Daimi oxucuların yadında olar, ötən ilin yazında, Novruz bayramı tətilində işğal altında olan, cəbhə xəttinin keçdiyi kəndimizin yaxınlığına getmiş, binoklla kəndimizin xarabalığına baxmış, bir yazı yazmışdım. Yazmadığım məqamlar da vardı. Çünki hansısa bir hüzr yerinə baş çəkib, rəhmətə gedən kişinin oğluna başsağlığı vermək yazıya gələn məqamlar deyildi.
Ötən ilin Novruzunda getdiyim qapı srağagün Tərtərdə şəhid olan Eşqin Quliyevin eviydi. O zaman o, evdə yox idi, atasının hüzr məclislərini yol verib xidmət yerinə qayıtmışdı. Bizi Eşqinin böyük qardaşı Şirin qarşıladı və təbii ki, məni tanımadı. Axırıncı dəfə gördüyümdə Eşqin qundaqdakı uşaq, Şirin isə 4-5 yaşlı cocuq idi. İndi o, qarşıma qara saqqallı gənc bir kişi çıxmışdı.
“Bu, rəhmətliyin böyük oğludur, bir oğlu da ordudadır, əsgərliyini qurtarandan sonra qaldı”. Bunu mənə yanımdakı yaxın adam dedi. Mən Şirinə başsağlığı verdim və “Əmilərinə deyərsən ki, filankəs gəlmişdi” dedim və daha darvazadan içəri keçmədən qayıtdım.
Budur, həmin qapıda daha bir yas yeri var və atasının ili çıxmamış şəhid olan, kəndin yeni salınmış qəbristanlığında onun yanında uyuyacaq gəncin 25 yaşı var. Düşmən gülləsi ona, özü də bir güllə mənzilində olan kəndimizdən xeyli uzaqda, Tərtərdə tuş gəlib.
Adını sevə-sevə Eşqin qoymuşdular. Onlar Quruçayın vadisində özlərinə ev tikmişdilər. O evdə yaşamaq nə onun hələ o qədər də yaşlanmamış atasına, nə də özünə qismət olmadı.
***
Guya atəşkəs rejimidir, guya müharibə dayanıb, ancaq Eşqinlər müharibə gülləsindən ölür. Eşqlər ölür, qismətlər bağlanır.
Bir neçə gün öncə Yerevanda keçirilmiş etiraz aksiyasından şəkillər yayılmışdı: iki gənc və gözəl erməni qızı “STOP!” deyə plakat qaldırmışdılar, müharibədə gənclərin ölməsinə etiraz edirdilər. Bu, dünyaya mesaj idi, mənası da o idi ki, müharibədə ölən gənclər bu qızların potensial nişanlıları, həyat yoldaşlarıdır.
Yaxşı, bu həzin-həzin davam edən müharibədə ölən erməni gəncləri yazıqdır, onların azərbaycanlı yaşıdları yazıq deyilmi? Bunlar kimlərinsə həyat yoldaşları olmayacaqdılarmı?
Ən qəribəsi o idi ki, plakat qaldıran erməni qızları öz hökumətlərinə yox, Azərbaycana etiraz bildirirdilər. Sanki Azərbaycan ordusu Gümrünü, Masisi işğal edib, üstəlik, dinc durmur, bunların gənclərini güllələyir.
Orduda qulluq edib gəlmiş dost-tanışlar and içirlər ki, atəşkəs rejiminin pozulmasının təşəbbüskarı, yəni gülləni ilk atan tərəf yüzdə doxsan beş nisbətdə ermənilər olur. Danışırlar ki, komandirlər bizim əsgərlərə ciddi şəkildə atəşkəsi pozmamağı tapşırır və bəzən hissə qapılıb ilk atəşi açanları cəzalandırırlar. Amma erməni hərbçiləri sanki güllə səsi eşitməyəndə, atışma olmayanda darıxırlar.
Ona görə də budur, 20 ildir guya atəşi kəsilmiş müharibə eyni qayda ilə davam edir. Bunun 1994-cü ilin mayına qədər davam edən müharibədən fərqi odur ki, ordu hissələri hərəkətə gəlib cəbhə xəttini o üzə, bu üzə keçmirlər. Vəssalam. Yüngül və iri çaplı silahların dueti, dialoqu isə hər gün, ən qızğın müharibədə olduğu kimi davam edir.
Statistikaya varsaq, məlum olacaq ki, atəşkəs dövründə düşmən gülləsindən ölən hərbçilərin sayı (hər iki tərəfdən) müharibənin qızğın vaxtında həlak olanların sayından az deyil.
Belədirsə, daha bunun harası atəşkəs oldu? Bu rejim yalnız Azərbaycan ordusunun əl-qolunu bağlamağa, onun toparlanıb səfərbər olunaraq, hücuma keçib öz torpaqlarını düşmən tapdağından xilas etmələrinə mane olmaq üçün düşünülüb və yalnız buna yarayır.
Atəşkəs rejiminə dair saziş yeni-yeni bağlandığı vaxtlarda hər kəsin dilində-ağzında bir söz vardı: “Bircə sülh olsun, camaatın balası tabutda gəlməsin”. Bu arzu doğrulmadı. Camaatın balaları üstünə milli bayraqlar sərilmiş qara tabutlarda Ermənistana da gedir, Azərbaycanın rayonlarına da paylanır. Çünki zorla cəlb olunduğumuz bu müharibə bitməyib.
Bişkekdə atəşkəs rejiminin bərqərar olunmasına dair protokol imzalananda Eşqinin 5 yaşı vardı və o, müharibənin pis şey olduğunu artıq bilirdi, amma atəşkəsin nə demək olduğunu bilmirdi.
O da bir şey deyilmiş, qardaş oğlu.
10.02.2014, 14:30
593 baxış
Xalid Kazımlı
Atasına qonşu gedən oğul