil əkə tələbələri yığıb Balıq Hafizin təbliğat mitinqinə aparmağa sərf edəcək - özlərini Monblan dağından atıb öldürərdilər.
Avropa Şurasının bu ildən ölkəmizdə demokratik seçkilərin dəstəklənməsi üçün təklif elədiyi, böyük ehtimalla yapokrat Əli Hüseynli və Ceyhun Osmanlı kimilərinə veriləcək qrantların da ümumi məbləği gülünc idi: 650 min manat. Lap hesab eləsək bu pullar gerçəkdən demokratiya uğrunda sərf olunacaq, yenə gülməlidir, çünki Məzahir Pənahovun bir villasının dəyəri bundan çoxdur...
