Bu günlərdə bir jurnalist həmkarımın başına yüngülvari iş gəlib. Onun həmkarı feysbukda belə bir status yazıbmış ki, artıq yol polisləri jurnalist sürücülərə hörmət eləmirlər, tutub cərimələyirlər, bu da yazıb ki, heç də elə deyil, jurnalistlərə hörmət edirlər, cərimələmirlər. Ertəsi gün o, beş dəqiqəliyə maşınından düşüb, 30 metr aralanıb, bir nəfərlə salam-əleyk eləyəndə görüb ki, bay, artıq maşını evakuatorun belində cərimə meydançasına gedir. Beləcə, ədalətli olmağa çalışan həmkarımız durduğu yerdə cəriməyə düşüb.
Onun dediyinə görə, həmin yerdə ondan başqa 30-40 avtomobil dayanıbmış, amma bir neçə saatdan bəri dayananları yox, məhz onun maşınını, həm də bir-iki dəqiqənin içində götürüblər.
Bununla belə, həmkarımız yenə də o fikirdə qalır ki, yol polisləri olmasa bu şəhərdə hərəkət etmək mümkün olmaz, istənilən küçədə avtoxuliqanlar adamın belindən keçərlər.
Həmkarım düz deyir. Müşahidələrə görə, bu ölkədə, onun paytaxtında sürücülərin az qala 75 faizi (bu və sonrakı rəqəmlər yüzdəyüz dəqiqdir) avtoxuliqandır;
Hər gün evindən çıxan sürücülərin 99,9 faizi evinə gün ərzində haradasa yol hərəkəti qaydalarını pozmamış qayıtmır;
Bu şəhərdə radar və kameralara məhəl qoymayan minlərlə sürücü var və onlar heç vaxt cərimələnmirlər;
Vəzifəsi, pulu, şöhrəti (idmançılar, manıslar) olanlar və onların yaxın adamları hər cür qayda pozuntusuna yol vermək hüququna, imtiyazına malikdirlər;
Bu ölkədə sürücülük vəsiqəsi almaq istəyənlərin 99 faizi onu ilk cəhdlərində, həm də çox asanlıqla alırlar;
Bu ölkədəki sürücülərin 25 faizi inkişaf etmiş Avropa ölkələrində vəsiqə ala bilməzlər;
İsveç, Norveç, İsveçrə, Danimarka və Almaniyada sürücülük vəsiqəsi almaq universiteti qurtarıb diplom almaq kimi bir şeydir. Dostlar belə deyir və and içirlər ki, bu, dünyanın ən zülm işlərindən biridir.
Onlar deyirlər ki, sizdə tıxac problemini həll etmək su içim qədər asandır. Bundan ötrü yalnız maşın sürə bilənlərə vəsiqə verirsən, beləliklə, hər 100 maşından yalnız 20-25 yola çıxır. Nəticədə yollar açıq, küçələr boş - qoy avtomobil sürənlər sürüb getsinlər.
Bunu deyən adamlar bir şeyi - bizim mental xarakterimizi unudurlar. Bizimkilər boş yol görsələr, nə edərlər? Əlbəttə ki, qazlayıb gedərlər, maşını “Fantomas” filmindəki kimi havaya qaldırarlar.
Bu şəhərdə bizi salamat saxlayan əslində tıxaclar və kələ-kötür yollardır. Harda hamar və düz yol varsa, o, bizim əcəlimizdir. Anadolu türkləri demişkən, trafik canavarı döngədə durub gözləyir. Bizə hamar yol haramdır
Adi bir misal. Bir neçə il öncəyə qədər Biləcəri enişindən Xırdalana qədər, ordan da o tərəfə uzanan yolda sıxlıq olmurdu, üç zolaqlı yol açıq və hamar idi. Elə bir gün olmurdu ki, bir neçə maşın motodromun tuşunda, “Delfin” otelinə burulan yolun həndəvərində, Şamaxı yoluna dönən yolayrıcında bir-birinə dəyib durmasın. Bir də görərdin, evakuator əzilmiş maşınları, ambulanslar yaralıları daşıyıb aparırlar. Hər gün belə idi. Amma iki ildir ki, bu yolda sıxlıq var, ta Xırdalana qədər maşınlar dayana-dayana, 20-30 kmsaat sürəti ilə hərəkət edirlər, hamının da başı salamatdır. Yalnız bazar günləri axşam saat 10-dan sonra o yol boşalır və dərhal qəza xəbərləri gəlir.
Dünən ölkənin hamar və sıxlıq olmayan yollarında yeddi qəza olmuşdu (günortaya qədər). Hərçənd bir neçə avtobusun bir-birilə ötüşərkən qəza törətməsi heç də açıq yolda olmamışdı. Onlar elə şəhərin ortasında toqquşmuşdular. Sosial şəbəkədə hadisəyə dair yazılan şərhlərdən biri beləydi: “Bir aydır deyirdim ki, 1 saylı marşrutda bəla gəlir. Budur, nəhayət, oldu”.
Düzdür, belə bir məşhur ifadə var ki, guya qəza “gəlirəm” deməz. Amma yox, bu başqa yerlərə aiddir. Bizdə qəza öncədən anons verir, “gəlirəm, qarşılayın” deyə zəng edir, SOS siqnalı çalır, arada “bir az gecikirəm, bağışlayın, amma mütləq gələcəm” məzmunlu teleqram da vurur və nəhayət, gəlir. Bununla belə, biz həmişə şaşırıb qalırıq, bərkdən “bay, nədən oldu, niyə oldu” deyirik.
Halbuki əsl qəza avtomobil sürməyi bilməyə-bilməyə, üstəlik, çılğın beyinlə gedib sürücülük vəsiqəsi, daha sonra maşın alanda olur. Gerisi zamana bağlıdır, geci-tezi var.
