Medianews.az
Azərbaycan ABŞ ilə yaxınlaşdı, Rusiya hücuma keçdi -
67 baxış

Azərbaycan ABŞ ilə yaxınlaşdı, Rusiya hücuma keçdi - maskalar düşdü...

Bu gün Putin Rusiyasının qonşu və suveren Ukraynaya hərbi təcavüzə başlamasından 4 il ötür. Moskva keçən müddətdə bir çox taktiki üstünlüklər qazansa da, ərazi zəbt eləsə də, hələ ki, strateji hədəflərinə çata bilməyib. Ədalətsiz müharibə onu 4 ildə əhəmiyyətli dərəcədə zəiflədib – iqtisadi-maliyyə və hərbi-siyasi cəhətcə. İmperialist iştahası azalmasa da.

Ən mühümü, Kremlə dünyada, özəlliklə postsovet məkanında olan-qalan inam-etibar sarsılıb. Onu bərpa eləmək mümkünsüz. “Qatar” gedib. Bununla belə, Rusiya köhnə təsir zonalarına qayıtmaq planlarından da əl çəkməyib. Söhbət həm də Ermənistandan gedir...

“Rusiya Ermənistandakı əlaltıları vasitəsilə Azərbaycanla sülh prosesini pozmağa çalışır”.

Bunu Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan deyib (Teleqraf).

Siyasətçi erməniəsilli rusiyalı milyarder, hazırda ev dustaqlığında olan Samvel Karapetyan və komandasının fəallığını da bununla izah edib: “Onlar Ermənistana qrup maraqlarına xidmət etmək üçün gəliblər, girov statusuna malikdirlər və bütün bunları etməyə məcburdurlar. Onlar Kirill təriqətindəndirlər (Rusiyanın patriarxını nəzərdə tutur – red.)”.

Mehrabyana görə, bu insanlar oda düşüblər, başqalarını da özləri ilə birlikdə oda atmaq istəyirlər. “Bütün bunlara müvafiq qiymət verilməlidir. Maskalarını çıxarsalar, altından Solovyov, Marqarita Simonyan və Putinin siması görünəcək. Rusiyanın həyatımızda iştirakı nə qədər az olsa, bir o qədər yaxşıdır”, - o vurğulayıb və əlavə edib ki, Rusiya sülh prosesini iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri vasitəsilə dayandırmaq istəyir...

Ermənistanda belə praqmatik və pozitiv düşüncəli insanların, siyasət adamlarının olması yaxşı haldır. Onlar nə qədər çox olsa və çoxluqda olsa, təbii ki, bir o qədər Rusiyanın bu ölkəni öz proksi-qüvvələri, “5-ci kolonu” hesabına qarışdırmaq, qarşıdakı seçkilərdə uğur qazanmaq imkanı az olacaq. Yaxud heç olmayacaq. Hətta başqa qanunsuz üsullar da o halda Kremlin karına gəlməyəcək, onun gözlədiyi nəticəni verməyəcək.

Bizim tanıdığımız Rusiya isə ən kobud üsullarla, “balta” ilə işləməyi xoşlayır. İndi gör Kremlin digər milyarder “desantı”, hazırda Bakıda həbsdə yatan Ruben Vardanyan da Qarabağdan qaçıb Ermənistanda yuva qursaydı, Paşinyan hakimiyyəti Moskvanın hansı təzyiqləri ilə üz-üzə idi. Demək, Bakı Vardanyanı cəzasına çatdırmaqla həm də böyük sülh prosesinə əvəzsiz töhfə verib, eyni zamanda, Nikol Paşinyan iqtidarına yeni “xilas kəməri” atıb.

featured-image-510356

Sözsüz ki, bunu ölkəsini Rusiya boyunduruğundan gec də olsa, qurtarmağa çalışan Paşinyan əla bilir. Onu da bilir ki, Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi, taxılın daşınması üçün tranzit qadağalarını götürməsi də ən əvvəl Moskvanın İrəvana təzyiq potensialını zəiflətməyə, onun Güney Qafqaza yönəlik destruktiv planlarını pozmağa yönəlib...

Diqqət edin, neft məhsulları, özəlliklə benzin, taxıl strateji əhəmiyyətli məhsullardır. Özü də onlar Rusiyadan yan keçməklə Ermənistana daşınıb. Zəngəzur dəhlizinin, digər kommunikasiyaların açılması ilə qonşu ölkənin Rusiyadan asılılığı, ümumiyyətlə, minimuma enəcək. Azərbaycan Ermənistanı, həmçinin, qısa zamanda münasib qiymətə təbii qazla da təmin edə bilər, əgər Moskva bu faktordan da İrəvana qarşı təzyiq aləti istifadə edib daxili vəziyyəti qarışdırmaq istəsə.

Bakının hədəfi bəlli: artıq başlamış və uğurla davam edən böyük barışıq prosesini nəyin bahasına olur-olsun, xilas eləmək, rusun regiona müdaxilə “əlini” kəsmək. Bölgənin açar və həlledici dövləti kimi bu həm də bizim tarixi missiyamız və məsuliyyətimiz. Yetər ki, erməni toplumu da bu tarixi fürsətin dəyərini anlayıb, nəhayət, qarşıdakı kritik seçkilərdə və referendumda doğru qərarlar versin. İlk növbədə elə özünün xilası naminə. “Top” həmişəki kimi qarşı tərəfin meydanında.

Tarix sanki təkrarlanır. Nə etməli, ya zəlzələdən, ya vəlvələdən Azərbaycan, Ermənistan və Gürcüstan ötən əsrin 20-ci illərindəki kimi yenə eyni “qayıq”da yer alır. Ancaq bu dəfə heç kimin səhv eləmək şansı yox. Xüsusən də Ermənistanın...

Bizə qoşulun