Yazının başlığı bu cür idi: “Vüsal Şilderin qatili Dubayda dincəlir”. Bir yerlərdən tanış gəldi. Sanki daha əvvəllər biz belə başlıqlı yazılar oxumuşduq.
Belə situasiyalarda dərin düşüncələrə dalmaq, baş sındırmaq, yaddaş qurdalamaq, dosta zəng eləmək lazım gəlmir, google.com saytında “qatili” yazıb axtarış verirsən, ekranda mənzərə açılır: “Elmar Hüseynovun qatili Gürcüstanda gizlənir”; “Rail Rzayevin qatili hələ də tapılmayıb”; “Rafiq Tağının qatilinin fotorobotu hazırlanıb”; “Ata oğlunun qatilinin tapılması üçün dövlət rəhbərliyinə müraciət etdi”; “Əsgər atası oğlunun qatilinin tapılmasını tələb edir”; “Ağstafada öldürülən polisin qatili niyə tapılmır?”; “Hakim Xanlar Fərhadov qatili necə azadlığa buraxıb” ; “İki nəfərin qatili olan icra başçısının müavini tutulmayıb” və s.
Bir də çoxlu bu cür başlıqlar görünür: “”Nakolka Bəxtiyar"ın qatili məhkəmə qarşısına çıxarıldı"; “63 yaşlı kişinin qatili 17 yaşlı oğlan çıxdı”; “Zaqatalada 47 yaşlı kişinin qatili müəyyən edilib”; “Qardaş qatili danışdı”; “On il öncə öldürülən polisin qatili tutuldu” və s.
Göründüyü kimi, ölkədə çoxlu tutulan və tutulmayan qatillər var. Tutulan qatillərin məsələsi məlumdur, içəridədirlər, dincəlirlər, ildə iki-üç dəfə əfv olunan dələduzlarla, oğrulara, quldurlara və sair yüngül çaplı canilərə həsədlə baxırlar, fikirləşirlər ki, görəsən, bunlardan neçəsi yaxın bir ildə “rütbə”lərini artıraraq geri qayıdacaqlar. Allah tərəfi, onların gözləntiləri həmişə doğrulur. Əfvlə, amnistiya ilə azadlığa çıxan canilərin əksəri ən tezi bir aya, geci bir ilə yenidən nə qədər adamı bədbəxt edərək məhbəsə qayıdır. Onların içində, əlbəttə ki, qatil kimi qayıdanlar da olur.
Amma bir də var tutulmayan qatillər. Onların durumu birmənalı deyil. Hərəsi bir tərəfdədir. Məsələn, Vüsal Şilderin qatili Dubayda dincəlir. Çünki Dubay dincəlmək üçün ideal yerdir. Xüsusilə ağır işlərdən sonra BƏƏ-də istirahət etmək hər killerin haqqıdır. Elə killerlər var, heç Batumidən o tərəfə gedə bilmirlər. Məsələn, Elmar Hüseynovun qatilləri, budur, doqquz ildir, türkün sözü, yurd dışına getmək imkanından məhrumdurlar, məcbur olub qalıblar Tbilisinin Şeytanbazar məhəlləsində. Çünki Azərbaycan hökuməti onları axtarır, əgər bir gün Teymuraz Əliyev və Tahir Xubanov Vellinqton (Yeni Zelandiya) və ya Ottava (Kanada) aeroportunda peyda olsalar, onları tutub Azərbaycana təhvil verəcəklər. Ona görə də onlar yaxşı istirahət edə bilmirlər. Qatil olanda nə olar, hər kəsin istirahət hüququ var.
Yenə o biri üstü açılmayan qətllərin qatilinin adı var, harda dincəldikləri və ya əziyyət çəkdikləri bilnir, hərbi hava qüvvələri generalının qatili isə tamam naməlumdur. Dincəlirmi, dincəlmirmi, bilinmir. Hazırda nə işlə məşğuldur, işsiz qalmayıb ki? Məlum deyil. Yazığın heç fotorobotu da hazırlanmayıb. Yenə öz cizgi şəklinə baxar, baxar və onu hazırlayanlardan, bişəkk, narazı qalardı: “Məgər mənim burnum belədir? Oxşamır. Saç formamı da düzgün çəkməyiblər. İndi kim saçını o cür darayır. Ayıb olsun. Bunlar məni nə hesab edir? Doğru-düzgün bir fotorobot hazırlaya bilmirlər, adlarını kriminalist qoyublar...”.
Xüləs, azadlıqda gəzən, beşulduzlu otellərdə dincələn killerlərin siyahısını tutsaq, ortaya yekə bir “lonq list” çıxar. Biz də durub deyirik, Fərahimin döyülməsinin sifarişçiləri niyə tutulmayıb. Başa dəyən 6 təpik, düşən dörd diş nəmənə şeydir, camaatın başına güllə vurublar, neçə ildir səsi də çıxmır.
Hətta məsələyə dincəlmək prizmasından yanaşsaq, Fərahimin döyülməsinin sifarişçisi Aynar Məmmədova haqsızlıq olub. Adam bütün bu qovğa-mərəkələrdən dincəlmək (adamın adının sifarişçi qismində hallanması stress yaradan şeydir) üçün başını götürüb ölkədən getmək istərkən aeroportda saxlanılıb. Deyiblər, qayıt ifadə ver. Onun da üzü gəlməyib desin ki, necə olur filan-filan qatillər xaricdə istirahət edir, elə gözünüz bircə məni görürmü...
Ona görə də gərək hakim Xanlar Fərhadovun güzəşt edərək azadlığa buraxdığı qatilə də, İH başçısının iki nəfərin qatili olan müavininə də öz istirahət hüquqlarından istifadə etməyə imkan verilsin. Məhbəsdə “Nakolka Bəxtiyar”ın qatili yatsa, kifayətdir.
