Medianews.az
“Acaib nəşəliyik” deyəndə yaxşıdır bəs?
481 baxış

“Acaib nəşəliyik” deyəndə yaxşıdır bəs?

samir sari kose 1
Deyirik, ortaq əlifbamız olsun, türk xalqları dilimiz yaxınlaşsın, bir-birimizə yeni sözlər alaq-verək, qırğızlardan ta qaqauzlara qədər hamımız bir-birimizi adam balası kimi başa düşək, olmur ki olmur.
Hətta bu günlərdə Türkiyə parlamentinin sədri Cəmil Çiçək Azərbaycanda olarkən ortaq dil v əlifbadan danışıb. Bundan əvvəl prezident Abdulla Gül də eyni şeyi demişdi. Yaxşı, Gül razı, Çiçək razı, bəs bu gül kimi, çiçək kimi layihə nədən həyata keçmir?
Bizdə problem yoxdur, biz istənilən qonşu ölkənin, xalqın dilini asanca mənimsəyir, ona uyğunlaşır, hətta ləhcəmizi də dəyişə bilirik. Düzdür, bu bir qədər düşük hərəkətdir, Allah bu xasiyyətimizi kəssin, amma ta neyləyək, belə vərdiş eləmişik. Həm də bu, bizə çox mane olmur, hələ desən işimizi xeyli qabağa aparır.
Məsələn, bir dəfə İstanbulda Orta Asiyadan olan türklərlə Anadoludan olan türklərin təntənəli məclisinə düşmüşdük, onlar bir-birini anlamırdılar, amma biz gah rusca, gah türkcə danışır, qardaş xalqlar arasında tərcümanlıq edirdik. Rəqqasələr gələndə yerli türklər “aha, oriyental dans” dedilər, rusdilli qırğız-qazaxlar durumu “vot, tanets jivota” kimi dəyərləndirdilər, biz isə “həə, göbək rəqsi başladı” dedik. Yəni üç fərqli təsbit.
Budur, ortaq dil söhbətinin növbəti dəfə aktuallaşdığı bir vaxtda srağagün gecə sosial şəbəkədə dil müstəvisində qırğın düşüb. Bizdə ayıb olmadığı üçün işlənən terminləri olduğu kimi yazacağam.
Deməli, bizim bir məşhur jurnalist (adı Dilşad) götürüb yazıb ki, “Yaraqlılar Mosulda Türkiyə konsulluğunu ələ keçirib”. Pah! İki qardaş xalqın arasında qırğın düşməyibmi?
Bizimkilər oxuyub deyəcək, nə var burda? Doğrudan da nə var axı, “yaraq” silah deməkdir, “yaraqlı” da “silahlı”. Amma yox, Anadolu camaatı çoxdan bu sözü ilkin mənasından çıxarıb, kişilərin cinsi orqanının sinoniminə çevirib və harda o sözə rastlaşsalar, dalaşırlar. Elə srağagün də sözləşibmişlər kimi jurnalistimizin üstünə tökülüblər: “Bu nə cür, laf, tərbiyəsiz kadın”; “Çabuk üzr dilə, tərbiyəsiz”; “Kocaman kadınsın, yaraq nə, tərbiyəsiz” və s. Bir sözlə, “tərbiyəsiz” kəlməsinin biri bir qəpiyə düşüb. Halbuki həmin soydaşımız, həmkarımız ölkəmizin ən tərbiyəli adamlarından biridir. Amerikada yaşayan xanım nə bilsin ki, türkiyəlilər “yaraq” deyəndə nəyi nəzərdə tuturlar.
Ona qalsa, onlar adi “xiyar”a da artıq xiyar demirlər. Əvvəllər bal kimi də deyiblər, filmlərində də var. Amma indi demirlər, ayıbdır. Əvəzində İqdırdan Edirnəyə qədər hamısı xiyara “salatalıq” deyir. Ha xiyar, ha salatalıq. Adını nə qoyursan qoy, bu faydalı tərəvəzin nə rəngi dəyişir, nə də forması.
Hələ başqa sözlər də var. Məsələn, biz “düşmən təcavüz etdi” dedikdə aqressiyanı, hərbi hücumu nəzərdə tuturuq, türkiyəlilər “zorlama”nı. Biz isə “zorlama” deyəndə cinsi zorakılıq kimi başa düşürük, onlar məcbur olmağı. Ona görə də türklər “filankəs məni zorladı” deyəndə biz yanlış anlayırıq, biz “polis bizə təcavüz etdi” deyəndə onlar səhv başa düşürlər.
“Pəzəvəng” kəlməsinin ikili mənasını isə çoxdan bilirsiniz. Biz yekəpər, cantaraq adama “pəzəvəng” deyirik, onlar aradüzəldənə, sutenyora, dəyyusa.
Dünən bir jurnalist də götürüb belə bir başlıq qoyub: “Azərbaycanlı müğənni xanımın İstanbulda özəl günü”. Başqa bir türkcəni yaxşı bilən həmkarımız da ona yazıb ki, onlar “özəl gün” dedikdə menstruasiya günlərini başa düşürlər, başlığı təcili düzəlt.
Birini də deyim. Türkiyəli tələbələr Bakıda polisin yanında bir-birinə “abi, bu gün acaib nəşəliyim”, yaxud, “bu axşam iyi nəşələndik” desə, halları necə olar? Heç nə, tutub apararlar polisə və hal şahidi dəvət edərək onların hallı olub-olmadıqlarını araşdırarlar. Halbuki yazıqlar anaşa-zad çəkməyiblər, bir az deyib-gülüblər.
Əslində, bu kimi anlaşılmazlıqlara, bəzən isə yumoristik durumlara səbəb olan sözlər çox deyil, 15-20 vahid olar, ya olmaz. Biz onların xeylisini artıq bilirik. Onlar da öyrənsələr, anlayışla qarşılayarlar və get-gedə anlaşılmazlıqlar olmaz. Hadi, bakalım (yəni davay).

Bizə qoşulun