Medianews.az
Maaş məsələsi: fərqi necə aradan qaldırmaq olar?  
1,914 baxış

Maaş məsələsi: fərqi necə aradan qaldırmaq olar?  

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin ilk yarısında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manata çatıb.

Orta aylıq maaş statistikasında paytaxt Bakı ilk yerdə durur: 1375,4 manat.

İyulun 1-nə orta maaş Naxçıvan Muxtar Respublikası iqtisadi rayonunda 825,7 manat, Abşeron-Xızı iqtisadi rayonunda 876,6 manat, Dağlıq Şirvan iqtisadi rayonunda 691,1 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 758,2 manat, Qarabağ iqtisadi rayonunda 702,3 manat, Qazax-Tovuz iqtisadi rayonunda 733,8 manat, Quba-Xaçmaz iqtisadi rayonunda 724,3 manat, Lənkəran-Astara iqtisadi rayonunda 685,7 manat, Mərkəzi Aran iqtisadi rayonunda 687,2 manat, Mil-Muğan iqtisadi rayonunda 672,1 manat, Şəki-Zaqatala iqtisadi rayonunda 683,4 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 787,7 manat, Şirvan-Salyan iqtisadi rayonunda 781,6 manat olub.

Orta aylıq nominal əməkhaqqı göstəricisində bütün bölgələr paytaxtdan geridə qalır. Bölgələr arasında 876,6 manatlıq göstərici ilə ilk yerdə qərarlaşan iqtisadi rayon (Abşeron-Xızı) da paytaxt həndəvəridir.

Lakin bölgələrin lideri olan Abşeron-Xızıda da göstərici Bakıdan 500 manatadək aşağıdır.

Ən aşağı orta maaşın (672,1 manat) qeydə alındığı Mil-Muğan iqtisadi rayonu ilə paytaxt arasında fərq isə iki dəfədən də çoxdur. Bakıda orta aylıq maaş Mil-Muğan bölgəsindəki orta maaşdan 700 manatdan artıqdır.

Regionların inkişafı daima müzakirə olunan məsələlərdəndir. Bununla bağlı dövlət səviyyəsində proqramlar qəbul olunub, iri layihələr həyata keçirilməkdədir.

Bölgələrdə maaşların paytaxtdan bu qədər aşağı olmasının əsas səbəbləri hansılardır? Belə bir vəziyyətdə işçi qüvvəsinin paytaxta axınını dayandırmaq mümkündürmü? Dövlətin bölgələrdə investisiya və infrastruktur siyasəti maaş fərqini azaltmaq gücündədirmi?

Medianews.az-ın suallarını cavablandıran Baş nazirin sabiq birinci müavini, Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov bildirib ki, əgər statistik rəqəmlər düzdürsə, yəni Bakı ilə bölgələr arasında fərq təxminən iki dəfədirsə, əslində bu o qədər də pis rəqəm deyil: “Son illərdə dövlət başçısı tərəfindən regionların iqtisadi inkişafı ilə əlaqədar dörd dəfə dövlət proqramı qəbul olunub, bu sahəyə iri vəsait xərclənib. Vəsait əsasən infrastruktur layihələrinin həyata keçirilməsinə, yolların çəkilməsinə, elektrik enerjisi, qaz təchizatı, su təminatı və başqa bu kimi istiqamətlərə yönəldilib. Deyərdim ki, region mərkəzlərində bu məsələlər kifayət qədər həllini tapıb. Amma regionlar təkcə mərkəzlərdən ibarət deyil. Bizim 14 iqtisadi rayonumuz var. Bu iqtisadi rayonlar ümumilikdə 70-dən çox rayonu əhatə edir. Elə rayonlarımız var ki, yüzə yaxın kənddən ibarətdir. Ucqar, yaxın kəndlər var. Əsas problem də kəndlərdədir.

Kəndlərdə iş yerlərinin olmaması bu gün özünü bariz surətdə büruzə verir. Hökumət hər iqtisadi rayonun özünün proqramını işləyib hazırlanmalıdır. Çalışmaq lazımdır ki, insanlar şəhərə axın etməsinlər. Elə rayonlar var bəzi kəndləri demək olar boşalıb. Bunu az-çox bütün iqtisadi rayonlarda müşahidə etmək olar. Abşeron-Xızı iqtisadi rayonunda vəziyyət fərqli ola bilər, amma situasiyanı təkcə bu iqtisadi rayona baxmaqla qiymətləndirmək düzgün deyil. Çünki bu, Bakıya yaxın iqtisadi rayondur. Mən onu elə Bakı hesab edirəm, arada elə böyük bir məsafə yoxdur.

Digər iqtisadi rayonlara nəzər yetirəndə vəziyyətin mürəkkəbliyi üzə çıxır. Əsas məsələlərdən biri iş yerlərinin olmamasıdır. İş yerlərinin olmamasının səbəbi də odur ki, biz həmişə daha çox iri şəhərlərə, xüsusilə Bakı və Sumqayıta diqqət yetirmişik. Məsələn, Sumqayıtda hazırda 12-13 min nəfərin çalışdığı iqtisadi sənaye parkları yaradılıb. İndi işğaldan azad olunmuş ərazilərdə də bu məsələyə diqqət yetirilir, yeni iş yerləri açılır. Daha çox kənd təsərüfatı üçün böyük əhəmiyyət kəsb edən işlər görülür. Əlbəttə, bu, önəmlidir. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa əlaqəli məsələdir. Amma bölgələrdə yeni iş yerlərinin açılmasına daha geniş miqyasda yanaşmağa ehtiyac var. Görülən işlər bizi arxayınlaşdırmamalıdır. Orada işlər daha da sürətlənməlidir. Xüsusilə kənd təsərüfatının emal müəssisələri kritik vəziyyətdədir. Kənd təsərrüfatı ilə məşğul olan rayonlarda emal müəssisələri yox dərəcəsindədir. Biz kənd təsərrüfatı məhsullarını əsasən xammal şəklində ixrac edirik. Ona görə emal müəssisələrinə diqqət artırılmalıdır. Hökumət bunun üçün proqram tərtib edib təsdiqləməlidir. Müəyyən investitsiya layihələri həyata keçirməlidir.

İkincisi, ümumiyyətlə struktur islahatı həyata keçirilməlidir. 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu səbəbdən gözləyirdik ki, konstitusiyada müəyyən dəyişiklər olacaq, yerli icra hakimiyyətləri ləğv ediləcək, Prezidentin azad edilmiş ərazilərdə və Naxçıvanda təyin etdiyi kimi digər regionlarda da xüsusi nümayəndəliklər fəaliyyət göstərəcək, onlara, həmçinin bələdiyyələrə daha geniş səlahiyyətlər veriləcək... Əslində yerli qurumlara beynəlxalq miqyasda iş aparmaq səlahiyyəti verilməlidir ki, onlar ayrı-ayrı xarici ölkələrin vilayətləri, şəhərləri, şirkətləri ilə müqavilələr bağlaya, bölgələrə investisiya cəlb edə bilsinlər.

Yerli icra hakimiyyətləri faktiki olaraq gözünü dövlət büdcəsinə dikib. Dövlət büdcəsində təsdiqlənən, yaxud sonradan Prezidentin sərəncamları ilə əlavə olaraq yenə dövlət hesabına ayrılan vəsait hesabına hərəkət edirlər. Faktiki yerli icra strukturları bölgələrə investisiya cəlbi ilə məşğul olmurlar.

Biz bölgələrin iqtisadi inkişafına iri vəsait xərcləsək də, yetərincə iş yerləri açılmasına nail ola bilməmişik. Ona görə proqramlar olmalıdır. Urbanizasiya proqramı olmalıdır ki, insanlar kənddən şəhərə axın etməsinlər. Bölgələrdə insanları işlə təmin etmək lazımdır ki, işləyib məvacib ala bilsinlər. Hətta fikir verin ki, dövlət başçısı insanların sosial vəziyyətini nəzərə alaraq işi olmayan şəxslərə dövlət büdcəsindən müəyyən qədər vəsaitin ayrılmasını da təmin edib.

Statistik rəqəmlərdə bölgələrdəki maaşlar 700 manata yaxın, yaxud daha çox göstərilir. Amma elə insanlar var aylıq 200-300 manatla, bəziləri yalnız dövlətdən aldığı müavinətlə dolanır. Bir sözlə, regionların inkişafı kifayət qədər aktual məsələdir. Düzdür, sosial sahəyə ayrılan vəsait ilbəil artır, dövlət büdcəsinin haradasa 40 faizi bu sahəyə yönəldilir. Amma bir daha deyirəm ki, bunların hamısından önəmlisi iş yerlərinin açılmasıdır. 14 iqtisadi rayonun hər biri üzrə konkret proqramlar işlənib hazırlanmalıdır, investisiya yatırımı olmalıdır”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, 54 saylı Mingəçevir seçki dairəsindən deputat Aydın Mirzəzadə Medianews.az-a açıqlamasında bildirib ki, paytaxtda maaşların daha yüksək olmasının əsas səbəbi sahibkarların nəqliyyat xərclərinə və digər xərclərə qənaət etmək üçün bir qayda olaraq yüksək gəlirli iş yerlərini, obyektlərini paytaxtda və ya paytaxt ətrafı ərazilərdə qurmasıdır: “Sahibkarlar yüksək gəlirli obyekt tikmək istədikdə bundan ötrü torpaq sahəsini ya Bakıda, ya da Bakıya yaxın ərazidə əldə etməyə çalışırlar. Bu bir reallıqdır. Vaxtaşırı biz Milli Məclisdə bu məsələləri qaldırırıq. Görünür, bu istiqamətdə daha fərqli bir yanaşmaya ehtiyac var. İqtisadiyyat Nazirliyi, nazirliyin müvafiq strukturları regionlarda iş yerlərinin yaradılması üçün çox iş görür. Amma fikrimcə, sahibkarların vergi yükündə regionlarla paytaxt arasında ciddi fərq tətbiq etmək lazımdır ki, sahibkar obyektini məhz paytaxtda deyil, uzaq regionda tikməyə maraq göstərsin. Çünki az vergi ödəsə, istehsal etdiyi məhsul ona daha ucuz başa gələcək. Bu, sahibkarları bölgələrdə iş qurmağa həvəsləndirəcək. Nəticədə isə qazanan tək sahibkar olmayacaq. Bölgələrdə iş yerləri, əməkhaqqı artacaq, iqtisadi həyat daha da canlanacaq. Məncə, bu məsələlər diqqətdə saxlanılsa, yəni bu praktika həyata keçirilsə yaxşı olardı.

Ola bilsin, müvafiq strukturların bu məsələdə öz yanaşması, arqumentləri var. Ancaq hesab edirəm ki, ən azı eksperiment kimi hansısa bölgədə güzəştli vergi sistemi tətbiq etmək, bəlkə də hansısa vergini ümumiyyətlə həmin bölgədə sahibkarların üzərindən götürmək olar. Məncə, bu, istər-istəməz kapitalın, investisiyanın bölgəyə axınına təkan verər”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.

 

Bizə qoşulun