Medianews.az
Leyla yüksəkliyi
630 baxış

Leyla yüksəkliyi

zamin yeni raz
Srağagün gecə dostlardan biri məktub yazmışdı ki, bəy, sabah polislər və prokurorluq işçiləri Leyla Yunusu həbs etməyə çalışacaqlar, yaxşı olar sən də durub gələsən onun yaşadığı ünvana. Düzü, bilmirəm mənim o ünvana getməyim hörmətli Leyla xanıma hansı yardımı edərdi, bir halda ki, onu repressiya maşınının dişlərindən o boyda Fransa dövlətinin prezidenti xilas edə bilməmişdir. Lap tutalım getdik durduq qapının ağzında, polis idarəsi də gəldi, başladı bizi təpikləməyə, gülləbaran etməyə (darıxmayın, hər şey buna doğru gedir). Bunun Azərbaycan xalqına hansı xeyri vardır? Çox güman ki, heç bir xeyri yoxdur. Azərbaycan xalqı arzu edər jurnalistlər döyülməsin, polislər onlara təpik atmağa məcbur olmasın, Leyla xanım da hara lazımdırsa getsin.
Bax, bu “hara lazımdır” məsələsinin özü də üzərində düşünüləsi mövzudur. Keçən dəfə cəsur quqqulu-mühafizə orqanlarımız bir gün bir gecə basqın yapdılar, binanı mühasirəyə aldılar, artilleriya və tualet hazırlığı elədilər, göyə Zakir müəllimin vertolyotları qaldırıldı, binanın altına tank əleyhinə mina basdırdılar, məhəllə S-300 raketləri ilə vuruldu, piyadalar blokdan, dənizçilər su borusunun içindən hücum etdilər, dama desant çıxarıldı, amma və lakin Leyla Yunusu tutub aparmaq mümkün olmadı. Məncə, quqqulu-mühafizə orqanlarımız bu fərasətsizliyi gərək özlərinə bağışlamazdılar, indiyə qədər qırmızı zolaqlı şalvar gəzdirən bir neçə general sözləri görkəmli şairimiz Vüqar Əhmədə, musiqisi Kamaləddin Heydərova məxsus “Kişidi bu, kişidi bu, nənənin kişmişidir bu” mahnısının sədaları altında xarakiri eləyib qarnını xəncərlə doğrayaydı, bəlkə bunun sayəsində Azərbaycanda elektron sənaye inkişaf edərdi, ölkəmiz Yaponiyanın gününə düşərdi. Bilmirəm niyə etmədilər. Zabit şərəfi ayrı şeydir, o da bizdə Əbiyevlə getdi. Deyilənə görə, Əbiyev hər uğursuz əməliyyatdan sonra azı bir dəfə ölüb-dirilirmiş, elə prezident də bunun ölüb-dirilməyindən bezib axırda işdən çıxartmışdır. Səfər müəllimə gələcək həyat və yaradıcılığında uğurlar diləyirəm, arzu edirəm onu Anarın yerinə - AYB sədri qoysunlar.
Açığı, dünən günortadan sonra mən Leyla xanımın evinə gedən jurnalistlərin çəkdiyi fotolara-filana baxdım, həmin vaxt yüksəklik yenə ələ keçirilməmişdi. Hətta atəş olmadığından Leyla xanım sərbəst şəkildə, ayaq üstdə dayanıb blokda intervü verirdi. Belə olarmı? Bu mənfi hal dövlətçiliyimizə yaraşarmı? Bəs hanı qüdrətli ordu? Hanı dediyim bəy ərənlər? Hanı Süleyman Nemətov, Çingiz Məmmədov? Haradasan ay Nazim Nağıyev, ey Əli Ömərov, ey sirişki-laləgun, ey vaizi-süxənvər, ey dadi-bidad!? Gorun çatlasın, ay Məşədi Kazım!
Burada qəfil yadıma ombudsman Elmira nənə düşdü, deyirəm onun da əziz xatirəsini yad eləyək, çünki Azərbaycanda insan haqlarının əzilməsində mühüm xidmətlərə ümidvar olaraq uzun müddət qeylü-qal etmişdir. Şair məhz bu yerdə belə deyibdir:
 
“Üzünü məndən nihan etmək dilərsin, etməgil, 
Gözümün yaşın rəvan etmək dilərsən, etməgil". 
Doğrudan da Elmira nənə xeyli vaxtdır gözə dəymir, sanki Azərbaycanda insanların toplu şəklində zindanlara basılmasının, gənclərin şərlənib tutulmasının ona heç bir dəxli yoxdur. Ey güzgü, de görək Elmira nənə hardadır? Bəlkə o Mətanət gülü iyləməklə məşğuldur?
Leyla Yunusu isə nəhayət tutmaq lazımdır, əks halda elə çıxacaq Fransa prezidenti Ollanddan qorxuruq. Leyla xanımın əsas işlərindən biri siyasi dustaq siyahıları hazırlamaqdır, qoy indi gedib zindanda bu siyahını hazırlasın. Hər kəs öz iş yerinə yaxın olmalıdır. Cənab prezident də vaxtilə demişdir ki, respublikamızda hər kəs işlə təmin ediləcəkdir.

Bizə qoşulun