Yunanıstanın Zakintos adasında yerləşən və hər il on minlərlə turistin ziyarət etdiyi məşhur Navagio (Gəmi Batığı) çimərliyi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Ölkə rəsmiləri çimərliyə və məşhur körfəzə girişin bu ilin noyabr ayına qədər qadağan edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Yunanıstanın ən çox fotoşəkil çəkilən turizm məkanlarından biri hesab olunan Navagio çimərliyi və ətraf körfəz 31 oktyabr tarixinədək turistlərin üzünə bağlanıb. Qərarın Zakintos Bələdiyyəsi və Turizm Nazirliyi tərəfindən bölgədəki torpaq sürüşməsi və qayaların qopması təhlükəsi səbəbindən qəbul edildiyi bildirilib.
Məlumata görə, turistlər məşhur çimərliyi yalnız yuxarı hissədə yaradılmış xüsusi müşahidə platformasından izləyə biləcəklər. Çimərliyə enmək və körfəzə daxil olmaq isə qadağan olunub.
Yerli mətbuatın məlumatına görə, qərar ötən həftə ABŞ-dən olan bir turistin torpaq sürüşməsi nəticəsində qayalıqdan yıxılaraq ağır yaralanmasından sonra qəbul edilib. Bildirilir ki, oxşar hadisələr əvvəlki illərdə də həmin ərazidə qeydə alınıb.
Navagio çimərliyi ağ qumlu sahili, firuzəyi dənizi və sahildə yerləşən məşhur gəmi qalıqları ilə Yunanıstanın ən tanınmış turizm simvollarından biri hesab olunur. Lakin təhlükəsizlik səbəbindən bu il turistlər onu yalnız uzaqdan seyr edə biləcəklər.//Musavat.com