O vaxtlar bizim yaşayış massivinə işləyən avtobusların xidməti bərbad gündəydi. Düzdür, heç indi də abad durumda deyil, amma o vaxt lap pis idi. Basabas olurdu, avtobuslar intervala riayət etmirdi, sürücülərin çoxu qabalıq edirdi, pulyığan gədələr sərnişinlərin üstünə mırıldayırdılar və sair və ilaxır.
Dözümlü camaatımız bu durumdan çox narazıydı, amma heç kim mıqq eləmirdi. Xatırlayıram ki, mən bu arıq canımla yolun yarısında avtobusu tısbağa sürətli ilə sürən, yarıdan sonra Şumaxerə dönən sürücülərlə sözlü konfliktə girirdim, yalnız bir neçə qadın dəstək verirdi, “düz deyir də” deyirdilər, arxadakı 25 kişidən biri dillənmirdi. Hərçənd sürücülər və onların köməkçiləri tərəfindən döyülməkdən məni qalstukumun xilas etdiyini bilirdim, yoxsa üstümə vintaçan çəkər, ən azı yarıyolda avtobusdan endirib aparmazdılar.
Xüləs, belə bir vəziyyət yaranmışdı. Bir dəfə yaxın adamlara dedim ki, gəlin kömək edim, mətbuatda bu məsələni ciddi şəkildə qaldıraq, hərdən yazıram, effektsiz olur, camaat şikayət etsə, ajiotaj yaranar, bəlkə bir xeyri olar. Dedilər, kimə şikayət edək. Dedim, Nəqliyyat Nazirliyinə, BŞİH-in nəqliyyat departamentinə. Güldülər. Biri dedi, müəllim, deyəsən bilmirsən ki, bu marşrutun sahibi elə departamentin rəisi “Tapança Nazim”dir.
“Tapança Nazim” ifadəsini ilk dəfə onda eşitdim - təxminən 8-9 il qabaq. Ona qədər “Tapança Yadulla”, “Tapança Əsgər” və sair ləqəbli adamlara dair bilgim vardı. Xüsusilə də bizim kənddə dəb idi, kimsə nə vaxtsa öyünmək məqsədilə ağzından qaçırırdısa ki, onun tapançası olub (əsgərlikdə, “sezon”da, nə bilim, tələbəlikdə-zadda), camaat dərhal adına “Tapança Filankəs” deyirdi. Kəndimizdə 3-4 nəfər “Tapança” ləqəbli adam vardı. Düzdür, heç kəs bu ləqəbi onların üzünə qarşı deyə bilməzdi, tapança kimi açılardılar, amma dallarınca deyirdilər.
Onların heç biri dövlət məmuru deyildi. Ona görə də departament rəhbəri mənə “Tapança Nazim” kimi tanıdılanda ağlıma iki versiya gəldi: 1. Yəqin adama işdən tabel silahı veriblər və rəis bir dəfə onu kiməsə göstərməyə vadar olub; 2. Adamın kriminal keçmişi var və hələ də mafioz dairələrlə işbiriliyindədir.
Daha çox birinci varianta inanmağa meylli idim. İndi etiraf edirəm ki, o vaxt rəisin bu cür unikal və ürküdücü ləqəbi mənim ona qarşı şikayət və etiraz kampaniyası təşkil etmək təşəbbüsümü yarımçıq qoymağıma səbəb oldu. Düşündüm ki, adama “Tapança” deyirlərsə, demək, tapançası var, üstəlik, tapançalı tanışları da ola bilər və özü də dövlət məmurudur, adamı, məsələn, blokuna girdiyi yerdə ağzından vurarlar. Tərs kimi, həmin vaxt məşhur jurnalistlərdən birini tapançayla vurmuşdular, vuranları hələ də tapmayıblar.
Ona görə də mən “nəqliyyatda qayda-qanun yaratmaq hər kəsin işidir” şüarına üstünlük verdim, tapançalı adamlarla üzbəsurət atışmaq fikrindən daşındım.
Budur, illərdən sonra Bakı şəhər Nəqliyyat Departamentinin keçmiş rəisi Nazim Əsgərov dilə gəlib və ona “Tapança Nazim” deyilməsinə reaksiya verib. Cənab Əsgərov deyib ki, ona “Tapança Nazim” adını kim qoyubsa, başını böyük daşa döyüb". Ardınca Nazim müəllim belə deyib: “Mənim öz adım var, ali savadlı oğlanam, 18 yaşından da istehsalatda və ayrı-ayrı vəzifələrdə çalışmışam. Mən ”Tapança Nazim" deyiləm. Bunu mənim haqqımda məlumatı olmayanlar deyə bilər".
Bəli, məsələ bitmişdir. Heç demə, o vaxt bizi yalandan qorxudurmuşlar. Vaxtında bilsəydik ki, Nazim Əsgərovun tapançası yoxdur, hətta varsa da, “Tapança” ləqəbi ilə tanınan avtoritet deyil, yəqin ki, etiraz səsimizi qaldırar, bərbad gündə olan marşrutumuzu xilas edərdik. Yoxsa 44 sərnişinlik avtobuslara 88 nəfərin doluşması elə də komfortlu səyahət deyildi.
İndi Nazim müəllimi yeni vəzifəyə qoyublar. Bu da balaca vəzifə deyil. Ancaq yenə də bizim məhəlləyə işləyən avtobusların marşrutunun sahibi odursa, gərək özünə yeni ləqəb düzəltdirsin. Məsələn, “Kalaşnikov”. Çünki bizim yaşayış massivində yeni-yeni demaqoqlar əmələ gəlib, yalnız dəyənəkdən, “Kalaşnikov”dan, gözyaşardıcı qazdan, bir də işdən çıxarılmaqdan qorxurlar. Yoxsa bir gün çıxıb etiraz edəcəklər.
P.S. Dəli şeytan deyir, yazını “Tapança Samir” kimi imzala.
