Medianews.az
Mərkəzi Bankda müzakirələr –
1,356 baxış

Mərkəzi Bankda müzakirələr – Ekspertlər hansı məsələləri qaldırıblar?

Oktyabrın 22-də Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin növbəti görüşü keçirilib.

Görüş zamanı pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də mərkəzi bankçılığın aktual məsələləri ətrafında müzakirələr aparılıb.

Mərkəzi Bank bəyan edib ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafı ictimai rəyin düzgün formalaşmasına, bununla da Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir.

Medianews.az bildirir ki, görüşdə iştirak edən ekspertlərdən Natiq Cəfərli və Əkrəm Həsənov sosial media hesablarında məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Natiq Cəfərli yazıb:

“Oktyabrın 22-də Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımovun dəvəti ilə Mərkəzi Bankda bir qrup iqtisadçı ilə görüşdə iştirak etdim. Əvvəl onu qeyd edim ki, vacib dövlət qurumu olan Mərkəzi Bankın ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu digər hökumət qurumları üçün də örnək olmalıdır.

Təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr oldu. Həmkarlarımın qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı, sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə məcburən dövlət qurumuna iradlarımızı bildirdik.

Mənim üçün iki önəmli məsələ oldu, onları qeyd edim:

1) Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tətbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır. İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu, doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı 500 min manat olmalıdır. Xatırlayırsınızsa, bu problemi illərdir qaldırıram, kiçik sahibkarlara dəstək olmağa çalışıram, xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir.

2) Mərkəzi Bank ölkədə ÜDM-ın artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Mən onu da əlavə edim ki, indiki iqtisadi sistem o qədər primitivdir ki, Mərkəzi Bankın iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Deməli, məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz requlyativ funksiyalarını effektiv yerinə yetirə bilsin.

Sonda onu da deyim ki, Mərkəzi Bank tənqidlərə, təkliflərə açıqdır, bu, təqdir olunmalı yanaşmadır, amma məsələ budur ki, Mərkəzi Bank dövlət qurumu olaraq elə özü də hökumətin sistemdaxili tənqidçisinə çevrilməlidir, bax, bu hələ ki, baş vermir...”

Əkrəm Həsənov yazıb:

“Həmişəki kimi Taleh Kazımov açıq və konstruktiv müzakirə (bəzən hətta mübahisə) şəraitində bütün suallara dolğun və səmimi cavab verdi. Bu dəfə əsas mövzular pul siyasəti və vençur maliyyələşməsi idi. O cümlədən bəlli oldu ki, Taleh müəllim Mərkəzi Bankın kollegial qurumlarında (Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi) həqiqi kollegiallığa şərait yaradaq səsvermədə sonuncu olaraq iştirak edir və bir neçə dəfə hətta qəbul olunmuş qərarların əleyhinə də səs verib. Çox yaxşı nümunədir digər dövlət qurumları üçün!

Mənim sualım bank sistemi üçün ən əhəmiyyətli məsələlərdən biri ilə bağlı idi - əmanətlər haqda. Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır. Lakin hazırda bir bank - “Turanbank” uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb. Deməli, müştəri bu banka 2009-cu ildə 100 min dollar əmanət yerləşdirib, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa çekini (həmçinin bir torpaq sahəsinə mülkiyyət sənədini) tapıb və notariusa müraciət edib. Lakin “Turanbank” bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasən sənədləri azı 5 il saxlamalıdır, 5 il bitib, o da sənədləri məhv edib.

Başqa sözlə, “Turanbank” demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Çünki 5 ildən sonra gəlib əmanəti istəsəz, bank deyə bilər ki, elə sabahısı gün gəlib çıxarmısan, 5 il ötüb, o da sənədləri məhv edib. Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz: əmanətçilər üçün qeyri-müəyyənlik yaratmaq! İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunu istəyə bilərsən, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir.

Problem özü də ondadır ki, bu mövqeni sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirir. Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlamaya gələndə 5 illik sənədləri istəyə bilər. Amma təbii ki, bankın müştəri qarşısında öhdəliyinin icrasını təsdiq edən sənədin saxlanılması ilk növbədə bankın özünə lazımdır. Çünki əmanəti qaytarmasına dair sübutetmə yükü onun üzərindədir.

Baş bankir məsələnin araşdırılacağını bildirdi və təsdiq etdi ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil. Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur və yalnız “Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəlidir. Lakin buna necə əmin olaq? Bir bank bütün bank sisteminin üzünü qara edə bilər...”

Medianews.az

Bizə qoşulun