Bakı yol polisinin mətbuat xidmətindən qəzetimizə maraqlı rəqəmlər açıqlayıblar: sən demə ilin əvvəlindən yolu düzgün keçməyən 70 min adam cərimələnib. (Yeri gəlmişkən, burada “piyada” sözü yerinə “adam” yazarkən ağlıma gəldi, bizdə əcaib olaraq nədənsə bu piyada sözü mənfi anlamda işlənir, kiməsə “sən bu işdə piyadasan” deyirlər). Ancaq bu 70 min cərimənin yollarda piyada ölümünə təsiri olubmu? Buyurun, bu sualın da cavabı polisdən gəlib və acınacaqlı şəkildədir: ümumi yol qəzalarında piyadaların vurulma halları ilin əvvəlindən 52 faiz artıbmış.
Çox maraqlı rəqəmlərdir. Demək, qayda pozuntusuna görə cəza artır, ancaq cəmiyyətə hər hansı müsbət təsiri yoxdur. Sanki adamlar başqa planetdə yaşayırlar. Sanki bizim ölkədə bir-birinə paralel, bir-birindən xəbərsiz dünyalar vardır: bir yanda polislər piyadaları cərimələyir, o biri yanda həmin piyadalar yenidən qaydanı pozub avtomobillərin altına düşürlər.
Buna bənzər hallar çoxdur. Məsələn, məhkəmə hakimlərinin maaşını artırdılar, ancaq onlar yenə də icra hakimiyyətinin nökəridir, sifarişlə hökm kəsir, torba ilə rüşvət alırlar. O cümlədən, polisdə maaş artırıldı, Çevik Polis Alayının çavuşu bu ölkədə professordan çox pul alır. “Maaş azdır, əgər camaata çoxlu pul verilsə rüşvətxorluq azalar, hamı düzgün işləyər” mifi dağılıb gedib.
Yol polisinin rəqəmləri cəmiyyətdə süni sabitlik yaradılması üçün cəzaların artırılmasının da perspektivsiz fəaliyyət olduğunu göstərir. Kəmərləri nə qədər çox sıxsan adamlar tam əksinə, “yolu qadağan edilmiş yerlərdən keçməyə” daha şövqlə gedəcəklər. Qadağan olunmuş meyvələr dadlı olur – belə bir əsrlərin sınağından çıxmış qayda da var.
Yeraltı, yerüstü keçidlərin tikilməsinə baxmayaraq camaatın onlardan yararlanmadığından da şikayət edirlər. Bu da maraqlı simvoldur. Bəlkə o keçidlər düzgün keçidlər deyil? Niyə bu haqda da düşünmürsünüz? 20 ildir yapokratiya bizi harasa keçirtməklə məşğuldur, bu müddətdə yerüstü, yeraltı sərvətləri basıb yeyiblər, ancaq hələ bilinmir hara keçirik. Necə deyərlər, camaat sizin ipinizlə quyuya düşməyi daha istəmir. Şüuraltı olaraq keçidə nifrət yaratmısınız. Halbuki yetərincə normal, hətta müsbət bir anlayış idi. Uşaq vaxtı bunun hətta tapmacası da var idi, keçini, otu, canavarı çayın o biri üzünə salamat keçirtmək haqda... Sonra elə zaman gəldi ki, keçi basıb canavarı yedi, otu da uca millətimizin belinə şəllədilər, basdılar suyun ən gur axan yerinə...
İndi bir təsəlli də verim, kef eləyin: keçid problemi təkcə bizdə deyil. Şərqdə bu, həmişə ağrılı olub, uzun çəkib. Qədim Çin müdrikləri deyiblər: “Bu dünyada ən pis şey keçid dövründə yaşamaqdır”. Dəli şeytan deyir ta onlar haranın müdrikidir, əgər keçid dövrünə əncam çəkə bilməyiblərsə... Şərqin adını çəkməyim təsadüf deyil, oxşar problemlər, hansısa keçidlər Qərbdə də həmişə olub, olacaq da, ancaq onlar Şərqə nisbətən daha sürətli, az ağrı-acı ilə keçib düz yola çıxıblar. Biz isə hələ velosiped kəşf eləməklə məşğuluq, özümüzü yenə “maşının altına atırıq”.
Sonda isə Artur müəllimdən bir fantastik fəaliyyət qeydə alınıb, onu nəzərinizə çatdırım: Nazirlər Kabineti 1500 metrdən yüksəkdə yerləşən dağ kəndləri siyahısına daha 4 kəndi əlavə edib. Bundan sonra o kəndlərdə qalan bir-iki nəfər Artur müəllimin dövlət qayğısını öz üzərlərində hiss edəcəklər. İndiyə qədər o kəndlərin statusu 1500 metrdən aşağıdakı kəndlər qədər imiş. Bizim baş nazir belə adamdır, istəsə səni dağa qaldırar, istəsə dərəyə dığırlayar. Hərəkətli insandır. Keçid dövründə belə kadrlara ehtiyac var.
