Dünən musavat.com saytında əməkdaşımızın milyonçular barədə hazırladığı bir material vardı, çox maraqlı yazıydı.
Məqalədə söhbət avropalı və amerikalı milyonçuların bir sıra xasiyyətlərindən, sadəliklərindən, gözütoxluqlarından gedirdi. Düzdür, o yazıda milyarderlər haqqında da qeydlər vardı, amma söhbət əsasən milyonçular barədə idi.
Bildiyimiz kimi, Amerikada və Avropada milyarderlər və milyonçular çoxdur, biz yalnız milyarderlərdən bir neçəsini (Karlos Slimi, Bill Qeytsi, Lakşmi Mitalı, Uorren Baffeti, Mark Zukerberqi) tanıyırıq, amma milyonçuları tanımırıq, çünki onları barmaqla göstərmirlər.
Milyonçuları heç öz ölkələrində də yaxşı tanımırlar, olsa-olsa öz kənd-kəsəklərində, şəhərlərində tanıyırlar. O tərəflərdə yaşayan dost-tanışlar and içirlər ki, meşədə-filanda piknik təşkil edərkən qonşuluqdakı sadə adama yazığın gəlir, süfrəyə çağırırsan ki, gəlsin bir qismət çörək kəssin, bu da gəlir milyonçu çıxır.
Yəni avropalı milyonçuların öz varidatlarını bəlli etməmələri, bununla qürrələnməmələri haqqında deyilən, yazılan söhbətlər əfsanə deyil. Onların əksəriyyəti gerçəkdən də belədirlər və bunu norma hesab edirlər. O milyonçular ciddi-ciddi düşünürlər ki, bunların pulunun çox olması onlara başqalarının qarşısında əlavə üstünlük vermir, o da hamı kimi bir yerə daxil olmaq istəyəndə, ya da nəsə alanda növbəyə durmalıdır, hamı yediyindən yeməlidir, hamı geydiyindən geyməlidir, hamı sürdüyündən sürməlidir.
Yeri gəlmişkən, sözügedən yazıda milyonçuların sürdüyü maşınlar barədə də qeyd vardı, yazılırdı ki, onların yarıdan çoxu 20 min dollar civarında qiyməti olan maşınlar sürürlər və çox vaxt da maşını (“yağın içində”, “sıfır kilometr” epitetləri ilə təqdim olunan) salondan almırlar, necə deyərlər, əldən alırlar ki, bir az da ucuz düşsün.
Ömründə bir dəfə Amerikada olub, cümləsini “mən axırıncı dəfə Amerikada olanda”yala başlayan, 15 il boyunca Amerika təəssüratları tükənməyən adamların sözü olmasın, mən o vaxt Cənubi Karolinada olanda iki nəfərdən ibarət bir ortabab ailənin evində qalırdım, həyətlərində 3 maşın vardı – üçü də azlitrajlı “Toyota” markalı maşın idi. Arada ev sahibindən soruşdum ki, iki nəfərə üç maşın çox deyilmi. O dedi ki, bu maşının biri mənimdir, biri xanımındır, biri də Banqladeşə köçən tələbəmindir. O gündən sonra fikir verdim ki, Kolumbiya şəhərində ən çox rast gəlinin maşın markası “Toyota”dır – hamısı da ən az benzin yandıran növündən. İri cipləri, Bakıda adamın böyründən keçəndə “”vvvvv” eləyən maşınları isə əsasən qaradərili gənclər sürürdü və onlar da adamın böyründən keçəndə “vvv” eləyirdilər. Onların maşın sürərkən musiqinin səsini sona qədər açmaları, saqqız çeynəmələri, sürətlə şütümələri bizə çox doğma gəlirdi, özümüzü Bakıda hiss edirdik.
Bax, buradan dalaraq, amerikalı qaradərili gənclərlə bakılı qaraşındərili gənclərin eyni cür harınlıq sərgiləməsinin psixoloji səbəblərini tapmaq olar. Görməmişlik. Onlar da birdən-ikiyə çoxlu pul və bahalı maşın görməyiblər, bizimkilər də. Onlar Afrikadan aparılan və Amerikda uzun illər müftə işlədilən kölələrin nəvə-nəticələridir, axtarsan, bizim qudurmuşların da dədə-babasının avtobiorafiyasında öz muzdur keçmişləri ilə qürur duymaq xətti keçir.
Ən pisi odur ki, bizdə leqal milyonçu da yoxdur, barmaqla sayılası qədər var, onları da bir gün tutub barmaqlıqlar arasına salır, bizneslərinə barmaq edirlər, pullarını əlindən alırlar və özləri qeyri-leqal milyonçu olurlar.
Uzun sözün qısası, bizim hələ mədəni dünyanın insanlarına çatmağımıza xeyli var. Hələ aradakı məsafə daha çox açılmasa yaxşıdır. Çünki biz əslində mədəni dünyanın insanlarına çatmaq istəmirik, milyardlarını tam olaraq öz bioloji övladlarına yox, xeyriyyə fondlarına miras qoyan şəxsləri başa düşmür, onları axmaq adlandırırıq, əyninə şortik və idman ayaqqabısı geyib velosiped sürən milyonçuya gülürük. Onlar da toplam varidatı 50 min olmayan azərbaycanlıların kreditlə 100 min manatlıq avtomobil almasını heç cür anlaya bilmirlər.
Onların öz övladlarına verdiyi tərbiyə ilə bizimki bir deyil. O gün İsveçdən bir qonağımız gəlib, 9 yaşlı uşaqdır. Aeroportda maşına minəndə arxa oturacaqda oturan kimi təhlükəsizlik kəmərini bağlayıb. Dayısı deyib ki, bağlamasan da olar. Uşaq təəccüblənib: “Necə olar? Axı bu bağlanması üçün nəzərdə tutulub. Müəllimimiz deyir ki, bağlanmalıdır”.
Bəli, məsələ müəllimin uşaqlara nəyi necə tövsiyə etməsindədir. Onlarda müəllim həmişə haqlıdır, çnüki həmişə dürüstdür, o uşağa “yaxşı nədir, pis nədir” sualının cavablarını düzgün öyrədir. Bizdə müəllim uşağa məktəbə nə qədər pul gətirməsini öyrədir.
Ona görə də avropalı gənclər adamın böyründən hətta bahalı maşınlarla keçəndə də “vvvv” eləmirlər.
