Medianews.az
Yüksək gərginlikli ağaclar
505 baxış

Yüksək gərginlikli ağaclar

zamin yeni raz
Neçə illərdir bu xarabada yaşayırıq, ancaq yenə də bəzi həyasızlıqlara heyrət edirik. Görünür, bu bizim sadəlövh, ürəyi təmiz, körpə qəlbli olmağımızla bağlıdır (Hərdən özümü tərifləməsəm görürəm hərəkət edən yoxdur. Tərifsiz isə burada yaşamaq mümkün deyildir. Adam xəstələnib ölür. Bir növ, immunitet zəifliyi yaranır).
Baxın, bütün dünyada ordunun baş qərargah rəisinin, ümumiyyətlə, hər hansı bir ordu generalının iş yeri haradır? Əlbəttə, deyə bilərsiniz bu nə gülünc sualdır, orduda işləyənin iş yeri ordu olar. Ancaq tələsməyin. Azərbaycan Müdafiə Nazirliyinin hərdən yaydığı xəbərləri oxuyun. Görəcəksiniz orada belə bir cümlə vardır: “Nazirin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov cəbhə bölgəsinə gedib. Səfərin məqsədi hərbi hissələrin döyüş qabiliyyətini, müdafiə dayanıqlığını, silah-sursatı və sairəni yoxlamaqdır”. Görürsünüzmü? Siz də gülürdünüz. Adam öz iş yerinə səfər edir.
Əlbəttə, hər gün 6 nəfər əsgəri ölən orduda kabinetdən çıxıb tualetə getmək də ağır səfər sayılır, nə biləsən əcəl səni hansı tində gözləyir? O üzdən generala uğurlu səfərlər, maraqlı turizm cığırları açmasını diləyərək keçək MN-in Bakı ofisinin  yuxarısındakı daha mistik məkana - rəsmi adı Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağı adlanan əraziyə. Son vaxtlar orada ağaclar mövzusunda baş verən paranormal hadisələrin heç bir elmi izahatı yoxdur.
Uca xalqımızın Botanika bağı dediyi o yer çox gözəl yerdir, bir neçə dəfə mən də gəzmişəm, ancaq son illər ətrafında çoxlu göydələn tikiblər, dörd tərəfini bağlayıblar, daha bağa nə Günəş şüası düşür, nə də havası dəyişir. Giriş hissədə çayxana, restoran da öz yerində. Bir azərbaycanlının bitkilər aləminə münasibəti necə ola bilərdisə, elə bir münasibət yaradılıb. Necə deyərlər, biz tut ağacından ya saz, ya da paz düzəldən millətik, halbuki bəhməz və ipək aldığımız zamanlar da olub, insaf naminə bunu da yazaq, millət ruh düşkünlüyünə yuvarlanmasın. Tutun yaxşı arağı da olur, unutmayaq.
Nə isə, uzun sözün qısası, son vaxtlar kütləvi informasiya vasitələrində hay-həşir qopdu ki, Botanika bağında ağacları qırırlar. Hadisənin fotoşəkilləri də var idi, baxırdın doğrudan da yerdə kötüklər qalmışdır. İnformasiya ortalığa çıxandan sonra bağın müdiriyyəti, AMEA, Ekologiya Nazirliyi və sairə dövlət idarələrindən verilən açıqlamaları diqqətlə izlədim. Əgər bunun biri o biri ilə düz gəlirdisə həmin kəsilən ağac gözümə girsin. Əks halda, həmin dövlət idarələrinin gözünə girsin.
Həmin açıqlamaların qısa özətini bu cümlələrlə verə bilərik:
Bağda ağac kəsilməyib;
Kəsilənlər ağac deyil, nəsə başqa şeydir;
Ağacları çıxardıb başqa yerdə əkmişik;
Orda ümumiyyətlə ağac olmayıb;
Ərazidə heç nə tikilməyəcək;
Bağın müdiri buna görə işdən çıxarılıb;
Müdir iki ildir işə gəlmirdi, özü istefa verib və sairə.
İndi sən bu izahatlardakı abırsızlığa heyrətlənməyib nə edəsən? “Azəriqaz”ın Lökbatanda camaatı qazla boğub 1 nəfəri də öldürəndən sonrakı açıqlaması yadınıza gəlirmi? Demişdilər camaatın immuniteti zəifdir, ona görə mavi yanacağın tərkibinə səhvən artıq qatdığımız odorant maddəsindən zəhərləniblər. Heç üzr də istəmədilər! Bugünlərdə həmin əhvalatın axırı necə olub, bu haqda da açıqlama verildi: idarənin Lökbatan bölümünün rəhbərinə... töhmət veriblər. Necədir? Kef eləyin.
Bu qaz əhvalatını ona görə xatırlatdım ki, Botanika bağının olayı bunu da ötüb keçib. Dünən bağın müdir müavini deyib ki, həmin ağacların... “kökləri ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə dəyirmiş, nəticədə qığılcım çıxırdı, alimlərə və bağa gəzməyə gələnlərə təhlükə yaranırdı” (sitat).
Fantastikadır. Ağac doğramağa belə izahatın davamı gələcək. Məsələn, bir gün də həmin ağaclar səfərə çıxıb cəbhə bölgəsinə gedəcəklər. Botanika bağı qalacaq boş, orda Nəcməddin müəllim üçün kababxana inşa ediləcəkdir.
Sabaha da heyrətamiz xəbərlərimiz olacaq. Bizimlə qalın, botanika bağına getməyin, tok vurar.
 

Bizə qoşulun