Yaponiyada dünyanın ən məşhur şimpanzesi, idrak qabiliyyətləri ilə tanınan Ay ölüb.
Oxu.Az xəbər verir ki, BBC bu barədə şimpanzenin yaşadığı Kioto Universitetinə istinadən məlumat yayıb.
Ay İnsan Davranışının Təkamül Mənşəyinin Tədqiqi Mərkəzində yanvarın 9-da 49 yaşında ölüb. Tədqiqat mərkəzinin əməkdaşları son saatlarında şimpanzenin yanında olublar.
Ay Qərbi Afrikada anadan olub və 1977-ci ildə Yaponiyaya gətirilib. Kiotoda o, şimpanzelərin idrakını öyrənməyə həsr olunmuş tədqiqat proqramının əsas iştirakçısı olub. Alimlər müəyyən ediblər ki, Ay rəqəmləri və rəngləri ayırd edə bilir.
Primatoloq Tetsuro Matsuzavanın 1985-ci ildə apardığı bir araşdırmaya görə, Ay beş yaşında 1-dən 6-ya qədər saymağı mənimsəmiş və 300-dən çox nümunədə rəqəmləri, rəngləri və əşyaları fərqləndirə bilib.
Şimpanze markerlərlə kağıza rəsm çəkməyi də bacarıb. Yaponiya mediası, həmçinin Ayın bir dəfə açarı oğurlayaraq, başqa bir primatla birgə hücrəsindən qaçdığını bildirmişdi.
2000-ci ildə şimpanze Ayumu adlı övladını dünyaya gətirib. O da müstəsna yaddaşı ilə tanınıb.