Medianews.az
Cənab Vonun istefası
513 baxış

Cənab Vonun istefası

samir sari kose 1
On iki gün əvvəl Cənubi Koreya tərəflərdə bərə batmışdı. Qəza xəbəri gələn kimi, yerli mediamız bu hadisəni obrazlı şəkildə “İkinci ”Titanik" faciəsi" adlandırdı, amma bir neçə gündən sonra məlum oldu ki, elədir ki, var. Çünki gəminin göyərtəsində olan 475 nəfərdən 301-i okenda batmışdı. Onlardan 325 nəfəri yeniyetmə şagirdlər idi.
Söz yox, faciə sıradan deyildi, böyük faciəydi və buna görə kimsə cavab verməliydi - ya bərənin kapitanı, ya gəmiçilik şirkətinin rəhbəri, ya da dənizçilik naziri. Çünki araşdırmalar nəticəsində bəlli olub ki, “Sevol” bərəsi normadan üç dəfə artıq yükləndiyi üçün batıb.
Amma işə baxın, bu qəzaya görə dünən Cənubi Koreyanın baş naziri Çon Xon Von məsuliyyəti öz üzərinə götürərək istefa verib. Soyadı ingiliscədə “qələbə qazanmaq”, ruscada “rədd olmaq” mənası verən baş nazir bərə faciəsini öz məğlubiyyəti hesab edib və başa düşüb ki, postundan ayrılsa yaxşıdır.
Evdə bişməyib, qonşudan gəlməyib, biz belə şeyləri bilmənik (məhz bilmənik). Bizim regionda belə şey ola bilməz. Gəmi, təyyarə, qatar qəzalarına görə məsuliyyət daşıyacaq adamlar varsa, bu da həmin gəminin kapitanı, təyyarənin pilotu, qatarın rəisidir. Məsuliyyətə cəlb ediləcək (əslində isə dolaşdırılıb soyulacaq) adamlar onlardır. Lap axırda isə onların əlinin altında işləyən bir-iki nəfərə yüngül (bəzən isə şərti) iş kəsib içəri qoyar, ilk əfvdə, amnistiyada da buraxarlar. Qəzada ölənlərə isə Allah rəhmət eləsin, alın bu da onların ailələrinə kompensasiya.
Daha hansısa qəzaya görə nazir və ya baş nazir niyə istefa verməlidir? Əslində Çon Xon Von azərbaycanlı, həm də rusdilli olsaydı, deyərdi, niçeqo sebe, mən nəyə görə istefa verməliyəm, bərəni normadan artıq mən doldurmuşammı. Onun sözçüləri, məsələn, Si Ya Vuş ortaya çıxar, deyərdi, biz heç bilmirik bu ölkədə “Sevol” adlı bərə var, o gün bildik, indi kimsə səhlənkarlıq eləyib qəzaya uğrayacaq, bundan ötrü baş nazir nəyə görə istefa verməlidir.
Əlbəttə, bizdə heç kəs istefa verməzdi və əgər müxalifət bu xüsusda bir az artıq dara-bara salsaydı, hər şeyi onun üstünə yıxardılar, çıxıb bəyan edərdilər ki, gəminin kapitanının tərcümeyi-halı araşdırılıb, məlum olub ki, o, gəmişilik idarəsində işə 1993-cü ilə qəbul edilib. Hətta sonradan məlum olsa da ki, həmin kapitan işə 1993-cü ilin dekabrında qəbul olunub, yenə xeyri olmazdı, günah AXC-Müsavat hakimiyyətinin üstündə qalardı. Bizdə belədir. Günah mütləq başqasındadır.
Bərilərə gəlməyək, bu hadisə Cənubi Koreyada yox, onunla qardaş Şimali Koreyada olsaydı, Kim Çen In nəinki istefa verərdi, hətta həmin şirkətin qəza törətməmiş gəmilərinin kapitanlarını da güllələdərdi, bu işdə rolu olan 30-cu dərəcəli adamı da içəri basdırardı. Çünki onlarda da belədir, rəhbərdən başqa hamı günahkardır.
Bəs cənab Von niyə hesab edir ki, hamıdan böyük günahkar o özüdür? Ona görə ki, Cənubi Koreyada da bu cürdür. Adam gözünü açıb belə görüb, görüb ki, ölkədə baş verən böyük bədbəxtliklərə görə ilk növbədə onun bir nömrəli rəhbəri məsuliyyət daşıyır.
Baş nazir vəzifəsindən istefa vermək Cənubi Koreyada adi işdir. Baxın, bizdə 21 ildir ki, başqa soyadda prezident olmayıb, 20 ilə yaxındır ki, başqa bir baş nazir görməmişik, amma Cənubi Koreyada 10-a qədər baş nazir dəyişib. Həmin Koreyanın şimalındakı dövlətdə isə 70 ilə yaxındır ki, ölkəni Kim idarə edir (Kim İr Sen, Kim Çen İr, Kim Çen In). Kimlərə qaldı dünya...
Yəni istefa vermək mədəniyyət məsələsidir. Hansı ölkədə vəzifə yiyələri tez-tez istefa verirlər, bilin ki, o ölkədə ruzi-bərəkət də var, firavanlıq da, haqq-ədalət də. Əlində qanlı bıçaq, cibində işarələnmiş dollar, üstündə saxta sənəd, evində milyonlar, beynində xain planlar tutulanların dirəşdiyi, hələ bir də başqalarını borclu çıxardığı ölkələrdə isə heç zad ola bilməz.
Bizim nəzərimizdə hər dəqiqə istefa verməyə hazır olan Cənubi Koreya rəhbərləri axmaqdır. Bizimki odur ki, Cənubi Koreyada istehsal olunmuş avtomobildən düşək, özümüzü həmin ölkədən gəlmiş kondisionerin altına verək, Cənubi Koreya televizoruna baxa-baxa iqtisadi inkişaf tempindən danışaq. Biz çox ağıllı və bacarıqlıyıq.

Bizə qoşulun