Dünyanın inkişaf etmiş ölkələrində birinci ledilər həyat yoldaşlarını tədbirlərdə, daxili və xarici səfərlərdə müşayiət etsələr də, hakimiyyətdaxili proseslərə müdaxilə etmirlər. Ancaq bəzi ölkələrdə bunun əksi müşahidə olunur. Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Nikaraquanın birinci ledisi özünü heç də prezidentdən az səlahiyyətli hesab etmir. Modern.az-ın hazırladığı yazıda bu ölkənin birinci xanımının, belə demək mümkünsə, hansı hoqqabazlıqlar etməsindən xəbərdar olacaqsınız.
Birinci ledi keçmiş partizandır
Nikaraquanın Milli Assambleyası 2013-cü ilin dekabrında nəhayət, parlamentə nəzarət edən sandinistlər bu ölkənin Konstitusiyasında prezident seçilmək müddətini məhdudlaşdıran müddəanın dəyişikliyinə nail olub. Beləliklə, indi fəaliyyətdə olan prezident Daniel Orteqa 2016-cı ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürə biləcək. O həm də Venesuelanın keçmiş prezidenti Uqo Çavesdən nümunə götürərək Konstitusiyanı dəyişdirməklə ömürlük dövlət başçısı kimi də qala biləcək.
Xatırladaq ki, Daniel Orteqa dövlət başçısı postuna üçüncü dəfə 2012-ci ilin yanvarında qayıdıb. O birinci dəfə prezident kürsüsünü uzaq 1985-ci ildə tutub və 1990-cı ilədək Nikaraquanı idarə edib. Sonra 2006-cı ildə yenidən hakimiyyəti özünə qaytara bilib. Konstitusiya ilə ona ikinci dəfə namizədliyini irəli sürmək imkanı verilməyib. Amma 2011-ci ildə müxalifətin və beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq bu səddi Ali Məhkəmənin qərarı ilə keçmək mümkün olub.
Beləliklə, keçmiş partizan komandiri, marksist, Somosa klanının diktaturasını devirən Daniel Orteqa həyat yoldaşı ilə birlikdə özlərinin hakimiyyət klanını formalaşdırıblar. Nikaraqua Qərb yarımkürəsində Haitidən sonra ikinci ən kasıb dövlətdir. Bu Mərkəzi Amerika ölkəsinin dünya iqtisadiyyatının xəzinəsinı xeyiri çox cüzidir.
Qeyd edək ki, Nikaraqua prezidenti Daniel Orteqa Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevdən sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıyan dünyada ilk liderdir.
Şairə birinci ledi
Şairə Rosario Murilyo ərinə yalnız ağ köynəklər seçir, onun çıxışlarını hazırlayır, ümumiyyətlə, Nikaraquanın gündəlik idarə olunması ilə məşğul olur.
Orteqa özü də arvadının fikirlərinə qulaq asdığnı gizlətməyə xüsusi cəhd etmir. O hətta Rosario Murilyonu özünün “baş naziri” adlandırır.
Prezident kimi birinci ledi
Müşahidəçilərin fikrincə, Rosario Orteqaya güclü təsir imkanına malikdir, ölkədə bütün siyasi qərarlar birinci ledi bəyəndikdən sonra qəbul olunur. Müşahidəçilər birmənalı olaraq bildirirlər ki, Nikaraquada real hakimiyyət Murilyonun əlindədir. Birinci ledi kimi heç vaxt ərini gözündən uzağa getməyə qoymur, istənilən kütləvi tədbirdə onun yanında olur. Hətta belə bir iddia da var ki, prezident öz hakimiyyətinin 50 faizini onunla bölüşüb. Oretqa özü də bir dəfə bunu etiraf edib. Bundan əlavə, prezident yaxınlarda yaradılan “vətəndaş şuraları”na nəzarəti də arvadına həvalə edib. Bu qurumu Nikraquada paralael hökumət də adlandırırlar. “Murilyo özünü Orteqanın “yüksək-ali kahinə”si hesab edir”. Bunu keçmiş sandinist Sofiya Monteneqro deyir. Onun digər bir maraqlı fikri də var: “Hakimiyyət onun başına vurub”.
Birinci ledi və şamanlar
Birinci ledi özünün böyük evində - bura eyni zamanda hökumətin rezidensiyası hesab olunur- spiritizm (müxtəlif zahiri üsullarla ruhlarla, ölülərin ruhu ilə əlaqə düzəltmək mümkün olduğu haqqında mistik təsəvvür) seansları keçirir. O şamanların məsləhətindən yararlanır, əri vəzifəsinin icrasına başlayanda isə Murilyo kabinet üzvlərinə astrologiyadan mühazirə oxuyurmuş. Hökumətin iclası zamanı birinci ledi böyük dairəvi gözmuncuğu ilə oturur ki, pis ruhları özündən uzaqlaşdırsın.
Birinci ledinin qəzəbinə gələn səfirlər
Kubanın Nikaraqua Respublikasındakı səfiri missiyasını yerinə yetirən Luis Ernandes Oxeda 2009-cu ilin sonlarında təcili surətdə ölkəni tərk etməyə məcbur olub. Diplomatik dairələrin verdiyi məlumata görə, Oxedanın Manaquadakı missiyasının vaxtından əvvəl başa çatmasına səbəb birinci ledi Rosario Murilyo ilə aralarındakı mübahisə olub. Diplomatik mənbələrin digər məlumatına görə, Luis Ernandes Oxeda bu Mərkəzi Amerika respublikasının prezidentinin arvadı ilə mübahisədən sonra ölkəni tərk edən üçüncü səfir olub. Xatırladaq ki, bundan əvvəl eyni situasiya ilə iki venesuelalı diplomat Serxio Rodriqes və Miqel Qomes də üzləşib.
Birinci ledi – Nikaraquanın “boz kardinalı”
Artıq heç kim üçün sirr deyil ki, indi 63 yaşı olan şairə Rosario Murilyo Nikaraqua Respublikasında böyük siyasətin müasir və həqiqi “boz kardinalı” hesab olunur. Hakimiyyətə yaxın olanların sözlərinə görə, bu qadın əri Orteqanın bütün fəaliyyətini total nəzarətdə saxlayır.
Nikaraqua müxalifəti heç bir hadisəni nəzərdən qaçırmır və fürsət düşən kimi prezidentin bostanına daş atmaqla onu günahlandırmağa, arvadının idarəetməyə həddindən çox gərəksiz müdaxiləsini tənqid etməyə başlayır. Bəli, Orteqa özü də heç vaxt arvadının fikirlərinə qulaq asdığını xüsusi olaraq gizlətmir.
http://s020.radikal.ru/i710/1403/be/56feab75e9da.jpg
http://s020.radikal.ru/i723/1403/a3/26cf9bbe7f90.jpg
http://i019.radikal.ru/1403/02/7db94c4e02cf.jpg
http://s020.radikal.ru/i710/1403/dc/1274eae0f433.jpg
http://s020.radikal.ru/i715/1403/89/0f26e26af7a3.jpg
http://s018.radikal.ru/i509/1403/9b/f324c2f7a34c.jpg