Medianews.az
O qapazı bağışlamaq olarmı?
500 baxış

O qapazı bağışlamaq olarmı?

samir sari kose 1
Fərahimi döyənin tutulması xəbəri ləzzətli xəbər oldu. Çox məmnun qaldıq. Etiraf edirəm ki, bu gün indi oxuduğunuz yazının yerinə “Jurnalistin qanı batırıldımı?” başlıqlı yazı oxuyacaqdınız.
Düzdür, döyüldüyünü gün Fərahimin qanı çox axıb şoralanmamışdı, amma batan qan ha 50 qram olsun, ha 5 litr - batırsa, cinayətin ört-basdır edilməsi deməkdir.
Əslində, biz elə bilirdik ki, bu cinayət sifarişli olduğundan açılmayacaq. Çünki indiyədək “n” qədər jurnalist döyülüb, amma döyənlərin heç biri tapılıb tutulmayıb. Necə deyərlər, bu, bir ilkdir.
Görünür, o biri jurnalistlər texniki vasitələrin kasad olduğu vaxtlarda döyüldükləri üçün polis onları üzrlü səbəbdən tapa bilmirmiş. İndi isə, maşallah, hər tərəf videokameradır, hər gün hamının hər hərəkətini çəkirlər. Fərahimin avtomobilindəki videoregistrator işləməsə də, yaxınlıqdakı kameralar Feyruz Termişini (jurnalistə cüdo fəndi tətbiq edənin ad-soyadı belədir) qeydə alacaqdı.
Bu hadisə (Termişinin tutulması) bir neçə məsələyə aydınlıq gətirib.
1. Aydın oldu ki, döyülmə aktı doğrudan da sifarişli imiş. Feyruz Fərahimi tanıyıb-eləmədən, pul müqabilində döyübmüş. Adam özü polisə deyib ki, jurnalisti tanımır və bu işlə, adam döyməklə dolanır (Bu, bəlkə də dolanışıqlı işdir, amma təhlükəlidir. Budur, adam içəridədir və bərk ilişib).
2. Məlum oldu ki, amansızlıqla döyülməsini Fərahim özü təşkil etməyibmiş (Belə iddialar vardı. Güman olunurdu ki, jurnalist Avropa ölkələrinin birindən asan sığınacaq almaq üçün vətəndə özünü ağır sınaqlara məruz qoyub).
3. Sübut olundu ki, media sferasında çoxlu şəkkak adam var və onlar baş vermiş hadisənin üzdə olan detallarını qoyub çıxa bilməyəcəkləri dərinliklərə enirlər. (Hərə kəs daha ağıllı versiya irəli sürürdü).
4. Aşkara çıxdı ki, bu ölkədə idmançılar əvvəl-axır adamdöyən vəzifəsinə düzəlirlər. (Fərahimi döyən şəxs özü idmançı olduğu kimi, döydürən də idmançıdır. Amma döydürənin döyəndən bir fərqi də odur ki, medalı-zadı varmış. Yəni özü jurnalisti daha yaxşı döyə bilərdi).
5. O da üzə çıxdı ki, əzələlərini şişirdə-şişirdə təşər-təşər gəzən, orda-burda “yaxşı oğlan” olmağın məziyyətlərindən dəm vuran, “adam satmağı”, öz leksikonları ilə desək, “zapadlo” sayan yarımçıq idmançıların bir profilaktik tədbirlik canı var, polis onlara içəridə “istintaqla səmimi əməkdaşlıq” təklif edən kimi razılaşır və necə lazımdır, danışır, kimi lazımdır, satırlar.
Bununla belə, hələlik jurnalistin nəyə görə döyülməsi qaranlıq qalıb. Bunu da yəqin ki, daha sonra tutulanlar deyəcək. Heç ola bilməz axı, jurnalisti, son illərin dəbdə olan loru ifadəsi ilə desək, mırta döysünlər. Bunun bir səbəbi olmalıdır.
Xüləs, əsas odur ki, şübhəlilər ələ keçib. İndi bu iş yoğunlaya-yoğunlaya hara qədər gedəcək, kimdə ilişəcək, görəcəyik.
Budur, son informasiyalar belədir ki, Fərahimi döydürən adam deputat Elton Məmmədovun son həftələrdə media ulduzu olan oğlu Aynar Məmmədovun dostudur. Bir yerdə çoxlu şəkilləri var.
Amma bu, o demək deyil ki, Fərahimi Aynar döydürüb. Ona qalsa, Aynar başqa jurnalistləri döydürməliydi, məsələn, onun avtoşluğundan yazanları. Hətta o, onların hamısını döydürmək üçün gərək Taekvondo, Kikboksinq, Uşu-sanda, Karete (və digər adamdöyən yetişdirən) federasiyalar ilə müqavilə bağlayaydı, 100 qədər idmançı cəlb edəydi. Hərçənd o, xətrinə dəyən jurnalistləri seçmə qaydada, hər onundan birini, püşk yoluyla seçib də döydürə bilərdi. Amma bu halda da adını çəkmək istəmədiyim F. adlı başqa jurnalist dura-dura Fərahim seçilməməliydi. Çünki Fərahim Aynar barədə heç nə yazmayıb. Orası da var ki, qəzetdə, saytda yazmayıb, amma feysbukda bəzi şeylər yazıb.
Bir sözlə, göründüyü kimi, jurnalisti döyənlərin tapılıb-tutulması hələ bütün suallara aydınlıq gətirmir. Sizə deyim ki, bu işdə yaranmış 1 milyona suala 1 milyon cavab verilsə də, jurnalist tayfası mütləq milyon birinci sualı da tapıb verəcək və ona cavab almayan kimi belə bir başlıq qoyacaq: “Jurnalistin döyülməsi müəmması davam edir”.
Həə, indi gələk Feyruzun yerə yıxılı jurnalistə lap axırda qapaz vurmasına. Bütün şillə-təpikləri bağışlamaq olar, amma siz deyin, o qapazı bağışlamaq olarmı?

Bizə qoşulun